Cəmiyyət Manşet

“Yenə də imtina gəlir…” – GİLEY

“Ailəmizdə heç kim işləmir. İş olanda torpaq sahələrində fəhləlik edib 5-10 manat pul qazanıram. 3 az yaşlı övladım var. Ünvanlı sosial yardım ala bilmək üçün aidiyyatı quruma 3-4 dəfə müraciət etmişik. Hamısında da imtina cavabı almışıq. İmtinaya səbəbin nə olduğu isə bizə qaranlıqdır”.

Zirveyolu.info xəbər verir ki, bunu Toplum TV-nin qaynar xəttinə Goranboy rayonu Baxçakürd kənd sakini İsrafil Xuduyev deyib.

Şikayətçi bildirir ki, oktyabrda böyük ümidlə bir daha həyat yoldaşı Ayşən Xuduyevanın adından ünvanlı sosial yardım almaq üçün aidiyyatı quruma müraciət ediblər və cavab gözləyirlər.

"Yenə də imtina gəlir..."

“Ata anamdan qalma köhnə bir evim var. Ailəmlə orada yaşayırıq. Üç azyaşlı övladım var. Uşaqlarıma çörək almağa pul tapmıram. Nə mal qaramız var, nədə ki, təsərrüfatımız. Hər dəfə müraciətimizdən sonra evimizə, yaşayış şəraitimizə baxmaq üçün yoxlama gəlib. Hər dəfə də imtina verilib. Bizə qarşı haqsızlıq edilir. Anam və atam rəhmətə getdiyi üçün onlardan qalan torpaq sahəsi və pay torpaq ortada qalmışdı. Düşündüm ki,
bəlkə imtinaya səbəb bu olur. Buna görə də həmin torpağı öz adıma çevirdim. O torpaqdan da bir gəlirimiz yoxdur. Ünvanlı sosial yardım üçün müraciətimdə də bunları qeyd etmişəm. Yenə də imtina gəlir. İndi oktyabr ayında etdiyimiz müraciətin cavabını gözləyirik. Ümid edirik ki, bu dəfə bizə qarşı haqsızlıq olamayacaq”.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sorğumuza cavab olaraq bildirdi ki, ailə əmlakı barədə məlumatı düzgün qeyd etmir, buna görə də imtina cavabı verilir:

“Goranboy rayon sakini Xuduyeva Ayşən Rəsul qızının ünvanlı sosial yardımla bağlı 04.10.2022-ci il tarixli müraciətinə əsasən ailənin yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsi həyata keçirilib. Müayinə zamanı ailənin əmlakı barədə məlumatın ərizədə düzgün qeyd edilmədiyi müəyyən edilib və bu səbəbdən vətəndaşın müraciətinə imtina cavabı verilib. Bu barədə Aysən Xuduyevanın ərizə-bəyannamədə qeyd olunan əks-əlaqə vasitəsinə məlumat göndərilib”.

Şikayətçi isə iddia edir ki, bütün mülkü barədə ərizədə düzgün məlumat verib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir