Məlumdur ki, ölkəmizdə ən çox şikayət olunan qurumlardan biri “AZAL”dır. Bu şirkətin bilet qiymətlərindəki bahalıq və eyni zamanda müştərilərə göstərilən xidmət səviyyəsinin aşağı olması nə qədər tənqid olunsa da, sözügedən şirkət öz fəaliyyətində heç bir dəyişiklik etmir. Bir müddət öncə Milli Məclisin iclasında çıxış edən deputat Tahir Kərimli də aviabiletlərin qiymətlərinin çox yüksək olmasından şikayət etmişdi. Deputat region ölkələri ilə müqayisədə Azərbaycanda qiymətlərin bir neçə dəfə artıq olduğunu bildirmişdi. Bu dəfəki şikayət isə müştəriyə göstərilən diqqətsizliklə bağlıdır.
Zirveyolu.info yenicag.az-a istinadla xəbər verir ki, “AZAL”ın xidmətindən istifadə edən Bulud Fətullayev adlı müştəri üzləşdiyi problemlə bağlı şirkətə öz şikayətini bildirib. Lakin aldığı cavab təəccüb doğurub:
“Hər bir azərbaycanlı kimi şikayətim “AZAL” yerli hava yolu şirkətindəndir. Bu səfərki şikayətim aviabiletlərin bahalılığından deyil, personalın onlara əmanət olunan əşyalara bivec yanaşmalarındandır. Üzərində “Fragile” etiketi olan bir çamadana bu cür münasibət göstərilirsə, etiketi olmayanları siz düşünün. Şikayətimi bildirdim və mənə “Əvvəllər çamadanlar yenisiylə əvəz olunsa da, indi artıq təmirə yollanılır və uzun müddət təmirdə qalır. Siz nə özünüzü yorun, nə də bizi..” cavabı verildi. İndiyədək yetəri qədər şikayət bölüşülüb, müqayisələr aparılıb. Xidmət səviyyəsinin sıfırlığından və qanunlara əməl etməmələrindən danışılıb, lakin bu barədə hər hansısa müsbət dəyişiklik yoxdur”.