Cəmiyyət Manşet

Vasif Talıbov “çörəyi”: Kim kimin çörəyini yeyir? – BU NƏDİ BELƏ?

Naxçıvanda baş verən hadisələr, bölgədə yaşayan əhalinin problemləri ictimailəşdirildikcə muxtar respublika rəhbərliyinin jurnalistlərə, ictimai fəallara qarşı aqressiyası daha da güclənir. Trol şəbəkəsinin apardığı təhqir kampaniyası sübut edir ki, Naxçıvanla bağlı səsləndirilən tənqidi fikirlərə onların verəcək cavabları yoxdur. Sadəcə olaraq, belə iyrənc metodlarla muxtar respublikadakı qanunsuzluqları, özbaşınalıqları ifşa edən, haqqını tələb edənləri susdurmağa çalışırlar.

Muxtar respublika ilə bağlı tənqidi fikirlər səsləndirən əslən Naxçıvandan olan, vaxtilə orada yaşayan insanlara qarşı bu trol şəbəkəsinin “maraqlı arqumenti” var: “Vasif Talıbovun çörəyini yeyənlər indi onun əleyhinə danışır”.

Vasif Talıbovun çörəyi? Naxçıvanlılar bu sözü tez-tez eşitdiyinə görə bu ifadə onlara yad deyil. Amma bilirəm ki, ölkəmizin digər bölgələrində və xaricdə yaşayan insanlar bu yazını oxuyanda mütləq təəccüblənəcəklər. Nə qədər təəccüblü və absurd olsa da, bu, müasir Naxçıvanın gerçəkliyi, yeni “zərbi-məsəli”dir. Sən demə, bütün naxçıvanlılar Vasif Talıbovun çörəyini yeyir, Naxçıvanda havanı belə onun sayəsində udurmuşlar. Niyə Naxçıvanın ali vəzifəli şəxsi mülkədardır? Azərbaycan dövlətinin dotasiyası ilə yaşayan naxçıvanlılara “Vasif Talıbovun çörəyi” ilə qidalanan adamlar kimi baxılması bölgə əhalisinə və elə dövlətin özünə həqarətdir. Ölkəmizin digər bölgələri kimi, Naxçıvan sakinləri də Azərbaycan dövlətinin ayırdığı vəsait hesabına əməkhaqqı alır, yaşayır, qurub-yaradırlar. Muxtar respublikadan fərqli olaraq, ölkəmizin heç bir bölgəsində kimsə əhaliyə demir ki, “mənim çörəyimi yeyirsiniz”. Azərbaycanın dövlət rəhbərliyi də insanlar üçün etdiklərini onların başına qalxmır. Bunu heç vaxt etməz də. Çünki bu dövləti Azərbaycan xalqı qurub. Dövlət insanların rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işləri xalqın sərvətləri hesabına reallaşdıra bilir. Yəni sən bu xalqın özünün olanını onun başına qalxa bilməzsən.

Bəs əslində kim kimin çörəyini yeyir? Öz dövlətinin ayırdığı vəsaitlə yaşayan naxçıvanlılar Vasif Talıbovun çörəyini yeyir, yoxsa 30 ilə yaxındır ki, muxtar respublikanın sərvətlərini istədiyi kimi istifadə edən, bölgə əhalisinin mandatı ilə bu vəzifədə qalan Talıbov naxçıvanlıların çörəyini yeyir? Belə zərərli yanaşmanı torollara tezis kimi verən Naxçıvanın “başbilənləri” bu sual barədə də düşünməlidir.

Muxtar respublika əhalisi son 30 ilə yaxın bir dövrdə Naxçıvanın sərvətlərindən hansı forma istifadə edə bilib? Bəlkə “Badamlı” suyunu Şahbuzun ucqar dağ kəndindən çıxan, dövlətin verdiyi kreditlə müəssisə quran bir iş adamı istehsal edir bizim xəbərimiz yoxdur? “Badamlı” suyunu və digər sərvətləri istehsal edib sataraq milyonlar qazanan “Gəmiqaya” Holdinq mənim şirkətim deyil. Naxçıvanın duzundan, mərmərindən, qranitindən, digər yeraltı və yerüstü sərvətlərindən kimlərin faydalandığını muxtar respublika əhalisi çox gözəl bilir. Naxçıvanın kəndlərində yaşayan insanlara ev tikmək üçün çay yataqlarındakı daşdan belə pulsuz istifadə etməyə imkan verilmir. Nə isə. Naxçıvanın sərvətləri ilə bağlı ayrıca bir yazı təqdim edəcəyimiz üçün bu mövzunu çox genişləndirmək istəmirək. Bu faktları ona görə qeyd edirik ki, hər kəsə aydın olsun, kim kimin çörəyini yeyir.

Sonda mövzuya birbaşa aidiyyəti olmasa da, yazının hazırlanmasına səbəb olan bir məqamı da ayrıca qeyd etmək istəyirik. Trollar sosial şəbəkələrdə “Kiminsə çörəyi”nə “xəyanət” edənləri “qaloşlu” adamlar adlandırır. Qaloş Şahbuzun ucqar dağ kəndindən gəlib Vətəninə, dövlətinə, xalqına, Prezidentinə sədaqətlə xidmət edən adamlar deyil. Yoxsa elə düşünürlər ki, onlar da bu trollar kimi sona qədər Naxçıvan əhalisinin deyil, uzun illərdir bölgəyə zülm edənlərin, ölkə rəhbərliyinə açıq-açığına hörmətsizlik nümayiş etdirənlərin yanında yer almalı idilər. Qaloş bu dövlətdə yaşayıb, onun bütün imkanlarından faydalanan, sinəsinə bir neçə medal taxılan, ancaq öz evində PKK-çı Abdullah Öcalanın fotoşəklini saxlayan, bir “lider” kimi ona pərəstiş edən satqın, naqis insanlardır. Bu ölkənin aydınları Azərbaycanımız belə naqislərdən təmizlənənə qədər mübarizə aparacaq.

tns.az
Tural Səfərov

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir