Prezidentin Zəngəzuru Azərbaycan ərazisi elan etməsi nə anlama gəlir?… mövzusunda millət vəkili Arzu Nağıyevin şərhi
Ölkə başçısı İlham Əliyev Qərbi Azərbaycan İcması ilə görüş zamanı deyib:
“Bir çox tarixi sənədlər və xəritələr təsdiq edir ki, Qərbi Azərbaycan bizim tarixi, əbədi və əzəli torpağımızdır. Lakin təəssüflər olsun ki, Ermənistan Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi dağıdıb, yerlə-yeksan edib, bir sözlə tarixi irsimizi silmək istəyib, ancaq buna nail ola bilməyib. Ona görə ki, tarix var, sənədlər var, xəritələr var”.
Həmçinin o, nümayiş etdirilən, 20-ci əsrin əvvəllərinə təsadüf edən xəritəyə istinad edərək bildirib ki; “Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.
Prezident vurğulayıb ki, indi bizim ən əsas vəzifəmiz dünya ictimaiyyətinin də bunu bilməsini təmin etməkdir.
“Artıq bu istiqamətdə işlər başlayıb. Ancaq əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaq”– deyə Prezident əlavə edib.
Milli Məclisin deputatı Arzu Nağıyev “Zirvə yolu” media mərkəzinə açıqlamasında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan icmasının ziyalıları ilə görüşündə bir çox ciddi məqamlara toxunub.
Eyni zamanda o, tarixdə baş verən hadisələrin daim Türk dünyasının və Azərbaycanın əleyhinə olmasını qeyd edib. Cənab prezident çıxışı zamanı Qərbi Azərbaycanın bizim tarixi torpaqlarımız olmasını bir daha sənədlərlə, sübutlarla ortaya qoyub.
Onun sözlərinə görə, əsas məqam da ondan ibarətdir ki, bütün sənədlərin, eyni zamanda tarixin sübutu da odur ki, həqiqətən də vaxtilə edilən səhvlərin nəticəsində böyük bir ərazimiz 20-ci əsrin əvvəllərindən məhz Ermənistanın ərazisinə verilib. Bu gün isə onlar- mənfur düşməniz olan ermənilər bizim zəngin sərvətə və əsrarəngiz gözəlliyə malik olan Qarabağ torpaqlarımızı, əraziləri viran qoyub, bizim tariximizə aid olan bütün abidələrimizi, müqəddəs yerlərimizi, ocaqlarımızı darmadağın edərək, çalışıblar ki, özününküləşdirsinlər. Tarix təkrarlanır.
Yenə də Azərbaycan Prezidentinin qeyd etdiyi kimi məhz yenidən biz öz torpaqlarımıza qayıtmaq iddiasındayıq. Çünki düşmən öz iddialarından əl çəkmir, daim ərazi bütövlüyümüzü təhdid etməyə çalışır.
Düşmən öz iddialarından əl çəkmədiyi kimi, biz də öz ata-baba torpaqlarımızdan, doğma yurdumuzdan əl çəkən deyilik. Ölüm bahasına da olsa müqəddəs torpaqlarımızın bir qarışını da mənfur düşmənə vermərik. Əbəs yerə deyilməyib ki; “Torpaqdan pay olmaz”.
Deputat qeyd edib ki, prezident çıxışı zamanı bir sıra tarixi həqiqətlərə də toxunub.
“1920-ci ildə sovet hökümətinin qərarı ilə və təbii ki, düşmən millətçilərinin təkidi ilə Zəngəzur Azərbaycandan ayrıldı. Bundan sonra 1948-1953-cü ildə xalqımızın deportasiyası baş verdi.
1980-cı illərdən çalışırdılar ki, Azərbaycan lidersiz olsun. Ulu öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edərək, yenidən Qarabağ vasitəsilə öz ərazi iddialarını ortaya qoydular.
Çox sayda azərbaycanlını öz dədə-baba yurdlarından didərgin saldılar”,- deyən Arzu Nağıyev qeyd edib.
Azərbaycan dünyaya çatdırmalıdır ki, düşmən tərəf bütün köç məsələlərini, deportasiyaları faktiki olaraq öz havadarları və onların imkanları vasitəsilə həyata keçiriblər. 20-ci əsrdə Azərbaycan ictimaiyyətinə olmazın əziyyət veriblər.
1990-cı ilin əvvəllərində 20 Yanvar hadisələrinə zəmin yaratmaq üçün qanlı hadisələr törədiblər.
“İndi isə azərbaycanlılar artıq öz tarixi dədə-baba yurdlarına qayıtmaq arzularını ortaya qoyublar.
Bu səbəbdən də çox ciddi işlər görmək lazımdır. Əsas məqamlardan biri vahid informasiya fəaliyyətini davam etdirib, bu resusrslardan istifadə edərək, məqsədyönlü şəkildə həyata keçirmək, inamı itirməmək, bu istiqamətdə çox ciddi addımlar atmaqdır”,- deyə o, əlavə edib.
Deputat vurğulayıb ki, Ermənistan ərazisində olan torpaqlarımızın adları dəyişilib. Bütün Azərbaycan dilində olan adları İrəvan, Göyçə mahalı, Zəngibasarda olan bütün toponimləri, xəritələri dəyişiblər.
Lakin tarix öz sözünü deyir. Prezident də öz çıxışnda bunu bir daha qeyd etdi.
Və mən bunu xüsusi diqqətə çatdırmaq istəyirəm ki, bu gün artıq həm geosiyasi vəziyyət dəyişib. Ona görə ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində və eyni zamanda rəşadətli ordumuzun igid əsgərlərinin göstərdiyi şücaət və qəhrəmanlıq sayəsində 30 ilə yaxın mənfur düşmən işğalında olan torpaqlarımız işğaldan azad olundu. Və 2020-ci ildə Azərbaycan 44 günlük Vətən (II Qarabağ) müharibəsində qalib gəldi, bunula da Azərbaycan bütün dünyaya sübut etdi ki, həqiqətən də Qarabağ Azərbaycandır!. Məhz bu qələbə sayəsində bu gün xalqımız tariximizin ən şanlı, ən şərəfli günlərini yaşayır. Bu gün hər bir azərbaycanlının başı dik, üzü ağ, alnı açıqdır. Ona görə ki, Azərbaycan qalib ölkədir. Həmçinin Azərbaycan ən güclü ölkədir, çünki illərlə həddindən artıq xain, zülmkar bir düşmənlə çox böyük mübarizələr aparıb. Tarixə də nəzər salsaq bütün bunlar açıq-aydın görünür. Lakin şükürlər olsun ki, biz öz doğma torpaqlarımıza qovuşmuşuq. Bütün dünyaya məlumdur ki, hər zaman Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal siyasətinin tərkib hissəsi kimi, ərazilərimizdə maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi vandalizm siyasəti yürüdüb. Onlar torpaqlarımızı tərk etmələrinə baxmayaraq yenə də öz çirkin əməllərindən əl çəkməyərək ərazilərimizi dağıdaraq, yararsız hala salmışdılar. Məhz bu səviyyədə və həcmdə dağıntıların olması Azərbaycan hökuməti tərəfindən Qarabağın yenidən dirçəldilməsi prioritet kimi müəyyən edildi. Ən yükəsək səviyyədə yenidənqurma və bərpa işlərinin aparılması dəstəkləndi.
Prezident İlham Əliyevin dediyi kimi, biz işğaldan azad olunmuş ərazilərə “Böyük qayıdış” astanasındayıq. Bu şərəfli missiya dövlət başçımızın 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb və bu məsələnin növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri kimi müəyyən edilməsi Azərbaycan dövlətinin bu işə nə dərəcədə böyük önəm verdiyinin bariz nümunəsidir. Və bugünkü gündə də Prezidentimizin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərdə ən yüksək səviyyədə yenidənqurma və bərpa işləri davamlı şəkildə aparılır. Biz inanırıq ki, Qarabağda bərpa və yenidənqurma işləri regiona yeni nəfəs gətirəcək.
Cənab prezident çıxışı zamanı onu da qeyd etdi ki; “bütün bu işlər görüldükdən sonra, ümumiyyətlə müəyyən məqamları da həll etdikdən sonra əsas məqsədimiz Zəngəzur dəhizinin açılışı, tarixi torpaqlarımızın bərpası və bu istiqamətdə ciddi adımların atlmasıdır”,- deyə millət vəkili vurğulayıb.