Köşə Manşet Qarabağ

Məndəki Şuşa – Günel Mehri yazır

İkinci hekayət: 12-15 sentyabr, 2022

12 sentyabr… Çəkiliş qrupumuzla yenidən Şuşadayam. Və bu sətirləri Şuşadakı eyvanlardan birindən yazıram. Aylar öncə aşiq olduğum, ətri burnumda, siması gözümdə, azanı qulaqlarımda yuva salan sevgili şəhəri vəsf edərək yazıram. Bilirəm ki, Bakıya qayıdar-qayıtmaz bu tənha küçələr, yarıuçuq evlər, qədim məscidlər üçün burnumun ucu göynəyəcək. Gördüklərimi yaddaşımda diri saxlamaq üçün yazıram… Qəribədir. Burada darıxmaq hissim ərşə çəkilir. Bütün doğmalarımdan, evimdən kilometrlərlə uzaqlarda olsam da, darıxa bilmirəm, ya da darıxmaq istəmirəm. Yorğunam, amma bu, şirin, məstedici bir yorğunluqdur. Gözlərimi dörd açıb Şuşanın bu aylar ərzində dəyişib abadlaşan panoramasını seyr edirəm. Yarı-yarımçıq tikintilərdən qalxan səs-küy şəhərin əsas interşumuna çevrilib. Şər qarışan vaxtdır. Gün son şüalarını paylayır. Və birdən azan şəhəri ağuşuna alır: “Allahu Əkbər. Allahu Əkbər. Əşhədu ən la iləhə illəllah. Əşhədu ənnə Muhammədən Rəsulallah…” Bütün taqqıltıları basdıran azanın fonunda səsli düşünürəm: “Ya Rəbb, səfərimizi uğurlu et! Uğurlu et! Uğurlu…”

13 sentyabr… Səhəri aramsız çalınan telefon zəngiylə açıram. Rejissorumuz Xürrəm Nəbibidir:

– Sabahın xeyir. Aşağı düşə bilərsən? Vacib söhbət var.

– Təcilidir?

– Hə…

Telefonu söndürəndə baxıram ki, internetim dayanıb. “Bir bu çatışmırdı…” Beş dəqiqəyə aşağıdayam. Bütün heyət gərgin görünür:

– İnternetim kəsilib…

– Mən özümünkünü bərpa etdim. Onda xəbərləri bilmirsən…

– Nə xəbər? Nəsə olub?

Danışa-danışa böyük turistik avtobusların bir göz qırpımında həyəti tərk etdiyini görürəm. Dünən tədbirə gələn idman iştirakçıları sürücünün “Tez edin, tez” çağırışına əsasən təkərli çemodanlarını sürüyüb avtobuslara doluşurlar. Bu dəfə prodüserimiz Rüfət Məmmədov söhbətə qarışır:

verib xəbər lentinə baxıram. 50 şəhidin fotoları xəbər lentindən mənə gülümsünür. Bu, Şuşada keçirdiyim ən kədərli sabahdır…

Cıdır düzündəyik. Bu geniş boşluqdan mavi səmanın ənginliklərinə boylana-boylana şəhidlərimizin əziz ruhuna dualar oxuyuram. Elə bilirəm, burdan dualar daha tez yetişər… Sonra hər nə olursa, çiynimdəki yüklər bir-bir boşalır. Rahatlaşıram… Burdakı həmsöhbətim Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva-Cavanşirovadır. Cıdır düzündə onunla Üzeyir bəydən başlayıb Şuşanın bütün sənət əhlini yad edirik. Nəql edir ki, bir gün Bülbül xalq mahnılarını toplamaq üçün Asəf Zeynallı ilə Şuşaya gəlir. Yolda Asəf Zeynallı Xan Şuşinski ilə tanış olmaq istədiyini bildirir. Lakin Xanı evdə tapmırlar. Xəbər edirlər ki, Xan adəti üzrə Cıdır düzündə məşq edir. Yollanırlar ora. Asəf soruşur ki, bəs biz Xanı necə tapacayıq? Bülbül gülür, baxarsan indi, mən bir ağız oxuyacam, o da bir ağız, səs səsə verib tapışacayıq. Elə də olur. Mən bir anlıq o günlərə gedib, iki sənət korifeyinin deyişməsini dinləyirəm… Sonra Şuşanın mərkəzindəki kiçik parka keçirik. Bəyimxanım xatırlayır:

– Bura o vaxtlar “Güllü bağ” adlanırdı. Atam hər yay Şuşada olanda gəlib burda oturardı. Onun öz skamyası vardı. Xan Şuşinski olmayanda da o yerdə heç kim oturmazdı ki, bura Xan əminin yeridir. Şuşa haqda ilk mahnını da atam yazmışdı. O mahnıya görə atamı çox incitdilər ki, niyə yazıbsan, Şuşanın dağları başı dumanlı? Axı, sovet şəhərinin başı dumanlı ola bilməz. Day demirdilər ki, atam o rəngləri təsadüfən verməyib. Atam o mahnıda qadağan olunmuş cümhuriyyət dönəminin üçrəngli bayrağına işarə edirdi. Belə-belə işlər…

Bax burdaca maşını saxlayın. Sizə atamın təhsil aldığı Şuşa Real məktəbini göstərəcəm.

Ancaq fasadı salamat olan qədim binanın qarşısına gəlirik. Məktəb 1881-ci ildə tikilib. 6 sinifdən ibarət olan Real məktəbdə ərəb, rus, fars dilləri tədris edilirmiş. Buranı bitirənlər sırasında Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminli də olub. Sonra da sevgili Üzeyir bəyin daşı daş üstdə qalmayan ocağına gəlirik. Heç bilmirdim ki, Xan Şuşinski Üzeyir bəyin evinə bitişik yaşayırmış. Burda iki qadın ikimiz də kövrəlirik. Bəyimxanım atalı, analı günlərinin yeganə xatirəsi olan ağaca sarılıb doluxsunur. Mənsə Üzeyir bəyin bir vaxtlar turistlərlə qaynayan ev-muzeyinin qalıqları arasında oturub sevgili maestronu yad edirəm. Çətindir… Sonra elə bil göydən düşmüş kimi almalar dərib gətirirlər bizimkilər. Eləcə oturduğum yerdə almaların fotosunu çəkib ləzzətlə yeyirəm. Necə olsa, sevgili Üzeyir bəyin həyətindəndir.

Növbəti daddığım Şuşa neməti isə qozdur. Özü də tarı təkmilləşdirən, dizdən sinəyə qaldıran məşhur tarzən Sadıqcanın həyətindən dərilmiş qoz. Ağaclar sahibinə necə sadiq olarmış… Bunu da mən Qarabağ torpaqlarında öyrəndim. Sadıqcanın nəticəsi Elçin Sadıqov qozu mənə verəndə deyir ki, illər öncə bu həyətdə həmin ağacı mən əkmişdim. Onda bapbalaca idi, indi boyda məni keçib… Bu meyvələri yedikcə…Kövrəlir… Yedikcə elə bil uşaqlığıma qayıdıram. Sadıqcanın evi də əksər Şuşa evləri kimi, yerlə-yeksan olsa da, üçmərtəbəli olması və möhtəşəm arxitekturasıyla diqqət çəkir. Elçin müəllim danışır ki, bu evi İran şahının toyundan sonra aldığı qızılların hesabına tikdiribmiş babam. Sonra öyrənirəm ki, tarzən Sadıqcanla Şuşa maarifçisi Mir Möhsün Nəvvab yaxın dost olublar. “Məclisi-fəramuşan”la möhkəmlənən bu dostluq qohumluqla nəticələnir və bu qohumluqdan ortaya çıxan xələf də elə qarşımda duran Elçin Sadıqovdur. Beləcə, söhbətləşə-söhbətləşə Sadıqcanın imarətindən uzaqlaşıb Nəvvabın evinə yol alırıq. Nəvvabın evi də bizi alça ağaclarıyla qarşılayır. Elçin müəllim həyətdən dərdiyi alçaları sevinclə mənə uzadır: “Yeyin. Seyid ocağının payıdır”. Alçaları nuş edib ehtiyatla hər an qopma təhlükəsi olan taxta pillələri qalxıram. Burda deyiblər e, ölmək, ölməkdir, xırıldamaq nə deməkdir. Şuşanın ən qabaqcıl ziyalısı alim, astronom, şair, rəssam, bir sözlə, ensiklopedik biliklərə sahib olan Mir Möhsün Nəvvabın evindəyəm. Sovet dönəmində ev-muzeyinə çevrilmiş bu bozarmış divarları vaxtilə onun öz əli ilə çəkdiyi rəsmlər bəzəyirmiş. Bu ev zamanında bir çox adlı-sanlı musiqiçilərin, şairlərin təşrif buyurduğu şeir-sənət ocağıymış…

Növbəti dayanacağımız isə bəstəkar Süleyman Ələsgərovun evidir. Nəvəsi Tahir İmanov deyir ki, Şuşanın 17 məhəlləsinin hər birinin öz hamamı, öz bulağı, öz məscidi vardı. Bizim məhəllədə ən məşhur evlərdən biri Süleyman Ələsgərovun evi idi. Kimin nə problemi olardı, bu qapıya üz tutardı. Çünki bilirdilər ki, Süleyman əmi əlindən gələni əsirgəməyəcək. Babam hər yay bizi də yığıb bura gətirərdi və bu qonaqlı-qaralı evdə bilsəz, nənəm kimlərə süfrə açmayıb. Hətta maestro Niyazi də öz orkestr nümayəndələri ilə bu evin qonağı olub. Yeri gəlmişkən, babam bir çox əsərlərini, o cümlədən, Süleyman Rüstəmin “Qarabağ” şeirinə bəstələdiyi mahnını da bax bu evdə olan iş otağında yaratmışdı. Sonra Tahir İmanov gözləri yol çəkərək dilinin ucunda həmin mahnını zümzümə edir:

Gül-çiçək ətri hopub qızlarının dillərinə,

Yayılıb varlığının qüdrəti dost ellərinə,

Qoymaram yad əli dəysin bağının güllərinə,

Mən Süleyman, səninəm, sən də mənimsən, Qarabağ!

Vətənimsən, vətənimsən, vətənimsən, Qarabağ!

15 sentyabr… Bir payız sabahıdır Şuşada. “Xarıbülbül” restoranının qarşısındakı kiçik parkda var-gəl edirəm. Dörd gün ərzində istedadlı rejissorum Xürrəm və digər yaradıcı qrupumuzla Şuşanın altını üstünə çevirib çəkilişimizi tamamlamışıq. Şəhərdə girmədiyimiz döngə, dadmadığımız meyvə qalmayıb. Amma bütün səfərlərin bir sonu olur. Ekstrim, maraq və sevinc dolu bu səfərimiz də sonlanır. Maşınımıza doluşub şəhərdən çıxırıq. İlk posta çatanda səfər yoldaşlarım maşından düşüb tanış hərbçi ilə görüşürlər. Hərbçi nigaran-nigaran maşınımıza boylanır:

– Yaman gərgin vaxtda gəlmişdiz. Di salamat gedin. Yolunuz açıq olsun…

Elə bilirəm, hərbçinin dilə gətirdiyi sözlər Şuşanın iç səsidir… Yenidən dolanbac aşırımlardayıq. Düşünürəm ki, Şuşa bu gərgin günlərdə bizi “bağrına basmışdı”, indi isə evimizə “buraxır”. Uzaqlaşdıqca nöqtə kimi görünən şəhərə sarı minnətdarlıqla boylanıram: “Görüşənədək, əzizim! Özünü qoru! Sənin üçün darıxacam…”

Günel Mehri

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir