Hurriyyet.az-a müraciət edən adının çəkilməsini istəməyən, bərbər fəaliyyəti ilə məşğul olan vətəndaş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi tərəfindən qanunsuz yerə cərimələndiyini iddia edir.
Şikayətçinin sözlərinə görə, bərbər kimi fəaliyyət göstərsə də, Dövlət Reklam Agentliyi ona vəzifəli şəxs kimi 1500 manat cərimə yazıb: “Adıçəkilən agentlik mənim bərbərxanama 1500 manat cərimə yazıb. Qeyd edim ki, “bərbərxana” sözü təxminən, 2 metrə yaxındır. Mənə cərimə yazmalarının səbəbi aylıq bu qurumua 5-6 manat verə bilməməyimdir. Pandemiya dönəmində ailəmi dolandıra bilmədiyim üçün gözətçi işləyirdim. Gözətçi kimi çalışdığım yerdən aldığım 283 manatın 150 manatını məhkəmə tərəfindən hər ay tutublar. Məsələnin maraqlı tərəfi ondadır ki, mənə – bərbərə vəzifəli şəxs kimi 1500 manat cərimə yazıblar”.
Bu məsələ ilə bağlı bütün müvafiq qurumlara müraciət etdiyini deyən şikayətçi bildirib ki, bunun heç bir faydası olmayıb: “Bu işlə bağlı baş prokuror Kamran Əliyevin, Şəki Apellyasiya Məhkıməsinin sədrinin qəbulunda olmuşam. Ancaq heç kim işimə baxmır, problemi həll etməkdə maraq göstərmir. Xahiş edirəm ki, bu məsələni işıqlandırıb adiyyəti qurumların mənə yardım göstərməsinə köməklik edəsiniz”.
Hurriyyet.az