Cəmiyyət

Bakıda 165 ailə Prezidentdən KÖMƏK İSTƏDİ… – Bu üç problemə görə…

Bakının Yeni Günəşli qəsəbəsində inşa edilən “Sahil – S İnşaat” MTK-nın sakinləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Dövlət başçısından yardım gözləyən sakinlər qeyd edirlər ki, elektrik enerjisinin kəsilməsi və digər kommunal problemlər səbəbindən binanın tikintisini tamamlaya bilmirlər.
Onların sözlərinə görə, başıbəlalı olan bu MTK-dan mənzil alanlar üzləşdikləri fırıldaq və dələduzluq səbəbindən indi binanın inşasını özlərini yekunlaşdırmaq məcburiyyətində qalıblar.
Prezidentə müraciətdə xatırladırlar ki, “Sahil – S İnşaat” MTK-nın rəhbərləri olan Taley Alaverdiyevlə Pənah Kərimov binadan mənzil alanları aldatdığı, bir evi bir neçə nəfərə ayrı-ayrı müqavilələrlə satdığı üçün həbs ediliblər.
Bundan sonra 165 ailə birləşərək öz aralarında MMC təsis ediblər, sədr seçiblər və qüvvələrini birləşdirərək bu problemləri başa çatdırmağı qərarlaşdırıblar.
Beləliklə, indiyə qədər binanın tikintisi, liftlərin təmin olunması və digər zəruri məsələlərin görülməsi üçün sakinlər öz vəsaiti hesabına xeyli iş başa vurublar. Ancaq sakinlər binanın kommunal problemlərini həll edə bilmirlər. Onlar dövlət başçısından sözügedən ünvanda işıq, qaz və su təchizatının təmin edilməsi üçün köməklik göstərməsini, aidiyyatı qurumlara bu barədə tapşırıq verməsini xahiş edirlər. Sakinlər deyirlər ki, binada əksər problemlər yoluna qoyulub, amma insanların mənzillərinə köçməsi üçün ən vacib elementlər olan kommunal təchizat yoxdur.
“Cənab Prezident, Siz dəfələrlə çıxışlarınızda dövlət qurumlarının, dövlət məmurlarının borcunun xalqa xidmət olduğunu qeyd etmisiniz. Biz isə dələduz iş adamlarının əlində əsir-yesir qalmışdıq, etdiyimiz müraciətlər nəticə verdi və onlar həbs olundu, indisə binada bizə “miras” qoyulmuş bu problemləri öz gücümüzə həll etmək istəyirik. Amma əfsuslar olsun ki, hələ də işıq, qaz və su kimi problemlərimiz qalmaqdadır. Bu məsələlərin tezliklə həllini tapması üçün Sizin göstərişiniz kifayətdir. Yəni “Azərişıq”, “Azərsu”, “Azəriqaz” binanın kommunal təminatı üçün texniki şərt tələb edirlər. Biz sakinlər bu ağır yüklərin, problemlərin öhdəsindən gəlmək üçün əlimizdən gələni edirik. Lakin qaz, su və işıq təminatı üçün sənədləşmə prosedurunda böyük dəstəyə ehtiyacımız var. Ümumiyyətlə, binada sənədləşmə, hüquqi işlər problem olaraq qalmaqdadır ki, bizə bu yöndə kömək lazımdır.

Cənab Prezident, Sizdən ricamız budur ki, məsələ aidiyyatı qurumlara tapşırılsın, işlərimizi yekunlaşdırıb mənzillərimizə köçə bilək. Faktiki olaraq 165 ailə illərdir ki, öz zəhməti ilə aldığı evlərində yaşaya bilmir. İllərlə bizi şirkətin başçıları aldadıb süründürdülər, indi onlar həbsdədir, bu dəfə kommunal məsələlərin sənədləşmə işləri səbəbindən mənzillərə köçə bilmirik. Bu gün 165 ailə, bu ailələrdə olan uşaqlar böyük intizarla və həsrətlə öz şəxsi mənzillərinə nə vaxt köçəcəyi günü gözləyirlər. //Anaxeber,info//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir