Hazırda Böyükdüz əsirxanasında həbsdə yatan Naxçıvanın sabiq Daxili İşlər naziri Əhməd Əhmədov işinə yenidən baxılması üçün apellyasiya şikayəti verib.
Zirveyolu.info bildirir ki, Ovqat.com-un əldə etdiyi məlumata görə, sabiq nazirin nə dərəcədə doğru mühakimə edilib-edilməməsi barədə son sözü Bakı Apellyasiya Məhkəməsi deyəcək.
Qeyd edək ki, Əhməd Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad olunmuş və üzərindən 4 il keçəndən sonra o, müvəqqəti məskunlaşdığı Bakı şəhərindən Naxçıvana çağırılaraq 11 il müddətinə həbs edilmişdi. Sabiq nazir külli miqdarda dövlət əmlakını mənimsəməkdə günahlandırılmışdı.
Ovqat.com-un özəl mənbələrdən əldə etdiyi məlimatlara görə, Əhməd Əhmədovun “xan” nəzdindəki “əsl günahı” isə xanzadə Rza Talıbov həzrətləri ilə mülk üstünə mübahisələri olub. İddia edilir ki, Əhməd Əhmədov Çar Rusiyasından Naxçıvan “xan”ına miras qalan Təhkimçilik hüququndan xilas olmaq və Bakıda hansısa vəzifəyə gəlmək azadlığı qazanmaq üçün qohumlarına və özünə aid mülkləri sataraq Cahan Holdinqin prezidenti Vüqar Abbasov vasitəsilə “xanzadə” Rza Talıbova ümumi dəyəri 12 milyon dollardan artıq “xeyir-dua parası” verib. Bu “xeyir-dua” şirinliyinin 7 milyonunun nəğd şəklində, 5 milyonunun isə öz daşınmaz əmlakından Rza Talıbovun xeyrinə imtina edilərək ödənildiyi bildirilir.
Maraqlıdır ki, “xan” həzrətləri külli miqdarda “şirinlik” alsa da, onun üzərindəki təhkimçilik hüququndan vaz keçmədiyi barədə sabiq nazirə ismarış göndərib. Əhməd Əhmədov da bu mesajı aldıqdan sonra əvvəl Vüqar Abbasova, daha sonra isə Rza Talıbova zəng edib pulunu istəyib. Rədd cavabı alınca isə gözünü yumub, ağzını açaraq həm Vüqar Abbasova, həm də Rza Talıbova “nə yemisən, turşulu aş” qonaqlığı verib. “Turşulu aş” ziyafətindən sonra “xanzadə” Rza Talıbov onu pulunu almaq üçün Naxçıvana dəvət edib, Əhməd Əhmədov Naxçıvana gedən kimi qoluna qandal vurulub Böyükdüz əsirxanasına salınıb. Ardınca da Əhməd Əhmədovun qohumlarının Naxçıvandakı bütün əmlakı “Boz kardinal” Azər Zeynalov tərəfindən ələ keçirilib
Görünür, Əhməd Əhmədov da həbsinin motivinin heç də korrupsiya olmadığını, “turşulu aş” qonaqlığından qaynaqlandığını nəzərə alaraq Apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi “xan” həzrətlərinin təhkimçiliyi altında olmadığından sabiq nazirin şikayətinə obyektiv baxacağı ehtimalı istisna deyil. Bu isə Əhməd Əhmədovun yaxınlarda azadlığa çıxması anlamına gəlir. Vəli Ələsgərovdan sonra Əhməd Əhmədovun azadlığa buraxılması və ya işin obyektiv araşdırılması ehtimalı özünü doğruldarsa, “xan” həzrətləri növbəti ağır zərbəsini almış olacaq.
Onu da vurğulayaq ki, saytımızın baş redaktoru Heydər Oğuz Naxçıvanda baş verən bütün siyasi cinayətlərin əsl günahkarının müəyyənləşdirilməsi və Vasif Talıbovun 27 illik zülmkar rejiminə hüquqi qiymət verilməsi üçün Əhməd Əhmədovun mütləq azadlığa buraxılması təklifi ilə çıxış edib. Heydər Oğuzun fikrincə, Naxçıvandakı Böyükdüz həbsxanası əslində məhbəs yox, əsirxanadır və orda saxlanılan əksər məhbuslar “xan” rejiminin Təhkimçilik hüququna üsyan edən siyasi dustaqlardır. Əhməd Əhmədov da “xan” rejiminin 17 illik cinayətlərinin icraçılarından biri olub və Vasif Talıbovun bir çox əməllərinin birbaşa şahididir. Sabiq nazir orda saxlanıldığı müddətcə həm də həyati təhlükə ilə üz-üzə qalır və 27 illik rejimin ən məlumatlı şahidini qorumaq üçün o dərhal Böyükdüz əsirxanasından çıxarılmalı, Bakıda daha ədalətli məhkəmə orqanları tərəfindən istintaqa cəlb olunmalıdır.