“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (ASC) müflis elan oluna bilər.
Buna səbəb son illər şirkətə olunan sifarişlərin sayının sürətlə azalması və şirkətin vergi borcunun yaranmasıdır.
DİA.AZ bildirir ki, məlumatı “qlobal.az”a ASC-də çalışan əməkdaşlardan biri verib.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC sabiq baş prokuror Zakir Qaralova məxsus olduğu iddia edilir.
Bu barədə yerli mediada xeyli yazılar dərc edilib.
Zakir Qaralov Baş prokuror vəzifəsindən azad edildikdən sonra şirkətə sifarişlərin sayı kəskin formada azalıb.
Məlumata görə, hazırda şirkətdə vəziyyət o qədər acınacaqlı durumdadır ki, nə işçilərinin maaşlarını, nə də ki vergi borclarını verə bilmirlər.
Savadlı kadr və mütəxəssis heyətinin şirkətdən getdiyi bildirilir.
“”Akkord STİK” ASC-nin belə acınacaqlı duruma düşməsinin səbəbi təkcə vaxtilə bu şirkətə himayədarlıq edən Zakir Qaralovun vəzifədən getməsi ilə bağlı deyil. Düzdür, sabiq Baş prokurorun vəzifədən getməsi “Akkord” şirkəti üçün böyük zərbə oldu. Amma “Akkord”un bu duruma gəlməsinin səbəbi həm də sifariş aldığı layihələri, gördüyü işləri keyfiyyətsiz aparması ilə əlaqədardır.
“Akkord”un Quba-Bakı, Bakı-Şamaxı, Zığ-aeroport yollarının inşası zamanı keyfiyyətsiz iş apardığına görə dövlətə yüz milyon manatlarla ziyan dəyib”-deyə, məlumatda qeyd edilir.
Məlumatda məhz keyfiyyətsiz iş apardığına görə “Akkord STİK” ASC-yə işğaldan azad olunan ərazilərdə heç bir iş verilmədiyi deyilir.
“Akkord STİK” ASC-nin ən son layihələrindən biri Şəki Rayon İcra hakimiyyətinin yeni inzibati binasının tikintisi olub.
Şəki Rayon İcra Hakimiyyətinin 2020-ci ilin iyun ayında bu məqsədlə keçirdiyi tenderin məbləği 3.624.820 manat olub.
“Akkord STİK” ASC-nin bu tenderdə qalib elan edilməsində də şübhəli məqamların, daha doğrusu öncədən sövdələşmənin olduğu iddia edilir.
Belə ki, Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov əvvəllər “Akkord” şirkətinin baş mühəndisi vəzifəsində çalışıb.
Elxan Usubov eyni zamanda Zakir Qaralovun Baş prokuror olduğu dönəmdə birinci müavini vəzifəsində çalışmış Rüstəm Usubovun qardaşıdır.
Məhz bu amilə görə “Akkord” şirkətinin Şəki rayon İcra Hakimiyyətinin sözügedən tenderində qalib olduğu səslənən iddalar arasında yer alır.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin hazırda vergi borcu 96.625 manat təşkil edir.
Məlumatda da qeyd olunur ki, ötən həftə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun “Tərtər işi”nə görə sabiq baş prokuror Zakir Qaralovu tənqid etməsi də təsadüfi olmayıb. Bu, Zahir Qaralovla addımların anonunsu sayıla bilər…