BU NƏDİ BELƏ: “Şərq Bazarı”nı əvvəl tikib, sonra icazə alıblar – Burası AZƏRBAYCANDIR!
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 15 və 37A ünvanlarında yerləşən “Şərq Bazarı” kompleksinin yenidənqurulması ilə bağlı layihəyə icazə verib.
Zirveyolu.info Yeniavaz.com-a istinadla xəbər verir ki, Komitədən açıqlanan məlumatda “Tİ-03/22” nömrəli icazənin 31.08.2022-ci il tarixində, Tikintilərin Dövlət Reyestri tərəfindən verilmiş “00700003-3-2501-005510/1122” kodun isə 03.11.2022-ci il tarixində verildiyi bildirilir.
Bunlardan başqa şəhərsalma sənədlərinə uyğunluq barədə “02/270” nömrəli rəyin 22.01.2022-ci il tarixində verildiyi qeyd olunub.
Qeyd edək ki, “Şərq Bazarı” kompleksinin yenidənqurulması ilə bağlı işlərə rəsmi icazənin verilməsindən əvvəl başlanılıb. Bu barədə mətbuatda məlumatlar da yayılıb. Dövlət televizyası (AzTV) ötən ilin aprel ayında “Şərq Bazarı”nda aparılan yenidənqurma işlərilə bağlı reportaj hazırlayıb. Kompleksin rəsmi açılışı isə bu il iyun ayının 6-da baş tutub.
Məlumat üçün bildirək ki, “Şərq Bazarı” kompleksinin yenidənqurulması ilə bağlı işlər “PMD Group” MMC tərəfindən həyata keçirilib.