Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin keçirilən növbəti iclasında AMEA-nın Rəyasət Heyəti aparatının strukturunda bir sıra dəyişikliklər edilməsi müzakirə olunub.
“Zirvə yolu” xəbər verir ki, iclasda AMEA-nın Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib.
Rəyasət Heyətinin qərarı ilə əlavə maliyyə vəsaiti tələb etmədən daxili imkanlar hesabına aparatın Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsi Elm və təhsil şöbəsi, Beynəlxalq əlaqələr və xaricdə elmi tədqiqatların (təhsilin) təşkili şöbəsi Beynəlxalq əlaqələr şöbəsi, Media və informasiya şöbəsi İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi, Kadr potensialı və təhsil şöbəsi İnsan resursları şöbəsi, Hüquqi təminat şöbəsi Hüquq şöbəsi, Ümumi şöbə Sənədlərlə iş şöbəsi, Elmi irsin və sənədlərin arxivləşdirilməsi şöbəsi isə Elmi irs şöbəsi kimi müəyyən edilib.
Maliyyə şöbəsi ləğv edilərək onun bazasında Maliyyə və mühasibat şöbəsi yaradılıb.
İclasda həmçinin, ayrı-ayrı elmi-tədqiqat institutlarında paralellik təşkil edən, yaxud ayrılıqda fəaliyyət göstərməsinə zərurət olmayan elmi şöbələr və sektorların işinə yenidən baxılması məsələsi də müzakirə edilib.
Rəyasət Heyətinin iclasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi cərəyanlar sektorunun ləğv edilərək Ədəbiyyat nəzəriyyəsi şöbəsinə birləşdirilməsi barədə qərar qəbul edilib. Bundan başqa, Rəyasət Heyətinin qərarı ilə fəaliyyət istiqamətləri eyni olduğu üçün Folklor İnstitutundakı Musiqi folkloru şöbəsi ləğv edilərək, Memarlıq və İncəsənət İnstitutundakı Xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsinin bazasında Musiqi folkloru adlı yeni şöbə yaradılıb.
Eyni zamanda Akademiyada Albanşünaslıq üzrə tədqiqatların vahid mərkəzdən və sistemli şəkildə tədqiq olunmasını təmin etmək məqsədi ilə Memarlıq və İncəsənət İnstitutunun Alban memarlığı və incəsənəti şöbəsi Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin tərkibinə keçirilib.