“Zirvə Yolu” xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan Respublikası avtomagistralının 454-cü kilometrliyində, Ağstafa rayonunun Qırılı kənd yolunda qeydə alınıb. “Hyundai” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü ağır xəsarət alıb və hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə Ağstafa rayon Polis Şöbəsinin, Ağstafa rayon Prokurorluğunun və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin 9-cu tağımının əməkdaşları cəlb olunub. İlkin araşdırmalar nəticəsində ölən sürücünün, 34 yaşlı Aqil Alıyevin olduğu müəyyən edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun verdiyi açıqlamaya görə “Hyundai”nin sürücüsü Aqil Alıyev Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin İnzibati Təcrübə üzrə baş inspektoru, polis leytenantıdır.
Hadisə ilə bağlı Ağstafa rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.