“Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetində 9 ilə yaxın rektorun köməkçisi vəzifəsində çalışmışam. Təhsil Nazirliyinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri olan Yaşar Ömərov gəldikdən sonra bütün işçiləri, xüsusən də məni incitməyə başladı…”
DİA.AZ xəbər verir ki, bu sözləri Yenisabah.az-a şikayətçi Firuzə Qarayeva deyib.
Uzun illər Azərbaycan Texnologiya Universitetində rektor köməkçisi olaraq çalışan F.Qarayeva bildirib ki, yeni rektor Yaşar Ömərov vəzifəyə gəldikdən sonra ilk işi keçmiş rektorun kadrlarını qərəzli şəkildə işdən çıxarmaq olub:
“Yaşar Ömərov vəzifəyə gəldikdən sonra keçmiş rektorun ətrafında olan bütün işçilərə deyib ki, “ərizənizi yazıb çıxın”. Bunu xüsusilə mənə qarşı edib, masaya yumruq vuraraq işdən çıxmağımı tələb etdi. Bildirdi ki, işdən ərizənizi yazıb çıxmasanız başınıza oyun açacağam.
Mən də məcbur olub ərizəmi yazıb işdən çıxmışam. Özüm Birinci Qarabağ qazisi veteranının qızıyam, öhdəliyimdə 6 yaşlı uşaq var, məni bu vəziyyətdə işdən çıxmağa məcbur edib. Nə qədər işdə qalmağa çalışsam da, öz kadrlarını öyrədib göndərdi ki, gedin ona deyin, özü ərizə yazıb çıxmasa, başqa cür şərləyərək çıxaracağam. Məcburi şəkildə ərizə yazaraq işdən çıxmışam, hazırda işləmirəm. Səbəb isə keçmiş rektor Akif Süleymanovun ətrafında olan heç kəsin işdə qalmasını istəməməsi idi, öz komandasını yığmağa çalışırdı. Bu məsələdə ən çox hədə-qorxu isə mənə gəldi, çünki mən Akif müəllimin köməkçisi olmuşam. Dəfələrlə rektor köməkçisi olmasa da başqa vəzifəyə keçirməyini istəməyimə baxmayaraq, buna razı olmayıb, deyib ki, belə bir şey mümkün deyil və bu universitetdən getməlisən”.
Məsələ ilə əlaqədər Azərbaycan Texnologiya Universitetinə dəfələrlə zəng vurmağımıza baxmayaraq, suallarımız cavabsız qaldı. Universitetin mətbuat xidmətinə suallarımızı ünvanlasaq da, onlar dəstəyi asdı.