Cəmiyyət Manşet

Gənc nəslin kitab problemi – Niyə oxumuruq?

Artıq elə mərhələyə gəlib çatmışıq ki, süfrədə olanları yeyib qurtarmaq mümkün deyil. Ya həddindən artıq nəfis, ləzzətli nə isə gəlməlidir, ya da “əla”dan aşağı olan heç nə ortaya qoyulmamalıdır. Bunun üçün də ədəbiyyatdan çox, keyfiyyətli ədəbi tənqid lazımdır. O da əlhəmdülillah…

XXI əsrdir. Dünya qloballaşıb, həyat sürətlə axıb gedir. Demək olar ki, müasir insan işdən və bir qədər (o da alınsa) istirahətdən başqa heç nəyə vaxt tapmır. Bu dünyada yeni sahələr, yeni maraqlar günbəgün artır, yenilənir, bu yeniliklərin ardınca yürümək mümkünsüzdür artıq. Dünən maraqlı olan, hətta əlçatmaz sayılan bu gün heç kimə maraqlı deyil. Bilmirəm ədəbiyyat da dünən maraqlı olub bu gün maraqlı olmayan sahəyə aiddir, yoxsa yox. Amma görünən budur ki, ədəbiyyat istər-istəməz sıxışdırılıb bir küncə, belə deyək, “ofsayd” vəziyyətə düşüb sanki. Ədəbiyyatın əsas iki funksiyası var. Biri məlumat – informasiya ötürmək, ikincisi isə estetik zövq bəxş etmək. Ümumiyyətlə, belə bir deyim vardı ki, ədəbiyyat insanın dünyagörüşünü artırır, düşüncələrini dərinləşdirir, nitqini yaxşılaşdırır. Bundan başqa, insanın daxili aləmini, mənəviyyatını zənginləşdirir. Müəyyən bir təcrübə qazandırır. Valideynlərimiz bizə həmişə mütaliə etməyi aşılayıblar. Özləri kitab oxumaqla şəxsi nümunə göstəriblər. Amma indiki nəsil kitab oxuyurmu? Hər şey virtuallaşıb və elektronlaşıb. Kitablar, ədəbiyyat nədir, hətta insanlar da, az qala, virtuallaşıblar. Daha heç kim heç kimin evinə qonaq getmir, görüşmür. İndi başsağlığını da onlayn verirlər. İnsanların bir-birindən bu qədər uzaqlaşdığı bir vaxtda meydanda ədəbiyyata yer qalıbmı?  Bu suallar, yəqin ki, bir çox insanları da narahat edir, düşündürür.

“Kaspi” qəzeti bu suallara cavab tapmağa çalışıb:

“Must read” olan əsərlər

Əməkdar jurnalist Vüsal Məmmədov bu haqda tez-tez düşündüyünü və öz aləmində, hətta “ədəbiyyatın sonu” kimi şərti ad da quraşdırdığını deyir: “Məsələ ondadır ki, bəşəriyyət bu ana qədər hər bir savadlı insan tərəfindən oxunması vacib olan böyük irs yaradıb. Özünü intellektual sayan istənilən şəxsin, məsələn, Aristoteldən tutmuş Jan Bodiyara qədər oxuması vacib olan əsərlər var. Antik mifologiya ilə mütləq yaxından tanış olmaq lazımdır. Milli mifologiya, nağıllar, dastanlar, xalq ədəbiyyatı ilə də həmçinin. Şekspirin ən azı 5-6 fundamental əsəri var ki, bütün müasir dramaturgiya onların  əsasında dayanır. Həmin əsərləri əzbər bilməlisən. Viktor Hüqonun, Dostoyevskinin, Çexovun “must read” olan əsərləri vacibatdandır. XX əsrin əvvəlinin Azərbaycan ədəbiyyatı da həmçinin. Postmodern fəlsəfəni yaradan əsərlər də mütləq oxunmalıdır”.

Müasir yazıçı mənə nə təklif etməlidir ki… 

Vüsal Məmmmədovun fikrincə, elə yazıçılar var ki, ümumən yaradıcılığını oxumasan da, ən vacib bir əsərini mütləq oxumalısan: “Məsələn, Pasternakdan “Doktor Jivaqo”, Bulqakovdan “Master və Marqarita” kimi. Hərçənd, bundan sonra həmin yazarlara vurulub, uzun müddət mehmanları olacağın da istisna deyil. Anarı, İsa Hüseynovu, Sabir Əhmədovu, Mövlud Süleymanlını oxumalısan ki, Azərbaycan dilinin ifadə imkanları ilə tanış olasan. Bu saydıqlarım hələ 1%-dir. Amma məsələ təkcə bədii ədəbiyyatla bitmir axı. Hər ay azı 1-2 elmi-populyar kitab oxumaq həyati önəmlidir. Bunlar sənin normal, savadlı adam olman üçün zəruri bünövrədir. Belə olan halda, sual çıxır: müasir yazıçı mənə nə təklif etməlidir ki, Umberto Ekonun “Qızılgülün adı” romanını yox, onu oxuyum?! Mən bir kitaba ömrümün ən qiymətli resursu olan zamanımı xərcləyirəm axı. Mənə zamandan daha qiymətli nəsə təklif edə bilirlərmi?! Bilmirlərsə, yazmasınlar. 100 metri 9 saniyəyə qaçan sprinter varsa, 11 saniyəyə qaçan idmançı heç kimə maraqlı deyil. Zamanımdan daha qiymətli və siyahımda oxunmasını gözləyən kitablardan daha dəyərli əsər təklif edə bilməyənlər mənim üçün yoxdurlar. Hüqonun “93-cü il”ini hələ oxuya bilməmişəmsə, onunla rəqabətdən çox-çox geri qalan əsərə həyatımın dəyərli saatlarını sərf etməyəcəyəm. Ona görə də, düşünürəm, artıq elə mərhələyə gəlib çatmışıq ki, süfrədə olanları yeyib qurtarmaq mümkün deyil. Ya həddindən artıq nəfis, ləzzətli nə isə gəlməlidir, ya da “əla”dan aşağı olan heç nə ortaya qoyulmamalıdır. Bunun üçün də ədəbiyyatdan çox, keyfiyyətli ədəbi tənqid lazımdır. O da əlhəmdülillah, yoxdur. Yeri gəlmişkən, bütün bu dediklərim eyni dərəcədə kinoya da aiddir.

Zəif əsər oxumaq istəmirəm

Vüsal bəy başqa vacib bir məqama da toxundu: “Deyə bilərlər ki, hər dövrün hadisələri, süjetləri, obrazları özünə görə maraqlıdır. Məsələn, XXI əsr Azərbaycanını XIX əsrin Fransası ilə müqayisə etmək düzgün deyil. Amma ədəbiyyat cəmisi 25-26 fundamental süjetdən ibarətdir. Burda fərqi yoxdur ki, sevən Marisudur, Kozetdadır, Məmməddir, yoxsa Aytəkindir. Xəyanəti kimin etdiyinin heç bir fərqi yoxdur. Yəni bu 25-26 süjetdən – sxemdən başqa bu zaman ərzində yeniləri  yaranmayıb, tapılmayıb. Dəyişən, sadəcə adlardır, vəziyyətlərdir. Mənim üçün isə xəyanəti kimin – Məmmədin, yoxsa Yunanıstandan hansısa personajın etdiyinin heç bir fərqi yoxdur. Bu sevginin, bu xəyanətin mahiyyətini daha yaxşı açan əsər oxumaq istəyirəm. Zəif əsəri oxumaq istəmirəm. Yenə də deyirəm, əsas məsələ obrazların kimlərin olması deyil, əsərin gözəl olmasıdır”.

Mənəvi tələbat – aktual ədəbiyyat

Şair Cəlil Cavanşir deyir ki, dünya qloballaşsa da, ədəbiyyatın yeri həmişə aktual olaraq qalacaq: “Bu baxımdan ənənəvi alışdığımız dünyada, necə əsrlər boyu ədəbiyyat aktuallığını qoruyub saxlayıbsa, bundan sonra da, istər texnika, elektronika, internet əsri olsun, saxlayacaq. Hətta düşünürəm ki, insanlar robotlarla birgə çalışmağa başlasalar belə, ədəbiyyatın yeri azalmayacaq. Çünki ədəbiyyat adamın mənəvi dünyası ilə bağlı bir məsələdir. Nə qədər ki insan yaşayır, onun maddi tələbatı ilə yanaşı, mənəvi tələbatı da olacaq. Ədəbiyyat isə bayaq da qeyd etdiyim kimi, mənəviyyat məsələsi olduğuna görə daim ona ehtiyac olacaq. Gözəl tamaşaların, filmlərin, mahnıların, ümumiyyətlə, gözəl incəsənət nümunələrinin yaranması üçün ədəbiyyat vacibdir. Ədəbiyyatın aktuallığı bu gün də, sabah da, texnika nə qədər inkişaf etsə də, insanın nə qədər maddi tələbatları çoxalsa da, itməyəcək və daim yaşayacaq”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir