Cəmiyyət Manşet

Daha bir əlilin HAQQI YEYİLİR… – GİLEY

Rəqsanə Cənnətova bildirir ki, övladı Cənnətov Asif Cənnət oğlunun 18 yaşı tamam olan kimi əlillik pensiyası kəsilib. Yenidən təyinat almaq üçün onlayn müraciət əsasında Asif Cənnətov Agentlikdə müayinəyə dəvət olunub. Lakin doktor İradə xanım anadangəlmə Parkinson xəstəliyindən, eləcə də nitq qüsurundan əziyyət çəkən Asif Cənnətovun əlilliyini qəsdən tanımaq istəmir. Sərbəst gəzib – dolaşa bilməyən Asif valideynlərinin müşayiəti ilə dəfələrlə İradə həkimin yanında olub. Hər dəfə də İradə xanım fərqli sözlər deyərək, onları get-gələ salıb. Hər dəfə bir başqa sənəd tələb edib, deyib ki, əvvəllər bu cür xəstələrə əlillik dərəcəsi düşürdü, indi qaydalar dəyişib, daha düşmür. Cənnətovlar həmin təsdiq sənədini (o sıradan axırıncısını Mirqasımov ad. 1 saylı Respublika Xəstəxanasından) gətirib təhvil verəndən sonra yeni bir “əmma” çıxarıb: Valideynlərə deyib ki, getsinlər evə, xəstə övladlarının qıcolması tutanda videoya çəkib gətirsinlər. Ən nəhayət, İradə həkim etiraf edib ki, “yuxarıdan” (bizim misalda Səhiyyə Naziri Teymur Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, DTSER Agentlyinin sədri Anar Bayramov) imperativ göstəriş var, heç kəsə humanist münasibət göstərilməsin, əks halda o, işini itirə bilər, evinə apardığı məvacibindən, çörək pulundan məhrum olar. Əlilliyin təyin olunması üçün mütləq gərək “yuxarı”dan göstəriş verilsin.

Elə isə sual olunur: Bəs o İradə xanımın “quru maaş” dediyi çörək pulu gerçək əlili pensiyadan məhrum edirsə, haram deyilmi? Və bu haramxorluq İradənin başına örtdüyü hicabla, qıldığı namazla, etdiyi ibadətlə necə uzlaşır?

Yeri gəlmişkən, Asifin atası Cənnət Cənnətov hicab məsələsinin (təkcə boyunu-buxağı kişilərin nəzərindən gizlətməklə deyil) mənəviyyatla, vicdanla, Allah xofu ilə bağlı olduğunu İradə xanıma xatırladıb, necə deyərlər, “daşları belə əridəcək” ürəkürpədici sözlər deyib. Amma bunlar dəmir ürəkli İradə xanıma kar etməyib. Cənnət Cənnətovun jurnalist olduğunu, ƏƏSMN-nin mətbuat xidmətinin rəhbəri Fazil Talıbovla danışmasını bilməsi, Talıbovun da məsələyə konstruktiv müdaxilə etməsi və Asif Cənnətovun yüksək ranqlı həkim-ekspertlərin iştirakı ilə ədalətli müayinəsinin təşkili ilə bağlı İradə həkimə tövsiyə verilməsinə nail olması nevropatoloqun qəlbində humanizm toxumu cücərtəmək əvəzinə, onun cəlladlıq həvəsini daha da stimullaşdırıb. İradə xanım düşünüb ki, əgər adi vətəndaşlardan fərqli olaraq ictimai rəyə təsir etmək üçün daha çox imkana malik jurnalistin gerçək əlil olan övladına imtina cavabı versə, özünün də adı tez dillərə düşər, nazirin və Agentlik rəhbərinin diqqətini çəkər. Onlar da bilərlər ki, “imtina planı”nı canla-başla, artıqlaması ilə yerinə yetirən, hətta bu işdə “ayı xidməti” göstərib az qala cərrahları belə geridə qoymağa cidd-cəhdlə çalışan İradə adlı nevropatoloq var. Burada sovetlər dönəmində dəbdə olan bir zərb-məsəl yada düşür: “Moskvada “dırnaq kəsin” deyəndə Bakıda barmaq kəsirlər”. İstisna deyil ki, “yuxarı”dan həkim-ekspertlərə dırnaq kəsmək planı qoyulub, İradə kimilər də planı doldurmaq üçün müraciət edən əlillərin barmağını, əlini, qolunu belə kəsməyə hazırdırlar, təki rəhbərlik onların yaxşı halda humanist olmalarından, pis halda isə rüşvətxor olmalarından şübhələnməsin. Nə eləyirsən elə, əmək qabiliyyətini itirmiş, dövlətin dəstəyinə ehtiyacı olan əlili bölgələrlə paytaxt arasında get-gələ, əziyyətə sal, taksilərə pul xərclətdir, məxsusi olaraq işbirliyində olduğun, faiz aldığın özəl tibb müəssisələrinə müayinəyə, analizə göndər, təki əlillik statusu və pensiya almasına imkan vermə! Belə sosial siyasətmi olar? Bəs möhtərəm Prezidentimiz İlham Əliyevin “Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur” sözləri necə olsun, ay Sahil Babayev, Teymur Musayev, Anar Bayramov cənabları?

Mövzuya qayıdacağıq.

“Həqiqət carçısı”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir