Bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında göstərilir. Bəyanatda qeyd edilir ki, növbəti ildə də dünya bazarında birja əmtəələrinin qiymətlərinin dinamikası, tərəfdaş ölkələrdə inflyasiya prosesləri və daşınma xərcləri ölkədəki inflyasiya proseslərinə təsir göstərəcək:
“Ortamüddətli dövrdə inflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri nəticəsində inflyasiyanın tədricən hədəf diapazonuna doğru hərəkət edəcəyi proqnozlaşdırılır. Artmaqda davam edən inflyasiya təzyiqlərinin inersiyası nəzərə alınmaqla onun azalması tədricən baş verəcəkdir və bu proses gözlənildiyindən daha uzun çəkə bilər”.
Qeyd edək ki, 2022-ci ildə ölkədə rəsmi göstəricilərə görə, orta illik inflyasiya 13,8 faiz təşkil edib. Qeyri-rəsmi rəqəmlərdə isə bu göstərici daha yüksəkdir.
Doğrudanmı bu gün ölkədəki mövcud inflyasiyada xarici mühitin təsirləri var və cari ildə də göstəricilər gözləniləndən artıq olacaq?
Zamantv.info-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, dünya bazarında, regionumuzda da qeyri-sabitlik qalır:
“Əsasən də Rusiyanın Ukraynaya təcavüzü gələn il də logistik xətlərin axsamasına və ərzaq bazarında müəyyən çətinliklərin olmasına səbəb ola bilər. Ən azından belə ehtimallar var. Ona görə də xarici bazarlarda baş verən hadisələri proqnozlaşdırmaq, gedişatın hansı yöndə dəyişəcəyini bilmək çətin olduğu üçün bu ildə inflyasiya gözləntiləri də yüksəkdir. Ancaq bu, həm də sual yaradır ki, Azərbaycan xarici bazarlardan niyə bu qədər çox asılı olmalıdır? Azərbaycan təəssüf ki, ərzaq məhsullarında cəmi 25 faiz daxili istehsal hesabına özünü təmin edir. Qeyri-ərzaq məhsullarının elə növləri var ki, ümumiyyətlə, 100 faiz xaricdən asılıyıq.
Böyük əksəriyyətdə də yenə 80-100, hətta dərman preparatlarında 94 faiz xaricdən asılılığımız var. Bu, Azərbaycan hökumətini daha çox düşündürməlidir. Əgər bu qədər böyük asılılıq yaranarsa, xarici bazarlarda baş verən istənilən dalğalanmalar Azərbaycana daha çox təsir göstərir və qiymət artımının sürətlənməsinə səbəb olur. Ona görə də orta və uzun müddətdə Azərbaycan hökuməti daxili istehsalın daha da genişləndirilməsi haqqında düşünməlidir. Bunun üçün ciddi qərarlar və proqramlar qəbul olunmalıdır. Nə qədər ki, bu, baş verməyib, biz xarici bazarlarda baş verən istənilən dəyişikliklərə həssas reaksiya verəcəyik”.
Ekspert bildiirb ki, ona görə 2023-cü il üçün də inflyasiya gözləntiləri kifayət qədər yüksəkdir:
“Ən azından yenidən ikirəqəmli inflyasiya görəcəyik. 2016-cı ildən ilk dəfə idi ki, 2022-ci ildə biz yüksək inflyasiya rəqəmləri gördük. Təəsüf ki, 2023-cü ildə də ikirəqəmli inflyasiyanın şahidi olacağıq”.