Bir müddət əvvəl Bakı şəhər sakini Mübariz Quluzadənin “Biləsuvar-Quşçuluq” ASC rəhbərliyinin 30-a yaxın insanı əmək müqaviləsiz işlətməsi və əmək haqlarını ödəməməsi barədə şikayətini dərc etmişdik.
Xatırladaq ki, şikayəti araşdırarkən əldə etdiyimiz “BİLƏSUVAR QUŞÇULUQ” ASC (VÖEN: 4100040141) İdarə Heyətinin sədri Nihad Ağayevin imzası ilə olan bir Etibatnamədə göstərilən (050)-207-44-05 telefon nömrəsinə zəng etdik. Ancaq zəngimizə cavab verən şəxs Nihad Ağayev deyil, şikayətdə adı çəkilən Seyran adlı şəxs olduğunu dedi. Belə olan halda, barəsində yazılan sözügedən şikayət barədə onu məlumatlandırdıq. O, isə sahibkara yaraşmayan bir tərzdə dedi ki, danışmağa vaxtı yoxdur və guya şikayətçi Mübariz Quluzadəni tanımır və s. Halbuki şikayətçi M.Quluzadə onunla dəfələrlə danışdığını, bir yerdə görüşdüklərini, iş yerində dəfələrlə ünsiyyətdə olduğunu və s. bildirir.
Eyni zamanda, o, məsələ ilə bağlı heç bir açıqlama vermək istəmədiyini söylədi: “Mən elə bir adamı işlətməmişəm, tanımıram da. Yaxşı, respublikada 50 min adam məndən şikayət edəcək, siz də mənə zəng edəcəksiniz? Çox danışmağa vaxtım yoxdu. Kim hara şikayət edib, özü bilər. Getsin şikayət eləsin”.
M.Quluzadənin redaksiyamıza verdiyi məlumata görə, yazının dərcindən sonra ilk günlər qarşı tərəf problemi həll etmək üçün ortaq razılığın əldə edilməsi ilə bağlı onlara təkliflər etsə də, amma sonradan fikirindən dönüb… Bu səbəbdən də M.Quluzadə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə müraciət etmək məcburiyyətində qalıb.
Redaksiyamıza daxil olan Baş prokuror K.Əliyevə ünvanlı həmin müraciəti oxucularımıza təqdim edirik:
“Hörmətli cənab Baş Prokuror!
Bildirirəm ki, biz – bir qrup şəxs Bakıda və bölgələrdə briqada şəklində təmir və tikinti işləri ilə məşğul oluruq. Bu ilin avqust ayında özünü “Biləsuvar-Quşçuluq” ASC-nin rəhbəri kimi təqdim edən, Bakı şəhərində yaşayan Seyran adlı şəxs bizimlə görüşərək, Biləsuvar rayonunun Səmədabad kəndində yerləşən quşçuluq fermasının təmirə ehtiyacı olduğunu bildirdi. O, görəcəyimiz işlər barədə ətraflı məlumat verdi və hər həftənin sonunda görülən işin müqabilində müəyyən edilmiş əmək haqqını nağd şəkildə ödəyəcəyini dedi. Biz Biləsuvar rayonunun Səmədabad kəndində gedib görəcəyimiz işlə ətdaflı tanış olduqdan sonra Seyran müəllimlə həmin işləri görmək üçün müvafiq qiymətə şifahi razılaşdıq və 2022-ci il avqust ayının 8-dən fermada təmir işlərinə başladıq. Belə ki, bir neçə briqada birlikdə eyni vaxtda fermanın döşəməsində, divarlarında və tavanında təmir işləri görürdük. Mənim rəhbərlik etdiyim briqadanın əsas işi fermanın döşəməsində dolğu işləri aparmaqla torpağı kipləşdirmək və beton işləri görmək idi. 10 gün ərzində dolğu işləri görüldü. Dolğu işlərindən sonra 4 gün gecə-gündüz çalışaraq beton işlərini də yerinə yetirdik. Hər gün icarəyə götürdüyümüz texnikaların sayəsində 1000 kvadratmetr beton işləri aparırdıq. Ümumilikdə, 4000 kvadratmetrlik beton işləri gördük. Bütün material və texnika isə öz hesabımıza təmin edilmişdir.
Beton işləri başa çatdıqdan sonra Seyran müəllim görülən işi bəyənmədiyini deyərək, əmək haqqımızı (49 min manat) verməkdən imtina etdi. Bəhanəsi də bu oldu ki, guya o, beton döşəmənin üzünün parlaq olmasını istəyib, biz “matıvıy” etmişik. Ona görə də əmək haqqımız olan 49 min manatı vermədi. Mən yenidən öz cibimdən 6 min manat xərc çəkərək aparat gətirib betonun üzünü Seyran müəllimin istədiyi kimi parlaq etdim. Sonra dedi ki, beton döşəmənin içində kanallar çəkilməlidir. Biz onu da həll etdik. Halbuki bu işləri əvvəldən sifariş veriləndə deməli idi. Başa düşürdük ki, bunların hamısı bəhanələrdir. Demək olar ki, o, pulumuzu verməmək üçün işimizdə nə bəhanə gətirirdisə, onu kəsirsiz yerinə yetirdik. Təki onun bəhanəsi kəsilsin. Beləcə, bizə əziyyətlər verir, bezdirirdi. Bundan sonra Seyran müəllimə dedim ki, gəlin, işi təhvil alın, pulumuzu verin gedək. Bu dəfə isə dedi ki, betonun markası aşağıdır, ona görə bizə pul verməyəcək. Mən məcbur olub S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutundan aparat gətirib yoxlatdıq. Mütəxəssislər bildirdilər ki, betonun markası “M-250″dir. Seyran müəllim yenə də müxtəlif bəhanələrlə bizim əmək haqqımızı vermək istəmir.
Hörmətli Kamran müəllim!
Ona görə də biz aldadılmış insanlar mətbuat vasitəsi ilə Sizə – Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə müraciət edərək, bildiririk ki, özünü “Biləsuvar-Quşçuluq” ASC-nin rəhbəri kimi təqdim edən, Bakı şəhərində yaşayan Seyran adlı şəxs bizi əmək müqaviləsiz qul kimi işlədərək halal əmək haqqımızı vermir.
Hörmətli cənab Baş prokuror!
Xahiş edirik, bizim əmək haqımızı mənimsəyən, özünü “Biləsuvar-Quşçuluq” ASC-nin rəhbəri kimi təqdim edən Seyran adlı şəxsin barəsində qanunu tədbirlər görəsiniz”.
Qeyd edək ki, 30-a yaxın şikayətçi fəhlənin imzası ilə həm də Əmək və Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi cənab Vəli Quliyevə də müraciət edilib. Əminik ki, Baş Prokurorluğun, eləcə də Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi məsələyə həssas yanaşacaq, aldadılmış fəhlələrin TEZADLAR TV-yə gələrək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət etmələrinə imkan verilməyəcək. Həmçinin, insanların əmək müqaviləsiz işlədilməsinə və “BİLƏSUVAR QUŞÇULUQ” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətindəki digər qaranlıq məqamlara aydınlıq gətiriləcək…
Şikayətlə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
“Təzadlar”ın Araşdırma Qrupu