Cəmiyyət Manşet

`Biləsuvar-Quşçuluq` ASC-nin rəhbəri işçiləri QUL KİMİ İŞLƏDİR… – Baş Prokurora MÜRACİƏT

“Tezadlar.az”-a təmir-tikinti işləri ilə məşğul olan Bakı şəhər sakini Mübariz Quluzadənin Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə ünvanlı şikayəti daxil olub.

M.Quluzadə yazır ki, Bakıda və bölgələrdə briqada şəklində təmir və tikinti işləri ilə məğul olurlar. Redaksiyamızda olan şikayətçinin sözlərinə görə, bu ilin avqust ayında özünü “Biləsuvar-Quşçuluq” ASC-nin rəhbəri kimi təqdim edən, Bakı şəhərində yaşayan Seyran adlı şəxs onunla görüşərək, Biləsuvar rayonunun Səmədabad kəndində yerləşən quşçuluq fermasının təmirə ehtiyacı olduğunu bildirib: “Seyran müəllim görəcəyimiz işlər barədə ətraflı məlumat verdi və hər həftənin sonunda görülən işin müqabilində müəyyən edilmiş əmək haqqını nağd şəkildə ödəyəcəyini dedi. Biz Biləsuvar rayonunun Səmədabad kəndində gedib görəcəyimiz işlə ətdaflı tanış olduqdan sonra Seyran müəllimlə həmin işləri görmək üçün müvafiq qiymətə şifahi razılaşdıq. 2022-ci ilin avqust ayının 8-dən fermada təmir işlərinə başladıq. Belə ki, bir neçə briqada birlikdə eyni vaxtda fermanın döşəməsində, divarlarında və tavanında təmir işləri görürdük. Mənim rəhbərlik etdiyim briqadanın əsas işi fermanın döşəməsində dolğu işləri aparmaqla torpağı kipləşdirmək və beton işləri görmək idi. 10 gün ərzində dolğu işləri görüldü. Dolğu işlərindən sonra 4 gün gecə-gündüz çalışaraq beton işlərini də yerinə yetirdik. Hər gün icarəyə götürdüyümüz texnikaların sayəsində 1000 kvadratmetr beton işləri aparırdıq. Ümumilikdə, 4000 kvadratmetrlik beton işləri gördük. Bütün material və texnika isə öz hesabımıza təmin edilmişdir”.

M.Quluzadə daha sonra bildirir ki, beton işləri başa çatdıqdan sonra Seyran adlı şəxs görülən işi bəyənmədiyini deyərək, əmək haqqını (49 min manat) verməkdən imtina edib: “Bəhanəsi də bu oldu ki, guya o, beton döşəmənin üzünün parlaq olmasını istəyib, biz “matıvıy” etmişik. Ona görə də əmək haqqımız olan 49 min manatı vermədi. Mən yenidən öz cibimdən 6 min manat xərc çəkərək aparat gətirib betonun üzünü Seyran müəllimin istədiyi kimi parlaq etdim. Sonra dedi ki, beton döşəmənin içində kanallar çəkilməlidir. Biz onu da həll etdik. Halbuki bu işləri əvvəldən sifariş veriləndə deməli idi. Başa düşürdük ki, bunların hamısı bəhanələrdir. Demək olar ki, o, pulumuzu verməmək üçün işimizdə nə bəhanə gətirirdisə, onu kəsirsiz yerinə yetirdik. Təki bəhanəsi kəsilsin. Beləcə, bizə əziyyətlər verir, bezdirirdi. Bundan sonra Seyran müəllimə dedim ki, gəlin, işi təhvil alın, pulumuzu verin gedək. Bu dəfə isə dedi ki, betonun markası aşağıdır, ona görə bizə pul verməyəcək. Mən məcbur olub S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutundan aparat gətirib yoxlatdıq. Mütəxəssislər bildirdilər ki, betonun markası “M-250″dir. Seyran müəllim yenə də müxtəlif bəhanələrlə bizim əmək haqqımızı vermək istəmir.

Hörmətli Kamran müəllim!

Ona görə də biz aldadılmış insanlar mətbuat vasitəsi ilə Sizə- Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə müraciət edərək, bildiririk ki, özünü “Biləsuvar-Quşçuluq” ASC-nin rəhbəri kimi təqdim edən, Bakı şəhərində yaşayan Seyran adlı şəxs (əlaqə nömrəsini təqdim edirik) bizi əmək müqaviləsiz qul kimi işlədərək halal əmək haqqımızı vermir.

Hörmətli Baş prokuror, xahiş edirik, bizim əmək haqımızı mənimsəyən, özünü “Biləsuvar-Quşçuluq” ASC-nin rəhbəri kimi təqdim edən Seyran adlı şəxsin barəsində qanunu tədbirlər görəsiniz”.

REDAKSİYADAN: Şikayəti araşdırarkən əldə etdiyimiz “BİLƏSUVAR QUŞÇULUQ” ASC (VÖEN: 4100040141) İdarə Heyətinin sədri Nihad Ağayevin imzası ilə olan bir Etibatnamədə göstərilən (050)-207-44-05 telefon nömrəsinə zəng etdik. Ancaq zəngimizə cavab verən şəxs Nihad Ağayev deyil, adı şikayətdə hallanan Seymur adlı şəxs olduğunu dedi. Belə olan halda, barəsində yazılan sözügedən şikayət barədə onu məlumatlandırdıq. O, isə sahibkara yaraşmayan bir tərzdə dedi ki, danışmağa vaxtı yoxdur və guya şikayətçi Mübariz Quluzadəni tanımır və s. Halbuki şikayətçi M.Quluzadə onunla dəfələrlə danışdığını, bir yerdə görüşdüklərini, iş yerində dəfələrlə ünsiyyətdə olduğunu və s. bildirir.

Eyni zamanda, məsələ ilə bağlı heç bir açıqlama vermək istəmədiyini söylədi: “Mən elə bir adamı işlətməmişəm, tanımıram da. Yaxşı, respublikada 50 min adam məndən şikayət edəcək, siz də mənə zəng edəcəksiniz? Çox danışmağa vaxtım yoxdu. Kim hara şikayət edib, özü bilər. Getsin şikayət eləsin”.

Beləliklə, “BİLƏSUVAR QUŞÇULUQ” ASC (VÖEN: 4100040141) İdarə Heyətinin sədri kimi adı sənədlərdə qeyd olunan Nihad Ağayevin diqqətinə çatdırırıq ki, onun adı çəkilən fermasında işlədilənlər əmək müqaviləsiz çalışıblar.

30-a yaxın şikayətçi fəhlənin imzası ilə həm də Əmək və Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi cənab Vəli Quliyevə də müraciət edilib. İnanmaq istərdik ki, “BİLƏSUVAR QUŞÇULUQ” ASC (VÖEN: 4100040141) İdarə Heyətinin sədri Nihad Ağayev və faktiki olaraq bu şirkəti idarə edən Seyran adlı şəxs başa düşəcək ki, indi alıb-aldatma, eləcə də işlədib get-gələ salma zamanı deyil. Azərbaycanda qanunlar lazımi səviyyədə işləyir, ona görə fəhləni də işlədib aldatmaq istəyənlər bu fəlsəfəni qiymətləndirməlidirlər.

İnanırıq ki, Baş Prokurorluğun, eləcə də Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi məsələyə həssas yanaşacaq, aldadılmış fəhlələrin Bakıya Prezident Administrasiyasına şikayətə gəlməsinə imkan verilməyəcək. Həmçinin insanların əmək müqaviləsiz işlədilməsinə və “BİLƏSUVAR QUŞÇULUQ” Açıq Səhmdar Cəmiyyətinin digər gizlinlərinə aydınlıq gətiriləcək…

“Təzadlar”ın Araşdırma Qrupu

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir