Cəmiyyət

Xaçmazda vətənpərvərlik haqqında şeir müsabiqəsi keçirilib

Zirveyolu.info xəbər verir ki, “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 26 oktyabr 2022-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhər 1 nömrəli tam orta məktəbdə 8-12 yaşlı məktəblilər arasında “Vətənim Azərbaycandır!” layihəsi çərçivəsində şeir müsabiqəsi keçirilib.

Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyinin, suverenliyinin, konstitusiya quruluşunun, ərazi bütövlüyünün qorunması, tarixi torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatlarında rəşadət və qəhrəmanlıq göstərərək canından keçmiş bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Müsabiqəni giriş sözü ilə Xaçmaz rayonu, Xudat şəhər 1 nömrəli tam orta məktəbin direktoru Ayaz Mirzəyev açıb. Vətənin müqəddəsliyindən, vətənpərvəliyin ailələrdə, məktəblərdə təbliğinin vacibliyindən bəhs edib. Vətən müharibəsində şücaət göstərən gənclərin ömür yolunun gələcək nəsillərə örnək olduğunu bildirib.

Tədbirdə çıxış edən “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski çıxış edərək bildirdi ki, hər bir xalqın sahib olduğu ən dəyərli miras onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəslə ötürməlidir. Çünki bu mənəvi xəzinə milli şüurun, milli ruhun, tarixin yaddaşıdır. Həmçinin o, vətənpərvərlik hisslərinin yeniyetmə və gənclərə aşılanmasının vacibliyindən bəhs etdi

Növbəti çıxış üçün söz İctimai Birliyin idarə heyətinin üzvü Cəlil Məmmədova verildi. C.Məmmədov vətənə məhəbbətdən, vətən sevgisindən danışdı. Bu hisslərin kiçik yaşlarından uşaqlarda formalaşdırılmasından, inkişaf etdirilməsi məsələlərinə toxundu.

Daha sonra “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədr müavini Qorxmaz Paşayev ümumi layihə haqqında məlumat verdi. Təşkilatın bu günə qədər gördüyü işlərdən danışdı.

Daha sonra “YOL” yol hərəkəti iştirakçılarının maarifləndirilməsi və təhlükəsizliyi İctimai Birliyinin sədri Rüfət Axundov və başqaları çıxış edərək, belə müsabiqələrin məktəblilərin bacarıqlarının üzə çıxarılmasında, bədii estetik zövqünün formalaşmasında və vətənpərvər ruhda yetişməsindəki rolundan danışıblar və iştirakçılara uğurlar arzulayıblar.

34 nəfərə yaxın məktəblinin iştirak etdiyi tədbirdə 1 nömrəli məktəbin şagirdi Əliyev Zakir 1-ci yerə, 2 nömrəli məktəbin şagirdi Tağıyev Ayxan 2-ci yerə, 1 nömrəli məktəbin şagirdi Nağıyeva Liana 3-cü yerə layiq görülüb. Qaliblər diplomlarla və hədiyyələrlə mükafatlandırılıb. 4 nəfərə həvəsləndirici hədiyyələr və sertifikatlar təqdim olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir