Cəmiyyət

Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı şok qərar gözlənilir – İLGİNC

Sabiq MTN generalı Akif Çovdarovun müsadirə olunmuş 30 milyonluq əmlakının geri qaytarılması ilə bağlı məhkəmə qərarı böyük rezonans doğurdu.

Müstəqil hüquqşünaslar və cəmiyyətin fəal kəsimi Bakı Apellasiya Məhkəməsinin çıxardığı bu qərarı ölkənin hüquq sisteminin baltalanması kimi qiymətləndirdilər.

Yenisabah.az xatırladır ki, A.Çovdarovla bağlı budəfəki məhkəmə qərarına Bakı Apellasiya Məhkəməsinin hakimi Habil Məmmədov imza atıb.

51 yaşlı hakimin çıxardığı bu qərar tənqidlə qarşılandığı üçün yaxın ətrafı Habil Məmmədovun Birinci Qarabağ Müharibəsi iştirakçısı olduğunu və döyüşlər zamanı minaya düşərək ayağının birini itirməsini önə çəkərək tənqidin dozasını azaltmağa çalışsa da, məlum qərar və onun ətrafında yaranan ajiotaj uzun müddət gündəmdə qaldı.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, ictimai təpkinin güclü olması, sözügedən qərarın ölkədə məhkəmə sisteminin imicini ciddi şəkildə zədələməsi siyasi hakimiyyəti əməlli-başlı narahat etməyə başlayıb. Məlumatlı şəxsin saytımıza bildirdiyinə görə, hakimiyyət ideoloqları məhkəmə sisteminin imicini xilas etmək üçün geriyə addım atmağı təklif ediblər. Aparılan müzakirələr nəticəsində bu təklifin qəbul edilməsi məqbul sayılıb.

Mənbə saytımıza açıqlamasında deyib ki, sözügedən qalmaqallı məhkəmə qərarı ilə bağlı yaxın günlərdə apellasiya şikayətinin verilməsi gözlənilir.

Prokurorluq orqanı tərəfindən veriləcək apellasiya şikayətinə Ali Məhkəmədə baxılaraq, hakim Habil Məmmədov tərəfindən çıxarılmış qərarın ləğv ediləcəyi bildirilir. //Yenisabah.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir