Cəmiyyət Manşet

“Təhsil Nazirliyində adamım var, 400 min gətir…” – ŞOK FAKTLAR

Beynəlxalq axtarışa verildikdən 1 il sonra Ukraynada tutularaq Azərbaycana ekstradisiya edilən Mövsüm Mövsümovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Mövsüm Mövsümov Nabil Zeynalova Şəki şəhərində smeta dəyəri 6.200.000 manat təşkil edən 960 şagirdlik orta məktəbin tikintisi ilə bağlı tender müsabiqəsində yaradacağı şirkəti Təhsil Nazirliyində yüksək vəzifədə işləyən, şəxsiyyəti istintaqa bəlli olmayan tanışı vasitəsi ilə qalib etdirəcəyi barədə yalan vəd verib. O, 1 dekabr 2020-ci ildə 240.000 manatını alaraq ona qarşı dələduzluq edib.

Cinayəti törədən Mövsüm Mövsümov daha sonra Ukraynaya qaçıb, 2021-ci ilin noyabrın 26-da Azərbaycana ekstradisiya olunub.

İstintaq orqanı tərəfindən Mövsüm Mövsümovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rahib Salmanovun icraatında araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Mövsüm Mövsümov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib və istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Mövsüm Mövsümov bilidirib ki, Nabilli uzun müddət dost olublar: “Anam 2020-ci ilin 11 yanvar tarixində vəfat elədi və hüzr mərasimində Nabil də iştirak etdi. Hüzr mərasimində həmin zaman Təhsil Nazirliyində yüksək vəzifədə işləyən orta məktəb sinif yoldaşımla bir masada əyləşmişdim. Nabil bunu bildikdən sonra mütəmadi olaraq məndən dostumdan onun üçün orta məktəb tikintisi işi götürməsini xahiş etdi. Lakin razılıq vermədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2020-ci ilin təxminən oktyabr ayının əvvəllərində Nabil ondan uşağının təhsil məsələsi ilə əlaqədar 10 000 manat borc alıb: “Təxminən 10 gün ərzində pulu qaytararkən mənə Təhsil Nazirliyində yüksək vəzifədə işləyən dostumla orta məktəb tikintisi ilə bağlı müsbət cavab alacağım təqdirdə pul tapa biləcəyini bildirdi.

Bir müddət sonra Nabilə zəng etdim. Təhsil Nazirliyində işləyən dostumla danışıb razılıq aldığımı, 150 000 dollar gətirməli olduğunu bildirdim. Təxminən 1 ay yarım Nabillə bir neçə dəfə görüşdüm, işlə bağlı söhbətlər apardım. Sonda dekabrın 1-də, təxminən saat 15 radələrində Bakı şəhəri Babək prospektində yerləşən restoranların birində Nabillə görüşdük.Nahar etdikdən sonra birlikdə Xətai rayonu Ağ şəhər ərazisində dostum Paşanın yaşadığı binaya gələrək həmin binanın zirzəmi qarajına daxil olduq. Nabilin oğlu da arxamızca gəldi. Orada Nabil mənə paketin içərisində 100 000 dollar və 70 000 manat verdi. Həmin vaxtlar mobil telefon vasitəsilə kazino oyunu oynadığımdan Nabildən götürdüyüm puldan təxminən 10 000 min manatı həmin gün uduzdum. Sonrakı günlərdə yenə də kazino oyunu oynamağa davam etdim ki, uduzduğum pulu geri qaytarım. Ancaq demək olar ki, pulların hamısını uduzdum. Təxminən 43-44 min dollar qaldı”.

Mövsüm qeyd edib ki, bundan sonra Ukraynaya gedib: “Ukraynaya getdikdən sonra qərara gəldim ki, əlimdə qalan pulla iş qurub, pul qazanım, Nabilin pulunu qaytarım. Əvvəllər ABŞ-ın Nyu-York ştatında uzun illər yaşadığımdan oradakı tanışım İlqara 28 000 dollar göndərdim ki, xeyriyyə fondları tərəfindən yığılmış və istifadə olunmuş geyimlərdən Ukraynaya göndərsin, mən də orada “Sekond Hand” mağazalarına paylamaqla satıb gəlir əldə edim. İlqar ABŞ-da xeyriyyə fondlarından paltarları yığmaqla məşğul olmağa başladı”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 28 may 2021-ci ildə Ukraynanın Rovno vilayət polis idarəsinə imiqrasiya məsələsi ilə bağlı yaxınlaşarkən saxlanılıb: “Mənə məlum oldu ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş istintaq və təhqiqat İdarəsi tərəfindən barəmdə axtarış elan edilib. Təxminən 6 ay Ukraynanın Rovno vilayətində İstintaq Təcrİdxanasında saxlanıldıqdan sonra məni Bakı şəhərinə köçürdülər”.

Mövsüm ifadəsində Nabilə Şəki şəhərində 960 şagirdlik orta məktəbin tikintisi ilə bağlı tenderdə sonuncunun yaradacağı şirkəti qalib etdirəcəyi təqdirdə ondan 400.000 manat yox, 150.000 dollar istədiyini, eləcədə Nabilin yaradacağı şirkəti qalib etdirəcəyi ilə bağlı Təhsil Nazirliyində yüksək vəzifədə işləyən dostundan razılıq almadığını bildirib.

Təqsirləndirilən şəxs deyib ki, Ukraynada olarkən zərərçəkmiş şəxsin tanışları tərəfindən döyülüb, həmin ərəfədə aldığı pulun 120.000 dolları zərərçəkmiş şəxsə qaytarmaq məqsədi ilə tanımadığı həmin şəxslərdən birinə verib: “Tanışım Milana adlı xanım baş verənlərə şahid olub. Məni döyən və pulu verdiyim adamların anket məlumatlarını bilmirəm”.Ətraflı
Cinayət işi üzrə zərərçəkmiş Nabilin sözlərinə görə, təxminən 1 il əvvəl uzun zaman görüşmədiyi tələbə yoldaşı Mövsüm ona zəng edib, anasının vəfat etdiyini deyib: “Mən də başsağlığı verərək mərasimin yeri və vaxtı barədə məlumat aldım, həmin mərasimdə iştirak etdim. Bundan sonra Mövsümlə mütəmadi əlaqə saxlamağa başladım.

Təxminən 1-2 ay sonra Mövsüm mənə zəng edərək Təhsil Nazirliyi ilə əlaqəli olan bir şirkətə işə düzəldiyini və bu gün həmin şirkətin rəhbərliyilə görüşməli olduğunu bildirdi, onu avtomaşınımla həmin şirkətə aparmağımı xahiş etdi. Mövsümü avtomaşınımla Xətai metrostansiyası yaxınlığında yerləşən “Ağa Plaza”nın qarşısına gətirdim.

Mövsüm həmin şirkətə işə düzəldikdən sonra mütəmadi olaraq mənimlə əlaqə saxladı. Onun yeni işlədiyi şirkət Təhsil Nazirliyinin təchizatı ilə məşğul olurdu. Hətta bir neçə dəfə Mövsüm mənə görüntülü zəng edərək orta məktəblər üçün partaların anbara boşaldılmasını da göstərdi. O, Təhsil Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olması barədə mənə məlumat verdi. O, təchizat işi ilə bağlı birlikdə iş görməyimizi təklif etsə də, təchizat sahəsində anlayışımın olmadığını, ancaq orta məktəb tikintisi ilə bağlı təklif olacağı təqdirdə qəbul edəcəyimi bildirdim”.

Zərərçəkmiş qeyd edib ki, təxminən 2020-ci il oktyabrın əvvəllərində Mövsüm ona Şəki şəhərində smetası 6 200 000 manat təşkil edən 960 şagirdlik orta məktəbin tikiləcəyini və həmin tenderi qazanmaq üçün 400 000 manat verməli olduğunu bildirib: “Mövsümə bu barədə fikirləşərək cavab verəcəyimi dedim. Bir neçə dəfə Mövsümlə görüşüb, həmin işlə bağlı bəzi müzakirələr apardıq. Ölçüb-biçdikdən sonra bu işin sərfəli olduğu qənaətinə gəldim, Mövsümə razılığımı bildirdim.Belə razılaşdıq ki, Şəki şəhərində tikiləcək 960 şagirdlik orta məktəbin tikintisinin tenderini qazanmağım müqabilində tələb olunan 400 000 manat pulun 240 000 manatını əvvəlcə verəcəm, yerdə qalan hissəni isə tenderi qazanıb müqavilə bağlandıqdan sonra çatdıracam”.

Nabil qeyd edib ki, 30 noyabr 2020-ci ildə Mövsüm ona zəng edib, pulu istəyib: “Sabahı gün saat təxminən 15 radələrində oğlum İlkinə zəng etdim, qabaqcadan sayıb paketə yığaraq evdə saxladığım 100.000 dolları və 70.000 manatı Babək prospektində yerləşən avtosalonuma gətirməyi tapşırdım. Avtosalonda avtomaşınlara baxdıqdan sonra qərara gəldim ki, birlikdə nahara gedək. Oğlum İlkinə zəng etdim, “Qəbələ” restoranına gəlməsini bildirdim.

Biz restorana oğlum İlkinlə demək olar ki, eyni vaxtda çatdıq. Həmin vaxtı Mövsümə də zəng vurdum, onu da restorana dəvət etdim. Birlikdə nahar etdikdən sonra Mövsümün “Honda Pilot” markalı avtomaşınına əyləşdim, oğlum İlkinə bildirdim ki, arxamızca gəlsin.

Mövsüm mənə avtomobilin dostu Paşanın olduğunu və onun evinə gedəcəyimizi bildirdi. Təxminən saat 16 radələrində birlikdə Mövsümün dostu Paşanın yaşadığı Ağşəhər ərazisindəki binanın qarajına daxil olduq.

Qarajda oğlum İlkin avtomaşının baqajından pulu götürərək bizə yaxınlaşdı. Ona paketi avtomaşının arxa oturacağına qoymağı tapşırdım. Sonra 240 000 manatı sayaraq ona verdim. Mövsüm pulu məndən aldıqdan sonra 10 iş günü ərzində müqaviləni alacağını bildirdi”.

Nabil qeyd edib ki, bundan sonra onlar demək hər gün Mövsümlə zəngləşiblər: “8 dekabr 2020-ci ildə Mövsümə zəng etdim. O, daha telefona cavab verməməyə başlamışdı. Bir neçə zəngdən sonra iclasda olduğunu, danışa bilmədiyini və özünün mənə zəng edəcəyini bildirdi. Həmin gün axşama kimi onun zəngini gözlədim.

Səhərisi gün Mövsümün yaşadığı evə getdim, amma onu evdə tapmadım. Yaşadığı binanın komendantındanda onu soruşdum. O da Mövsümü bir neçə gündür görmədiyini bildirdi. Sonradan başa düşdüm ki, telefon rouminqdədir, yəni Mövsüm ölkə xaricindədir. Sonradan Mövsümün dostu Paşa adlı şəxsdən öyrəndim ki, Mövsüm Ukrayna Respublikasının Kiyev şəhərindədir”.

Mövsüm Mövsümov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf.com

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir