Manşet Siyasət

Parisdə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib

Fransanın paytaxtı Parisdə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.

“Zirvə yolu” xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, Türkiyənin Fransadakı səfiri Ali Onaner, Fransanın dövlət və ictimaiyyət nümayəndələri, akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların nümayəndələri, professorlar, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva 20 Yanvar faciəsinin Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğunu, dövlətimizin azadlığı, xalqımızın birliyi və həmrəyliyinə gedən yolda mühüm rol oynadığını söyləyib. O gün şəhid olan bütün qəhrəmanların hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını vurğulayıb.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxışında 20 Yanvar faciəsinin baş vermə səbəblərindən, xalqımızın azadlıq mübarizəsindən danışıb. O bildirib ki, xalqımız qarşılaşdığı informasiya blokadasına, ayrı-seçkiliyə, hər cür düşmənçiliyə baxmayaraq ayağa qalxıb və öz hüquqlarını əzmlə müdafiə edib. Ona görə də Qara Yanvar ağır faciə olmaqla bərabər, həm də xalqın qəhrəmanlıq salnaməsidir.

Diplomatlar 20 Yanvar hadisələrinə ilk dəfə Ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildiyi diqqətə çatdırıblar. Qeyd edilib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfər azadlıq və vətənin bölünməzliyi uğrunda canlarından keçən hər bir şəhidin ruhunu şad edib.

Tədbirdə qonaqlara 20 Yanvar faciəsinə həsr edilmiş video nümayiş olunub.

Qonaqlara istedadlı pianoçu Səidə Zülfüqarovanın ifasında, fleytada Ağarahim Quliyevin müşayiəti ilə Azərbaycan və xarici bəstəkarların musiqilərindən ibarət konsert proqramı təqdim edilib.

Tədbirdə 20 Yanvar faciəsinə həsr edilmiş foto sərgi də nümayiş olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir