Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Optika-Mexanika İstehsalat Birliyi” MMC və “Alov” zavodu məhkəməyə verilib.
Zirveyolu.info Qaynarinfo-ya istinadla xəbər verir ki, iddiaçı “Muğanbank” ASC-dir. İş Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. Oktyabrın 30-da məhkəmə hazırlıq iclası keçiriləcək. İşin mahiyyəti kredit müqaviləsi üzrə mübahisələrdir.
“Optika-Mexanika İstehsalat Birliyi” MMC 2006-cı ildən dövlət qeydiyyatına alınıb, “Alov” zavodu isə 1995-ci ildən fəaliyyətdədir.
“Alov” zavodu 1975-ci ildə SSRİ müdafiə sənayesi nazirinin əmrinə əsasən, Azov Optika-mexaniki Zavodunun filialı kimi yaradılıb və 1978-ci ildən fəaliyyətə başlayıb. Həmin vaxt zavodun adı “İskra” olub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 1993-cü ildən zavod Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirib. 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilib. 2008-ci ildən isə “Alov” zavodu adı altında fəaliyyət göstərir.
“Muğanbank” ASC-yə gəlincə, 1992-ci ildən fəaliyyət göstərir. Bankın qanuni təmsilçisi Abbasov Elnur Mir Rəhim oğludur.
“Muğanbank” ASC-nin səhmdarları isə aşağıdakı şəxslərdir:
Mehtiyev Elmir Maqbet oğlu – 67,74 %
Mehtiyev Maqbet Rəhim oğlu- 11,58 %
Vəliyeva Vəfa Əhməd qızı – 10,65 %
Mehtiyeva Fəridə Cahandar qızı -10.03 %
Elmir Mehtiyev keçmiş deputat, “Odlar yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin kürəkənidir. Vəfa Mehtiyeva keçmiş deputatın qızı, Maqbet Mehtiyev və Fəridə Mehtiyeva isə onun qudalarıdır. Bu baxımdan, “Muğanbak” ASC Əhməd Vəliyevin bankı hesab edilir.