Naxçıvan sərhədindən narkotik keçirməyə çalışan İran vətəndaşları saxlanılıb.
Yenipress.az xəbər verir ki, bu barədə həm Gömrük Komitəsi, həm də Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Ancaq məlumatlar bir-birindən fərlənir.
Gömrük Komitəsinin məlumatında deyilir:
“Naxçıvan Baş Gömrük İdarəsinin Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitənin ölkəmizin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.
Belə ki, “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına qarışıq ərzaq malları aparan “DAF” markalı avtomobil saxlanılıb və əsaslı yoxlamaya cəlb olunub. Bu zaman kinoloji xidmət itinin reaksiyası nəticəsində, nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən 4 ədəd bağlama aşkarlanıb.
Bağlamalardan birində 15 ədəd, digər üç bağlamanın hər birində isə 18 ədəd olmaqla, ümumilikdə 69 ədəd bağlamada təmiz çəkisi 26 kq 350 qram narkotik vasitə – marixuana aşkar edilib.
Avtomobilin sürücüsünə məxsus gödəkçədən isə gömrük nəzarətindən gizlədilən, təmiz çəkisi 0,375 qram təşkil edən psixotrop maddə – metamfetamin aşkar olunub”.
Dövlət Sərhəd Xidmətinin məlumatında isə bildirilir:
“Dekabr ayının 20-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Şahtaxtı” dövlət sərhədindən buraxılış məntəqəsində, İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində rəsmi qaydada keçən İran İslam Respublikası vətəndaşı 1966-cı il təvəllüdlü Azizmohammad Mahmoud Najiollah oğlunun idarə etdiyi “DAF” markalı XB389BX dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük əməkdaşları ilə birlikdə keçirilmiş baxış zamanı avtomobilin qoşqusunun arxa qapısının arakəsmə hissəsində gizlədilmiş halda 37,4 kiloqram marixuanaya bənzər narkotik vasitə aşkar edilmişdir.
Fakt üzrə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir”.
Hər iki qurumun yaydığı foto və videolardan görünür ki, eyni əməliyyat, eyni maşın, eyni xidmət əməkdaşlarıdır. Zatən xəbərdə də bildirilir ki, əməliyyat birgə keçirilib.
İndi isə sual yaranır: necə olur ki, DSX 37,4 kq marixuana aşkarlandığını deyir, Gömrük Komitəsi isə 26 kq 350 qram? Necə olur ki, Gömrük Komitəsinin açıqlamasında 375 qram metamfetamin aşkarlanması faktı var, DSX-də isə yoxdur?
Bu rəsmi biabırçılığın bir izahı varmı?