Cəmiyyət Manşet

Azərbaycanın 15 ildir imtina edə bilmədiyi sistem: – Müəllim və valideynləri üz-üzə qoyur…

 

Şagirdlərin təhsildə əldə etdikləri nəaliyyətlərin qiymətləndirilməsi tədris prosesinin əsas hissəsini təşkil edir.

Şagirdlərin qiymətləndirilməsi həm müəllim, həm valideyn, həm də şagirdlərin özü üçün əhəmiyyətlidir. Hazırda Azərbaycan ümumtəhsil məktəblərində Nazirlər Kabinetinin 03 iyun 2010-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsilin dövlət standartları və proqramları (kurikulumları)” və 13 yanvar 2009-cu il tarixli, 09 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” əsasında fənn kurikulumları tətbiq olunan siniflərdə məktəbdaxili qiymətləndirmə aparılır. Məktəbdaxili qiymətləndirmə diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (fəaliyyətin qiymətləndirilməsi), summativ (kiçik, böyük və yekun) qiymətləndirmələrdən ibarətdir. Lakin işləri onsuz da çətin olan müəllimlər tətbiq edilən qiymətləndirmədən narazı idilər. Onlar hesab edirlər ki, qiymətləndirmə çox vaxt aparır. Summativ qiymətləndirmədən başqa, formativ qiymətləndirmənin nəticəsi isə sözlə qeyd olunur ki, bu da özlüyündə vaxt aparan prosesdir. Buna rəğmən, valideynlər müəllimlərin qeydi ilə və yazılan qiymətlə övladlarının təhsildəki bacarıqlarını müəyyən edə, onlara hansı fəndə daha çox kömək lazım olduğunu bilirdilər. Bir neçə gündür sosial şəbəkədə valideynlər müllimlərin “Məktəbli kitabçası”na heç nə yazmadıqlarını qeyd edirlər. Valideynlər bilidirirlər ki, müəllimlər artıq qiymətləndirmənin nəticəsinin müəllim və valideyn arasında körpü rolunu oynayan gündəliyə yazılmayacağını deyiblər. Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov da feysbukda yazılanlara münasibət bildirərək qaydaların tətbiqi ilə bağlı yayılan məlumatları təsdiqləyib. Bəs valideyn övladının təhildəki bacarığının qiymətləndirilməsindən necə məlumat alsın? Onun gündəlik dərsə hazırlıq səviyyəsini hansı vasitə ilə öyrənsin?

DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya danışan təhsil eksperti Elşən Qafaraov deyib ki, övladının gündəlik təhsil naliyyətləri ilə tanış olmaq valideynin hüququdur: “Ölkədə “Təhsil haqqında” Qanun 2009-cu il iyunun 9-da qəbul edilib. Qiymətləndirmə konsepsiyası 2009-cu ilin martında, yəni bu qanundan öncə qəbul edilib.

Ümumtəhsil dövlət standartlarında qiymətlənməylə bağlı maddə də 2020-ci ildə qəbul edilib. Qiymətləndirmə konsepsiyası 13 il bundan öncə təsdiqlənsə də, məktəbdaxili qiynmətləndirmədə 4-5 dəfə ciddi dəyişiklik edilib.

Qiymətləndirmə konsepsiyası bugünkü reallığı əks etdirmir. İstənilən valideynin hüququdur ki, övladının gündəlik təhsil naliyyətləri ilə tanış olsun. İndiki qiymətləndirmə konsepsiyası formativ, summativ qiymətləndirmə meyarlar üzrə aparılır. Yəni anlayır, qavrayır və s. qeyd edilir. Bu qiymətləndirmə sistemi artıq 15-ci ildir tətbiq olunur. Bu 15 ildə ölkədə fəaliyyət göstərən 152 min müəllimin hamısı hələ də bunu qavramayıb. Valideynlər bunu necə qavrasınlar?! Gündəliyə yazdın ki, uşaq anlayır, qismən anlayır və ya əksinə. İki aydan sonra summativ keçiləndə uşaq 2 və ya 3 qiymət alır. Nəticə etibarı ilə valideyn müəllimə, məktəbə qarşı aqressivləşir”.

Ekspert bildirib ki, formativ qiymətləndirməni müəllimlərin çoxu apara bilmir: “Dəfələrlə təklif etmişik, əgər dünyanın inkişaf etmiş ölkələrinin təhsil sisteminə yaxınlaşmaq istəyiriksə, ilk növbədə sistemləşmiş bilik, bacarıq, vərdişlərin mənimsənməsi və nəticəsinin qiymətləndirmə ilə ölçülməsini dəyişməliyik. Bizdə ölçü meyarları elə qoyulub ki, valideyn də bunu anlamır, heç müəllim də bunu həyata keçirə bilmir. Yeni qiymətləndirmə sistemi təsdiq olunmalıdır. İndiki qiymətləndirmə modeli yamaq olunsa da, bu yamaqla nə müəllimi, nə valideyni qiymətləndirmə sisteminə uyğunlaşdıra bilmişik. Əslində, indi tələb olunan qaydalara uyğundur. Yəni formativ qiymətləndirmədə qiymətləndirmə meyarlarla aparılmalıdır. Amma valideynlər başa düşmədikləri üçün narazıdırlar. Narazılıqlarının kökündə qiymətləndirmənin Azərbaycan cəmiyyətinə uyğun olmaması dayanır”.

Elşən Qafarov deyib ki, bir çox ölkələr bu qiymətləndirmə meyarından imtina ediblər: “Təhsili idarə edən şəxslər bunu çox yaxşı bilirlər. Valideynlər və müəllimlər buna hazır deyillər və ya bunu mənimsəyə bilmədilər. Daha əlçatan, daha obyektiv qiymətləndirmə modelləri tətbiq etmək olardı. Yaponiya, Almaniya, Avropa ölkələrində qiymətləndirmə rəqəm və bal sistemi ilədir. Bu qiymətləndirmə hərflərlə də mümkündür. Amma formativ qiymətləndirmənin sözlə tətbiq olunması təxminən 80-ci illərdə olub, özünü doğrultmayan modeldir. Bunu tətbiq edən ölkələr qısa müddətdə başa düşdülər ki, bu, uğurlu meyar deyil və ondan imtina elədilər.

Azərbaycan isə 15 ildir ki, bundan imtina etmək istəmir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir