Bildiyimiz kimi müstəqillik dövründə ən çox inkişaf edən sahələrdən biri də tikinti sahəsi oldu. İş o yerə gəlib çatdı ki, paytaxtda yiyəsiz itlərin gecələdiyi yerləri də satıb, yerində bina və ya iaşə obyektləri tikdilər. Sağ olsun heyvansevən insanları. Onların sayəsi nəticəsində paytaxtımızda sahibsiz itlər üçün sığınacaq yeri ayırdılar. Nəisə, sizləri yormadan keçirik əsas mətləbə.
Yaxşı yadımdadır, paytaxtda və regionlarda tikintinin şıdırğı getdiyi vaxtlarda söz- söhbət gəzirdi ki, İnqilab 17- də mərhum akademik Aqil Əliyevin himayəsi altında şəhərcik salınacaq. Amma, bu heç də belə olmadı. Bilənlər bilir, bilməyənlərə də agah oldu ki, akademik Aqil Əliyev bütün ömrünü elmin inkişafına sərf etdi. (Tanrı rəhmət eləsin!) Sözügedən ünvanda əslən Tovuz rayonundan olan və tikinti maqnatı kimi tanınan Münasib Qurbanov, hal- hazırda sözügedən ərazidə bina tikintisinə başlayıb.
Paytaxtda tikinti maqnatı kimi tanınan Münasib Qurbanov, digər maqnatlardan xüsusi “istedad”ı ilə seçilır. İndi onun necə xüsusi “istedad” sahibi olmasını sizlərə agah edəcəyəm…
Münasib Qurbanov Rabitə Nazirliyində tikinti sektorunda çalışmış həmyerlisi Namazəlini qeyri- rəsmi şərik götürərək illərlə yığdığı çirkli pulları Yasamal rayonunda tikdiyi binalarda elə yudu ki, heç bəy hamamında bəyi elə yumazdılar. Münasib Qurbanov bu çirkli pulları yuyandan sonra, həmyerlisi Namazəlinin arxasına vedrə bağlayıb, “vağzalı” havası ilə onu yola salmağı bacardı. (İnsafən Namazəli bəy sözügedən havaya çox ustalıqla oynayırmış) Diqqət yetirmək lazımdır ki, Münasib Qurbanov bu sahədə “istedad”ı ilə bərabər, bəxti gətirənlərdən də biridir. Çirkli pulları yumaqda kifayət qədər təcrübəsi olan bu tikinti maqnatı, çox çəkmədi ki, Sumqayıt rabitə qovşağını yanı üstə qoyan Akif Əsgərovu qeyri- rəsmi özünə şərik edə bildi. Şübhəsiz ki, tikinti işləri başa çatdıqdan sonra, o, Akif Əsgərovun da arxasına qazan bağlayıb “dubeyti” havası ilə yola salacaq. Mövzuya ədalətli şəkildə yanaşsaq bəlli olar ki, bu xüsusi “istedad” sahibi, tikinti maqnatı bu günə qədər mülk sahibləri ilə heç bir münaqişə yaşamayıb. Yəni onun bu işi həmişə alqışlanıb və rəhbəri olduğu tikinti şirkətində çalışan fəhlələrin pullarını artıqlaması ilə ödəyib. (Şəhid ailələrinə, qazilərə maddi və mənəvi dəstəyini heç vaxt əsirgəməyib) Bütün bunlara baxmayaraq, rəhbəri olduğu şirkətdə kifayət qədər nöqsanlar da mövcuddur. Məsələn: tikintidə çalışan fəhlələrin böyük əksəriyyətinin əmək müqaviləsi yoxdur, tikinti zamanı fəhlələrin bir çoxu təhlükəsiz qaydalarına riayət etmirlər.Tikintidə istifadə olunan materialların böyük əksəriyyətini özünə yaxın sahibkarlardan alır və bütün bu hallar onun ustalıqla vergidən yayınmasına səbəb olur. Akif Əsgərov özü həmin tikinti şirkətinə çox nadir hallarda gəlir. Etibarlı mənbənin bildirdiyinə görə o, özünə yaxın hesab etdiyi şəxsi orada işə yerləşdirir . Həmin şəxs tikinti şirkətinin həyətinə girib- çıxan maşınların nömrəsini yazıb axşamlar Akif Əsgərova ötürür.
P.S. Sözügedən yazıda tikinti şirkətinin rəsimləri ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Bütün bunlara baxmayaraq, qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Nüsrət Dağlaroğlu
“Azərbaycan Cümhuriyyəti”