Cəmiyyət Manşet

Azərbaycanda yeni inşa olunmuş həbsxanalar niyə istifadəyə verilmir? – GƏNCƏDƏKİ MÜƏSSİSƏNİN YOLUNDA ARTIQ OT BİTİB

Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra dövlətin cəza icra siyasətinin Avropa Penitensiar Qaydalarına uyğunlaşdırılması prosesi başlasa da son illər bu sahədə vəziyyət olduğu kimi qalıb.

Qeyd edək ki, dövlət büdcəsi hesabına Lənkəranda və Gəncədə yeni Penitensiar müəssisələr inşa olunsa da ancaq illərdir ki, bu proses tamamlanmır.

Paytaxtın istər istintaq təcridxanalarında, istərsə də cəzaçəkmə müəssisələrində ciddi sıxlığın olması məhkumların sağlamlığına təsir göstərir.

Həmçinin, bu cür regional müəssisələri inşa etmək, məhbus yaxınlarının onları görmək üçün bölgələrdən Bakıya gəlməsinin də qarşısını almış olardı.

Çünki, qanunvericilikdə məhkumun cəza çəkdiyi yerin onun ailəsinin yaşayış yerinə yaxın yer seçilməsi tələbi var.

Zirveyolu.in bildirir ki, Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, bir neçə il əvvəl inşa olunan və yalnız kiçik tamamlama işləri qalan Gəncə Penitensiar Müəssisəsinə çəkilən yolun belə asfalt örtüyündə ot bitib.

Qeyd edək ki, Gəncə-Şəmkir yolunda inşa olunan Penitensiar Müəssisədə həm istintaq təcridxanası, həm də müxtəlif rejimli cəzaçəkmə müəssisələri yaradılmalı idi.

Hazırda Gəncədə yalnız bir İstintaq təcridxanası var ki, orada da acınacaqlı vəziyyət hökm sürür.

Çar Rusiyasının dönəmində tikilmiş bu bina heç bir müasir qanunun tələbinə cavab vermir.

Eyni qaydada inşası yarımçıq qalmış müəssisələrdən biri də Lənkərandadır. Məlumatllara görə, Lənkəranda inşa olunan müəssisə istifadəyə tam hazır olsa da nədənsə bu iş yarımçıq qalıb. Bunun səbəbi kimi isə Ədliyyə NAzirliyinin yeni işçiləri götürə bilməmisidir.

Penitensiar Xidmətin adının çəkilməsini istəməyən rəsmisinin sözlərinə görə, bu proseslərin yarımçıq qalması hökumətin günahıdır.

Tikinti üçün vəsaitin davamının ayrılmadığını deyən mənbəmiz bildirir ki, pandemiya dövründən sonra bu proses tam dayandı.

Dia.az-ın məlumatına görə, vəkil Bəhruz Bayramov Gununsesi.info-ya açıqlamasında həbsdəki şəxslərin hüqularının dövlət üçün prioritet olmalı olduğunu deyir: “Qanunvericlikdə də yazılıb ki, insan ləyaqəti alçaldılan formada cəza çəkə bilməz. Bu gün Azərbaycanın cəzaçəkmə müəssisələrində vəziyyət ürəkaçan deyil. Xüsusilə, Qaradağ rayonundakı 8, 12 və 13 saylı cəzaçəkmə müəssisələrində acınacaqlı durumdur. Sanki, ora hökumətin diqqətindən tamamilə çıxıb. Bir “barak”da 200-250 məhkum saxlanılır. İstilik və soyutma sistemləri yoxdur. Həm yayda, həm də qış aylarında məhkumlar ciddi əziyyət çəkir. Bundan başqa müxtəlif yolxucu xəstəliklərin daşıyıcı olan məhkumlar eyni yerdə saxlanılır. Ona görə də bu müəssisələrdə vərəmdən tutmuş, digər xəstəliklər sürətlə yayılmaqdadır”.

Göründüyü budur ki, dövlətin milyonları hesabına inşa olunan bu müəssisələr illərlə bu vəziyyətdə qalacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir