Ağsuda müharibə veteranları bələdiyyə sədrindən şikayətçidir… – “Deyir ki, icra başçısının…”
Ağsu rayonu Bico kəndində yaşayan Qarabağ veteranları – İsazadə Əhməd Seymur oğlu, Balakərimov Yaqub Raqub oğlu, Eminzadə Anar Tahir oğlu, İsazadə Nicat İlham oğlu və Kərimli Ülvi Kərim oğlu Qaynarinfo-ya müraciət ünvanlayıb.
Veteranlar bildirir ki, kənddə yaşasalar da, əkin məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə edə bilmirlər.
Şikayətçilərin sözlərinə görə, ölkədə torpaq islahatları onların doğum tarixindən əvvəl aparıldığından, pay torpaqları yoxdur, imtiyaz baxımından torpaq istəkləri isə kənd bələdiyyəsi tərəfindən müsbət qiymətləndirilmir. Eyni məzmunlu müraciəti əvvəlcə dövlət başçısına ünvanlayan veteranlar problemin səbəbini belə izah edirlər:
“Bizim kəndin sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçinlik olduğu üçün, biz də yaşayışımızı bu istiqamətdə qurmaq istəyirik. Ölkədə torpaq islahatı doğum tariximizdən əvvəl aparıldığına görə, bizə pay torpağı düşməyib. Bu baxımdan, həm gənc kənd sakinləri, həm də ölkəmizin zəfər qazandığı müharibənin veteranları kimi bələdiyyə sədrinə müraciət edərək, taxıl əkmək üçün torpaq istəmişik. Ötən il bizə – həqiqi hərbi xidmət zamanı döyüşlərin ön xətlərində iştirak edən 5 nəfər müharibə veteranına – “Pir zəmi” adlanan ərazidən, mərhum bələdiyyə sədri tərəfindən, adambaşına təxminən 3 hektar olmaqla torpaq verildi. Bu il isə yeni bələdiyyə sədri həmin ərazidən istifadə etməyimizə maneə yaradır. Məlum olur ki, sədrin problem yaratması ümumilikdə 25 hektar olan həmin ərazini Vidadi Nuriyev adlı kənd sakininin adına sənədləşdirməklə, kənar bir şəxsə hərrac yolu ilə uzunillik müqavilə əsasında icarəyə vermək istəməsi ilə bağlıdır. Bələdiyyə sədri Südabə Mikayılova təzə olduğundan aldanıldığını, hazırda isə rayon İcra Hakimiyyəti başçısının qərarına uyğun addım atacağını bildirir. Biz də öz növbəmizdə, icra başçısının qəbuluna gedib, yaranmış problemi diqqətə çatdırmaq istəmişik, lakin bir neçə dəfə cəhd etsək də, süni maneələr nəticəsində qəbula düşə bilməmişik. Nəticədə, kənd sakinlərindən gizlin saxlanılmaqla, həmin ərazinin təklif sənədləri sədr Südabə Mikayılova və bu məsələdə xüsusi canfəşanlıq göstərən bələdiyyənin mühasibi Xəqani Göycəyev tərəfindən hərraca çıxarılması üçün aidiyyatı quruma göndərilib. Hazırda istəyimiz budur ki, ötən il əkdiyimiz torpağın gizli yollarla hərraca çıxarılması bələdiyyə tərəfindən imtina verilməklə dayandırılsın.
Sizdən xahişimiz budur ki, səsimizin Ali Baş Komandana, eləcə də Ağsu RİH-nin başçısına çatması üçün müraciətimizi dərc edəsiniz. Bizim istəyimiz, sadəcə, haqqımız olana qovuşmaqdır”.
Südabə Mikayılova isə Qaynarinfo-ya bildirib ki, həmin torpaq sahəsi o, bələdiyyə sədri olmazdan əvvəl hərraca çıxarılıb: “Onlar doğru danışmır. Deyilən 25 hektarlıq ərazi mən sədr olmazdan əvvəl hərraca çıxarılıb. Sadəcə ötən il onlar oranı əkiblər. Mən torpaq satan deyiləm”.
Qaynarinfo