İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əhalinin istehlak səbətində əhəmiyyətli yer tutan qida məhsulları bazarında monitorinqləri davam etdirir.
Qurumdan verilən məlumata görə, duru və bərk yağ (marqarin, spred) məhsulları bazarının araşdırılması ilə əlaqədar tələb olunan sənəd və məlumatları təqdim etmədiyi üçün “Sun Food” MMC və “Bakı Qida və Yağ Fabriki” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması üzrə iş qaldırılıb. Satışda olan yağların tərkibi və insan sağlamlığı üçün hansı təhlükələr daşıdığı maraqlıdır.
Cebhe.info-ya danışan qidalanma mütəxəssisi Məhsəti Hüseynova mağazalarda, marketlərdə kənd məhsulları adı altında bir çox fərqli tərkibli yağların satışda olduğunu bildirib:
“Ancaq, bu yağların heç də hamısı keyfiyyətli deyil. Son günlər aparılan monitorinqlər, insanlar arasında mədə-bağırsaq sisteminin pozulması, həzm sistemində yaranan problemlər, maddələr mübadiləsini pozulması kimi hallar artır. Bu halın onların qəbul etdiyi qidalardan qaynaqlandığını göstərmək olar. İnsanın gündəlik qəbul etdiyi qidalar sırasında yağın yeri əvəzolunmazdır. Lakin yağlar keyfiyyətli olduqda orqanizm üçün faydalı ola bilər. Çünki bir orqanizmin böyüməsi, inkişafi, gündəlik həyati funksyalarını yerinə yetirməsi üçün hər gün müəyyən miqdarda makro və mikro elementlər lazımdır. Makroelementlər sırasında yağları göstərə bilərik. Yağ orqanizmdə həm enerji mənbəyidir, həm mütləq şəkildə gündəlik istehlak olmalıdır. Ucuz yağlar var ki, kiloqramı 2-3 manata satılır. Belə olan halda bilinir ki, keyfiyyətli yağ deyil. Normal yağ təbii süddən və ayrandan hazırlanır”.
Qida mütəxəssisi bildirib ki, təxminən 1 kq yağın başa gəlməsinə mövsümünə, südün yağlılığına görə 22- 25 litr süd tələb edilir. Belə olan halda qiymət artımını da nəzərə alsaq, 1 kq yağın ən azı 20 manatdan yuxarı satılmasını düşünə bilərik:
“Satışda olan bir çox yağlar var ki, bunlara trans, spred yağlar əlavə olunur. Bir çox qatqılar, aromatizatorlar əlavə edilərək “kərə yağı” adı altında satılır. Bəzən isə palma yağlarını “natural” kimi aldadıcı sözlərdən istifadə edərək satırlar. Bu zaman istehlakçılar daha çox aldanırlar. Yaxşı yağ açıq- sarı rəngdə, iysiz olmalıdır. Çörəyin üzərinə çəkdikdə tam şəkildə yayılmalıdır. Hamar şəkildə olmalı, yumrucuqlar şəklində ayrılmamalıdır, bıçağa yapışmamalıdır.
Bir sıra hallarda qiymət keyfiyyət göstəricisi deyil. Ucuz yağlardan istfadə etdikdə ürək-damar xəstəlikləri, xərçəng belə yaranır. Belə yağlardan istfadə etmək tövsiyə olunmur. Bir çox hallarda da nehrə yağı adı altında bazarda sata məhsul satılır. Marqarini az miqdada nehrə yağ ilə çalxalayıb, bəzən dadlandırıcı əlavə edib satırlar. Keyfiyyətli yağı mənşəyi bəlli markalardan almaq lazımdır. Harada istehsal olunduğu məlum olmayan, üzərində aldadıcı ifadələr yazıb, içərisində bitki yağı və ya palma, spred yağı kimi göstərilirsə, deməli bunlar keyfiyyətli yağlar hesab olunmur”.