Dünya Manşet

“Əməkdar müəllim” adı müəllim olmayan şəxslərə verilib… – Burası AZƏRBAYCANDIR!

Təhsil eksperti Kamran Əsədov “Əməkdar müəllim” adının müəllim olmayan şəxslərə verildiyi ilə bağlı iddia səsləndirib.

Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib: “Bu gün 6 oktyabrdır və hələ də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi şagirdlərə dərslikləri verə bilməyib. Bəli, dərslikləri verə bilməyib, çünki onlara şagirdlər, onların gələcəyi maraqlı deyil. Onlara maraqlı olan dost, qohum, tanışlarına vəzifə vermək, hələ bu azmış kimi, ölkə prezidentini aldadıb öz yaxınlarına fəxri adların verilməsini həyata keçirirlər. 5 oktyabr Müəllimlər Günü ilə bağlı ölkə başçısının “Əməkdar müəllim” adını verdiyi şəxsləri araşdırmağa başladım. Məlum oldu ki, “Əməkdar müəllim” adını alanlar arasında müəllim olmayanlar da var. Misal üçün, Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev. Bəli, Fuad bəy olimpiada hərəkatında yaxından iştirak edən, çalışan şəxsdir. Ola bilər ki, yaxşı insan, yaxşı oğlandır amma müəllim deyil.

Cənablar, “Əməkdar müəllim” fəxri adı təhsil sahəsində xüsusi xidmətlərinə görə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə və tərbiyəçilərinə, ümumi təhsil, peşə təhsili və orta ixtisas təhsili müəssisələrinin müəllimlərinə və tərbiyəçilərinə bu sahədə azı iyirmi il işlədikdə verilir.

Bir də deyirəm, 20 il pedaqoji staj olmalıdır. Soruşuram ki, Fuad Qarayevin 20 il pedaqoji stajı harada olub? Çağ Öyrətimdə işləyəndə? MİQ imtahanından keçib müəllim olub? Əgər siz Fuad Qarayevi təltif etmək istəyirsinizsə, ona dövlət qulluğunda səmərəli fəaliyyətinə görə ad, medal verin. Müəllim olmayana, 20 il dövlət təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmayanlara “Əməkdar müəllim” adını vermək, müəllimlərə açıq şəkildə hörmətsizlikdir.

Müəllim olmayanları təhsil sistemində vəzifəyə gətirdiyiniz bəs deyilmiş kimi, indi onlara fəxri adları da paylayırsınız. Əgər yaxşı oğlan, yaxşı dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fəxri “Əməkdar müəllim” adını vermək olarsa, ilk Elm və Təhsil Nazirinin müavini Muxtar Məmmədova vermək lazımdır. O hamıdan əvvəl təhsil sistemində çalışır”.

İddia ilə bağlı Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Elm və Təhsil Nazirliyi İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov News24.az-a açıqlamasında bildirdi ki, Fuad Qarayevə “əməkdar müəllim” adı təhsil sahəsindəki xidmətlərinə görə verilib:” Fuad Qarayev ölkə daxili və beynəlxalq olimpiyada qaliblərinin yetişdirilməsində xidmət göstərib. Bundan əlavə o, uzun illər riyaziyyat müəllimi olaraq pedoqoji fəaliyyətlə məşğul olub. Ona verilən fəxri ad da xüsusi xidmətlərinə görə verilib”. //aztoday.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir