Cəmiyyət Manşet

Vasif Talıbovun KÖNÜLLÜ İSTEFASI gündəmə gətirilir… – Ekspert danışır

 

Bir neçə gündür ki, Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının bir sıra qurumlarında əməliyyat tədbirləri keçirib.

Belə ki, DTX Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirib, komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib. DİA.AZ bildirir ki, məhkəmə Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildiyini elan edib.

Cinayət işi üzrə araşdırmalar komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Digər məlumata görə, Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb. Hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. Son hadisələr ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Bildirilir ki, baş verən proseslər Naxçıvandakı yarıtmaz idarəçiliyin göstəricidir.

Proseslər Naxçıvan MR-in Ali Məclisinin Sədri Vasif Talibovun istefasına səbəb ola biərmi?

Siyasi ekspert Heydər Oğuz Cebhe.info-ya bildirdi ki, Naxçıvanda baş verən proseslər Vasif Talıbovun yarıtmaz siyasətinin nəticəsidir:

“O, öz yarıtmaz siyasətinə haqq qazandırmaq üçün tamamilə ayrı bir siyasət yürüdür. Naxçıvanda “qanunlar” Azərbaycan qanunlarından tamamilə fərqlənir. İndiyə qədər Azərbaycanda yürüdülən nə siyasət varsa, Vasif Talıbov tamamilə onun əskini həyata keçirib. Naxçıvan camaatı zülm içərisindədir, orada çox ciddi isahatların aparılmasını tələb edir. DTX orada əməliyyata başlayandan insanlar əməlli-başlı bayram, şadlıq edirlər. Şükürlər olsun ki, Naxçıvan camaatının səsi eşidildi.

Vasif Talıbovun özünə qalsa təbii ki, istefa verməyəcək. Çünki vəziyyət elə bir yerə gəlib çatıb ki, o, istefa verərsə, Naxçıvan camaatı gəlib onun yaxasından yapışacaq və hesab soruşacaq. O, hamının əlindən var-dövlətini alıb, hər şeyi mənimsəyib, indi ağır vəziyyətdə qalacaq. Yəqin ki, digər icra başçıları kimi həbsxanaya gedəcək”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir