Dünən ölkə mediasında bir hay-küylü xəbər oxudum: Ağcabədi Rayon İcra Hakimiyyətində yoxlama başlayıb… Maliyyə Nazirliyinin əməkdaşları hazırda icra hakimiyyətinin 2006-2019-cu il maliyyə dövrünü təftiş edirlər…
Həmin dövrdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov olub…
Sözün düzü, bu haylı-küylü xəbəri oxuyanda acı təəssüf hissi keçirdim. Bir söz var ee…deyirlər “İş işdən keçəndən sonra tuman bağını bərkidir..”
Yaxşı, üstündən 10-15 il keçəndən sonra icra başçısının fəaliyyətini yoxlamaq görəsən, Maliyyə Nazirliyinin ağlına haradan gəlib..?
Görəsən, Allah qoymasa, Hesablama Palatası nə vaxt Ağcabədi Rayon İcra Hakimiyyətinin fəaliyyətini yoxlayacaq..?
Yəqin ki, Hesablama Palatası da bir 10 ildən sonra bu barədə düşünəcək. Həqiqətən də mən anlamağa çətinlik çəkirəm ki, dövlət bu icra hakimiyyətinə bu illər ərzində 100 milyonlarla maliyyə vəsaiti ayırıb, ancaq bir dəfə də olsun yoxlama olmayıb. Mən gözəl bilirəm ki, Maliyyə Nazirliyi hansı quruma pul ayırırsa, əvvəlcədən o məbləğin müəyyən faizi “otkat” kimi geri qaytarılır.
Təsəvvür edirsiniz, bu nə deməkdir..? Bir dövlət qurumu o biri dövlət qurumundan rüşvət alır. Vallahi, görəcəkli günlərimiz var imiş. Yaxşı, sabiq icra başçısı Şahin Məmmədovun Samuxda, sonra Ağcabədidə, daha sonra Masallıda icra başçısı işlədiyi dövrdəki fəaliyyətini nə vaxt yoxlayacaqsınız, cənablar..? Bəlkə, 2050-ci ildə..?
Bütün bunlar onu göstərir ki, yoxlamaların idarə edilməsində bir sistemsizlik, pərakəndəlik var, yəni vahid yanaşma yoxdur. Kimsə gecə yatıb yuxuda nə görürsə, sabah yoxlamaya, təftişə başlayır. Nə isə, ruslar demişkən, heç vaxt olmamaqdan, gec olmaq yaxşıdır. Gec də olsa, Maliyyə Nazirliyi cənab sabiq icra başçısının 14 illik fəaliyyətini yoxlamaq qərarına gəlib. Necə, nə cür yoxlayacaqlar bilmirik. Amma… Əmması odur ki, əgər Maliyyə Nazirliyi həqiqətən də obyektiv, dürüst yoxlama apararsa, Şahin Məmmədovun həbsi qaçılmaz olacaq. Buna yüz faiz əminik.
Görəsən, Maliyyə Nazirliyinin məsul şəxsləri Şahin Məmmədovdan soruşa biləcəkmi ki, dövlətin imkansız ailələrə verdiyi sosial müavinət kartları sənin cibində nə gəzirdi..?
Görəsən, “finansist” cənablar, Şahin Məmmədovdan Ağcabədidə artezian quyularının qazlılmasına və su kəmələrinin inşasına ayrılan pulları mənimsəməsini ortaya qoya biləcəkmi..? Şahin Məmmədovdan soruşan olacaqmı ki, yerin altında olan 18 kilometr uzunluğunda alternativ çuqun boruları doğrayıb 1 milyon dollara satmısan, hanı o pullar..?
Şahin Məmmədovun şəhid əsgərimizin atasını döyməsini, sahibkar xanım pul vermədiyi üçün ona kəllə atmasını qoyaq bir kənara… Şahin Məmmədovdan Harami düzündəki torpaqlara görə, söylədiyi 4 diplomat pulu soruşan olacaqmı..?
Şahin Məmmədovdan soruşan olacaqmı, ölkədəki yüzlərlə obyekti, torpaq sahələrini, fermaları, Bakıda mənzilləri, Ağcabədi şəhərində böyük mağazaları, maşın yuma sexini, böyük mebel mağazasını, iri maşınların təmiri sexlərini, avtomobillərin ehtiyat hissəslərinin satış mağazasını, Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin həyətindəki “lepka” sexini, Alman qəsəbəsinin yerində beton zavodunu və aqlay sexini, Qarqar çayının yatağında daş, qum və çınqıl sexlərini və daha nələri hansı pulla alımısan..?
Biz hələ Şahin Məmmədovun Gürcüstandakı 1 milyon dəyərindəki villasını demirik. Həə, bax indi gəldik mətləb üstünə. Bəli, yuxarıda qeyd etdiyimiz kimi bu yoxlamalar illər öncə olmalı idi. Amma bu gün də gec deyil.
Bir şərtlə… Belə ki, Şahin Məmmədovun Samuxda, Ağcabədidə, Masallıda xalqdan və dövlətdən oğurladığı pullar, yüz milyonlar dövlətə qaytarılsa, buna yoxlama demək olar. Yoxsa, “xala xətrin qalmasın” yoxlama adı ilə “quş qoymaq”ın nə millətə, nə də dövlətə faydası yoxdur. Bir daha təkrar edirik ki, məmurlarda cəmləşmiş və dövlətimizin büdcəsi ilə bərabər olan pullar böyük təhlükə mənbəyidir. Şahin Məmmədov kimilər həbs olunmasa, həmin pullar müsadirə olunmasa, o boyda kapital xarici banklara, ofşor zonalara yol tapacaq.
Hətta bəzi məmurlar öz övladlarına xarici vətəndaşlıq alırlar ki, oğurladıqları pulları “əcnəbi övladlar”ının adına keçirsinlər və müsadirə olunmaqdan sığortalansınlar.
P.S. Bir zamanlar “Çibuş Şahin” adı ilə tanıdığımız birisi bazarda yanıbalalı inəyə meylli olduğu üçün onu alaraq, gətirib bəsləməyə başlayıb. Görəsən, Şahin Məmmədov “Çibuş Şahin”i tanıyırdı? //gundelik-baku.com//