Cəmiyyət Manşet

Küdürlü sakinləri: “Buradan gedən, geri qayıtmır” – NARAZILIQ VAR!

Kənd sakinlərinin sözlərinə görə, uzun illərdir ki, problemlərini müxtəlif qurumlara çatdırsalar da, kənddə heç bir iş görülməyib

“Kəndimiz rayon mərkəzindən cəmi 12 kilometr aralıda yerləşir. Mərkəzə gedirik, tamamilə başqa həyata düşürük, kəndə qayıdırıq, ürəyimiz sıxılır”.

Şəkinin Küdürlü kəndinin sakinləri Meydan TV-yə sosial problemlərindən danışıblar. Kənd sakini Rəsmiyyə Axundova deyir, kənddəki çarəsi düyünə düşmüş problemlərin üzündən gənc nəsil duruş gətirə bilmir. Necə deyərlər, kənddən gedənin ayağı buralardan həmişəlik kəsilir.

“Biz birtəhər dözə-dözə gəlib bu yerə çıxmışıq, cavanlarda dözüm qalmayıb. Necə dözsünlər axı? Gedirlər rayon mərkəzinə, məmur balalarının yaşayışını, güzəranını görürlər, gəlib girirlər palçıqlı yola, qaz yox, su yox, o yox, bu yox… Ruh düşkünlüyünə qapılırlar. Bir də eşidirsən ki, filankəsin uşağı baş götürüb getdi Bakıya…”

Sakinlər deyir, Küdürlünün yolları o qədər bərbaddır ki, yağış yağanda kəndə gediş-gəliş kəsilir. Yol maşını, təcili yardım kəndə girmir:

“Biri yatağa düşsə, çətinliyimiz yaranır. Yağışlı, qarlı havalarda vəziyyət lap dözülməz olur. Bir də görürsən şaxtalı havada hamı elektrik qızdırıcıları qoşur, kabellərdə qısaqapanma baş verir, kənddəki evlər tez-tez işıqsız qalır. Qısaqapanma bəzən yanğına da səbəb olur, yanğınsöndürənlər özünü çatdıra bilmir”.

20 ildən çoxdur ki, kənd iki yerə bölünüb. Daha doğrusu, ortadakı körpü dağılıb və kənd necə deyərlər, o taylı – bu taylı olub. O tərəf bu tərəfə, bu tərəf o tərəfə keçmək üçün başqa yollardan keçməli, əlavə yol qət etməli və vaxt itirməli olurlar. Sakinlərin deməsinə görə, müxtəlif qurumlara müraciət etsələr də, körpü düzəldilməyib.

Kənddə mavi yanacaq da yoxdur. Kəndlilər evlərini isitmək üçün odun almağa məcburdur.

Rəsmiyyə Axundova sözünə davam edir:

“Biz hesab edirik ki, kəndlərin yanacaqsız qalmasının əsas səbəbi kiminsə odun biznesinə görədir. Qaz verilsə, oduna ehtiyac qalmayacaq. Kiminsə odunu satılmayacaq, pul qazanmayacaq. Yəni kimsə pul qazansın deyə, əhalinin “belini qırırlar”. 21-ci əsrdir, mən niyə evimdə odun işlətməliyəm, hökumətimiz el-aləmə qaz satır, bağışlayır, mənim balamın əl-ayağı niyə soyuqdan donmalıdır?”

Əslində qaz kəməri kəndə qədər gətirilib, ancaq hələ də qaz verilməyib və xətlər ünvanlara çəkilməyib. Sakinlər deyir, 9 ildir ki, gözləmədə qalıblar.

Küdürlü sakinləri: “Buradan gedən, geri qayıtmır”

Küdürlüdə su qıtlığı da var. Kəndə su rezin şlanqla hardansa çəkilib gətirilib. Hər gün bu rezin şlanqın ətrafında suya görə növbə olur. Ya da su dalınca qonşu kəndlərə getmək lazım gəlir. Kimisi köhnə maşınıyla, kimisi də at-eşşəklə qonşu kənddən su daşıyır:

“Pul ayrıldı, quyu qazıldı, ancaq quyunu elə nöqtədə qazdılar ki, su çıxmadı. Sakinlər dedi ki, daha bir neçə nöqtəni qazın, qazmadılar”.

Küdürlüdəki məktəb 9 illikdir. 9-cu sinifi bitirənlər 10-11-ci siniflərdə davam etmək üçün başqa kəndlərə, ya da rayon mərkəzinə getməlidilər. Ancaq yolsuzluq, şəraitsizlik, ictimai nəqliyyatın olmaması üzündən çoxunda təhsilini davam etdirməyə həvəs qalmır.

Sakinlər kənddəki problemlərin həlli üçün uzun illərdir ki, aidiyyəti qurumlara müraciət etdiklərini, ancaq əvəzində vəziyyətin ilbəil daha da ağırlaşdığını bildirirlər.

Şəki Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, kəndlərdəki sosial və kommunikasiya problemlərinin mərhələli şəkildə həlli üçün aidiyyəti üzrə qurumlara müraciətlər edilir. Kürdülü kəndindəki problemlərin də aradan qaldırılması istiqamətində işlər görülür. Kənddəki körpü məsələsinə gəlincə, qurumdan bildirilib ki, dağılandan sonra elə həmin ərazidə dəmir konstruksiyalı başqa körpü tikilib və əhalinin istifadəsindədir. Ancaq kənd sakinləri bildirir ki, həmin körpü çox ensizdir, tez-tez eyni vaxtda həm avtomobillər, həm məktəblilər, həm də mal-qara keçəndə tıxac yaranır.

Meydan TV

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir