Cəmiyyət Manşet

“Azəriqaz” sahibkarların QƏNİMİNƏ ÇEVRİLİB – Prezidentə müraciət olundu

“Möhtərəm Prezident! Bu gün 14 noyabr 2022-ci ildir. Şəmkir rayonu, Qılıncbəyli kənd sakinləri (40 ailə başçısı) olaraq Sizə müraciət etmək, sizdən imdad diləmək məcburiyyətində qalmışıq”. DİA.AZ bildirir ki, bu barədə Prezidentə ünvanlanan müraciətdə deyilir.

Müraciətdə daha sonra qeyd olunur: “Qeyd edək ki, biz 2015-ci ildən oxşar vəziyyətlə üz-üzə qalırıq. Yəni, bu gün biz Şəmkir rayonu ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan ailə başçılarıyıq və bugünkü problemlə bağlı, məhz Sizdən kömək istəyirik. Çünki, Siz çıxışlarınızda daim vurğulayırsınız ki, “Yerlərdəki problemlərlə bağlı mənə məktublar yazın, məni məlumatlandırın”. Biz də Sizin verdiyiniz tapşırıq və tövsiyyələri əsas tutaraq, bu gün media vasitəsilə üz-üzə qaldığımız problemlərin mahiyyətini sizə çatdırırıq. Məsələn, Şəmkir rayonunun Qılıncbəyli kəndində sahibkar Rüstəmov Kəramət Şəmməd oğluna məxsus, hansı ki, 5,5 ha sahəsi olan istixanaya verilən mavi qaz “AZƏRİQAZ” İB-nin əməkdaşları tərəfindən dayandırılıb. Buna əsas səbəb, istixanada istifadə olunan mavi qaza görə əmələ gələn borcun varlığıdır. Hal-hazırda istixanaya verilən mavi qaz dayandırılıb ki, bu da 5,5 ha sahədə yetişdirilən xiyar məhsullarının məhv olması, eyni zamanda sahibkar Kəramət Rüstəmovun müflis olması deməkdir. Qeyd edək ki, gecələr temperatur -7 və -10 dərəcəyədək aşağı düşür. Çəkilən kadrlardan da görünür ki, havaların soyuması səbəbindən istixanada xiyar məhsulları məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu gün respublikamızda əmələ gələn işsizliyin aradan qaldırılması, sahibkarlara dəstək göstərilməsi məqsədilə Sizin verdiyiniz tapşırıq və tövsiyələri nəzərə almayan “AZƏRİQAZ” İB-nin əməkdaşları, sanki yaranmış vəziyyətdən sui-istifadə edib istixanada çalışan 40 ailənin başçısını işsiz qoymaq niyyətindədirlər. Məhz, 40 ailə başçının işsiz qalmaları, elə onların ailə üzvlərinin də ac qalmaları deməkdir. Odur ki, üzümüzü Sizə tutub, bu gün sizdən dəstək istəyirik”.

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir