Cəmiyyət Manşet

Fuad Muradovun nazı ilə ÇOXMU OYNANILACAQ? – HƏQİQƏTƏN DƏ…

 

Noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qəbul olunan qətnamə nə qədər ağrılıdırsa, bu qətnaməyə azərbaycanlıların senat qarşısında, guya qətnaməyə etiraz olaraq rəqs edib, oynaması ondan da ağrılıdır. Bu, sözün bitdiyi yerdir. Bu, rəzalətdir! Belə rəzalət təkcə qətnaməyə etiraz etməklə rəqs edənlərə yox, eyni zamanda Azərbaycan Diaspor Komitəsinə və onun sədri Fuad Muradova da aiddir.

Gələk mətləbə: Fransada erməni diasporasının güclü olduğu hamıya məlumdur. Bunun nəticəsi kimi erməni Emma Makronyanın oğlu, Fransa prezidenti Emanuel Makron (Makroniyan) bütün Fransanın mənafeyini ayaq altına ataraq, damarında axan erməni qanına xidmət etməklə Azərbaycana qarşı yenə hücumdadır. Erməni diasporası nə çalırsa, Makron da ona oynayır. Hətta canında erməni qanı olduğundan, bu oynamağına improvizələr də edir.

Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsi bəs indiyə qədər nə işlə məşğul olub? Niyə erməni diasporunun bu qədər güclü olduğu Fransada lazımı səviyyədə iş apara bilməyib? Mən bu barədə bir dəfə demişəm ki, bizim diasporanın Fransada güclü təbliğat işi aparması üçün əlində Fransanın Milli Qəhrəmanı Əhmədiyə Cəbrayılov kimi “kozır”ı var. Hələ bircə dəfə eşitmədim ki, Fransa mətbuatında, televiziyasında diasporamız Əhmədiyyə Cəbrayılov haqqında hansısa bir verlişi hazırlayıb fransızların gözünə soxsun. Amma bu təbliğatı aparmaq üçün Diaspor Komitəsinə dövlət tərəfindən külli miqdarda pullar ayrılır. Çox təəssüf ki, ayrılan bu pulların nəticəsini görmürük. Niyə görmürük? Daha doğrusu fərqli görürük və buna ürəyimiz ağrıyır. Necə ki, noyabrın 15-də Fransa senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə “Nə oldu Paşinyan?” mahnısına çalıb-oynayanları görəndə ürəyimizdən qara qanlar axdı.

Gəlin əvvəlcə Fransa senatının noyabrın 15-də Azərbaycan əleyhinə qəbul etdiyi qətnamənin bəzi məqamları ilə tanış olaq:

.Qətnamə layihəsində “Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi” tələb olunub.
.Layihə müəllifləri “Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsini, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılmasını” tələb edirlər.
.Bununla yanaşı, Fransa hökumətinə Dağlıq Qarabağda humanitar büro açmaq təklif edilir.
4.Təkliflər arasında qondarma “Dağlıq Qarabağ Respublikasf’nın müstəqilliyinin tanınması da yer alır.

5.Ermənistan Azərbaycan sərhəddində beynəlxalq statuslu sülhməramlı qüvvələrin yerləşdirilməsi də təkliflər arasında var.

Görəsən, burada çalıb-oynamalı nə var ki, soydaşlarımız senat qarşısında “Nə oldu Paşinyan?” mahnısına şıdırğı rəqs edirlər? Heç bilirsiniz Fransa mətbuatı bu barədə nə yazır?

Fransadakı etibarlı mənbədən aldığımız məlunata görə Fransada noyabrın 17-də dərc olunan qəzetlərdə Fransa senatı qarşısında azərbaycanlıların çalıb, oynamasını əleyhimizə qəbul edilən bu qətnaməni Azərbaycan icmasının da dəstəkləməsi kimi təqdim ediblər. Yazıblar ki, qəbul etdiyimiz qətnaməni Azərbaycan icması ürəkdən alqışlayır və bu münasibətlə senat qarşısında rəqs edirlər.

Yaxşı, bu rəzaləti kimin ayağına yazaq? Bu, Diasporamızın Fransada rəzaləti deyilmi?

Kiçik araşdırmalar apardıq ki, görək qətnaməyə etiraz etmək əvəzinə, bu çalıb-oynayanları ora kim göndərib? Müəyyən etdik ki, 12-15 nəfər olan həmin soydaşlarımızı Fransaya Hollandiyadakı Azərbaycan Konqresinin rəhbəri olan və özünün də çox şübhəli, olduqca qaranlıq həyat tərzi yaşayan Elsevər Məmmədov adlı şəxs aparıb. Bu adam Azərbaycanın Diasporla İş Üzrə Dövlət Komitəsinin birbaşa göstərişi və maliyə vəsaitiylə bu işi təşkil edib. Mənbə bildirir ki, o, Hollandiyadan bir avtobus tutaraq 12-15 nəfər olan soydaşımızı Fransa senatının qarşısına gətirib. Gələnlərin hər birinə 100 avro pul söz verilib, lakin sonda bu rəqs edənlərə 50 avro çatıb. Görünür, gələn soydaşlarımız senatın Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə ürəkdən rəqs etməyiblər. Onu da diqqətə çatdırım ki, ora gələnləri və rəqs edən xanımları, bəyləri artıq hamı tanıyır. Adlarını çəkib, onları Azərbaycandakı döğmalarını, qohum-əqrabasını utandırmaq istəmirik. Amma utanc verici halın biri də odur ki, rəqs edən bu xanımlar yurd-yuvası 30 il erməni işğalında olan rayonlardandırlar. Bu da rəzalətin daha bir formasıdır ki, sənin yurdunu Fransa kimi ermənipərəst bir dövlətin dəstəyi ilə 30 il işğalda saxlayan erməninin vəhşiliklərini unudub, yenə də onların yurdu əleyhinə qəbul edilən qətnaməyə arsızcasına çalıb-oynayırlar. Ar olsun!

Görəsən, Diasporla İş Üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov bu rəzaləti necə qəbul edəcək? Diaspora Komitəsinə çoxsaylı cavan qızları işə qəbul etməklə Xarici ölkələrdə Azərbaycan həqiqətlərini yaymaq olmaz. Elə təcrübəsiz belə gənc qızlarla və yaxud qaranlıq keçmişi olan insanlarla işləməyin nəticəsidir ki, xalqımız və dövlətimiz belə aşağılanır.

Azərbaycanın Ali Baş Komandanı Prezident cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində böyük sərkərdəlik məharəti göstərərək, torpaqlarımızın 30 illik işğalına son qoydu. Noyabrın 8-də qazanılan Zəfərin iki ili tamam oldu. Bu iki ildə Prezident cənab İlham Əliyev döyüş meydanında qazandığımız qələbəni beynəlxalq aləmdə və siyasət masasında rəsmiləşdirməklə məşğuldur. Artıq qalib Prezident kimi İlham Əliyev beynəlxalq aləmdə sayılıb- seçilən liderlər sırasındadır və Azərbaycanın haqq səsini, ermənilərin isə işğalçı siyasətini bütün dünyaya tanıtdırmaqda böyük rol oynayır. Bəs qalanlar nə iş görür? Bu boyda respublikanı Prezident İlham Əliyev təkbaşına idarə etməlidir? Bəs bu qədər dövlət təşkilatları və qrumlar nədən ötrüdür? Bu işdə isə, konkret olaraq Diasporla İş Üzrə Dövlət Komitəsi birbaşa məsuliyyət daşıyır. Dövlət tərəfindən bu təşkilata yetərincə pullar ayrılır. Yəqin ki, Hesablama Palatası bu qrumda da bir yoxlama aparacaq. Onda məlum olacaq ki, dövlətin pulları burada, Fuad Muradovun rəhbərlik etdiyi 5 il ərzində göyə sovrulub. Əgər Elsevər Məmmədov kimi Avropadakı azərbaycanlılar tərəfindən qəbul edilməyən, işi-gücü Diaspora Komitəsinin ayırdığı pulları mənimsəməklə məşğul olan birisinə Fuad Muradov etibar edirsə, onda nəticə Fransa senatının qarşısında rəqs edənlərlə başa çatır. Ona görə də Fransa mətbuatı haqlı olaraq yazır ki, qəbul etdiyimiz qətnaməyə Azərbaycan icması çalıb, oynamaqla dəstək verir. (https://ok.ru/video/3971759540957?fromTime=3)

Mənbəmiz Elsevər Məmmədov haqqında onu da dedi ki, bu adam Hollandiyada guya Qarabağ İdman Klubu yaradıb və buna görə Diaspora Komitəsindən babat pullar silir. Amma belə bir idman klubu isə mövcud deyil. Ona görə də Elsevər Məmmədov özü kimilərini Hollandiyadan yığıb Fransaya rəzalət göstərməyə gətirib.

Yaxşı, tutaq ki, bu 12-15 nəfəri pul gücünə Hollandiyadan Fransaya gətiriblər. Bəs bu gələnlərin özlərində bir vicdan hissi, bir qeyrət damarı olmadımı ki, qətnaməyə etirazı çalıb, oyanamaqla bildirməsinlər? Hanı bunların əllərində qətnaməyə etiraz bildirilən bircə yazılı şüar? Niyə ucadan fransız və ingilis dillərində “Rədd olsun erməni diasporası”, “Fransa, Azərbaycandan əlini çək”, “Fransız xalqını bir erməniyə görə gözdən salmayın”, “Senat üzvləri, erməninin puluna yox, vicdanınıza səs verin” və s. kimi şüarlar yox idi? Bundan əlavə, məgər Fransada azərbaycanlı yaşamır ki, Hollandiyadan avtobus tutub, xərc çəkərək etiraz bildirməyə adam gətirirlər? Vallah buna adam cavab tapıb, söz deyə bilmir. Diasporamızın dişsizliyinin və yarıtmaz fəaliyyətinin nətıcəsidir ki, illər öncə Fransada qondarma erməni soyqrımını inkar edənlərə cinayət işinin açılması haqqında qanun qəbul etdilər. Bu il isə Fransada, Londonda və ABŞ- da səfirliklərimiz erməni hücumlarına məruz qaldı. Bu günlərdə məşhur fotoqraf, Fransa vətəndaşı olan Reza Degati çox maraqlı aşıqlama verdi. Reza bəy bildirdi ki, Fransanın Azərbaycana qarşə belə mənfi münasibətinin günahı özümüzdədir: “Çünki fransızlar arasında yaxşı təbliğat apara bilməmişik. Necə olur ki ermənilər fransızları özlərinə dost edə bilir, biz isə yox?” Elə bu sözlər bəs edir ki, diasporamızın necə işlədiyi aydın olsun.

Azərbaycanın Fransadakı səfirliyi də indiyə qədər çox bərbad vəziyyətdə işləyib ki, ermənilər orada bu qədər əl-qol açıblar. İndi təzəlikcə Azərbaycanın Fransadakı elçiliyinin rəhbəri, xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Leyla Abdullayeva təyin olunub. İnanmaq istərdik ki, Leyla xanım özündən əvvəlki səfirlərin və Diasporla İş Üzrə Dövlət Komitəsinin yol verdiyi nöqsanları aradan qaldıracaq və Fransa xalqında Azərbaycana qarşı mənfi münasibəti müsbətə doğru dəyişməyə nail olacaq. Leyla xanım üçün sıfırdan başlamaq olduqca çətin olacaq, amma bacaracağına da inanırıq. Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun işinin öhdəsindən gələ bilməməsi göz önündədir. Bu təkcə Fuad Muradovun öz adma olan rəzalət və biabırçılıq deyil, həm də dövlətimizin nüfuzuna, eyni zamanda Prezident cənab İlham Əliyevin gecə və gündüz çalışıb müsbət imic qazandırdığı Azərbaycanın adına vurulan zərbədir.

Avropadakı və dünyadakı Diasporla işləməyi isə mütləq həm bu işi bacarana, həm də vətənini, dövlətini təmənnasız sevənə həvalə etmək lazımdır. Fuad Muradov kimi təcrübəsiz bir gəncə belə bir mühüm postu həvalə etmək özünü doğrultmadı. Yəqin ki, aidiyyəti qrumlar noyabrın 17-də Fransa mətbuatında gedən yazılarla tanış olub, Azərbaycanın adına belə zərbə vuran və xalqımıza rəzalət yaşadan Diasporla İş Üzrə Dövlət Komitəsinin sədrinə qarşı çox ciddi tədbirlər görəcəklər. //tezadlar.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir