Bakının Suraxanı rayonunun Zığ dairəsinin yaxınlığında tikintisi davam etdirilən yeni yerüstü piyada keçidinin aşırım hissəsinin metal konstruksiyasının montajı həyata keçirilib.
“Zirvə yolu” bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata istinadən xəbər verir.
Məlumata görə, keçidin uzunluğu 52,55 metr, aşırım hissəsinin uzunluğu 46,95 metr, eni 2,83 metr, pilləkənlərin eni isə 2,7 metr təşkil edir.
Yol səviyyəsindən hündürlüyü 5,7 metr təşkil edən keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır. İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, təhlükəsizlik kameralarının quraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Artıq keçidin dayaq hissələrinin beton və metal işləri, aşırım hissəsinin metal konstruksiyası üzrə işlər tamamlanıb.