Daşaltı əməliyyatının 31-ci ildönümü münasibətilə Şəhidlər xiyabanı ziyarət olunub.
“Zirvə yolu” xəbər verir ki, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, müharibə veteranları, Daşaltı əməliyyatında şəhid olanların yaxınları, ictimaiyyət nümayəndələri və məktəblilər 1992-ci il yanvarın 25-26-da Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması üçün həyata keçirilən əməliyyat zamanı şəhid olan hərbçilərin məzarını ziyarət ediblər.
Şəhidlərin ruhuna dualar oxunub, xatirələri yad olunub.
Daşaltı döyüşlərinin iştirakçıları xatirələrini bölüşüblər.
Daşaltı şəhidi Elman Camalovun qohumu Sevda Fətullayevanın sözlərinə görə, E.Camalov müharibəyə könüllü gedib: “Elman çox vətənpərvər idi, vətənini sevirdi. 44 günlük Vətən müharibəsinə qədər hər ilin bu günü ürəyimdə qəribə bir nisgil yaranırdı. Amma zəfər qazanılanda, Şuşamız azad ediləndə sanki rahatlıq tapdım. Elman mənə öz qardaşım qədər doğma idi. Bu gün daha rahatam ona görə ki, həm Elmanın, həm də onun kimi şəhid olan digər oğulların qisası alındı. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Qeyd edək ki, Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən Daşaltı əməliyyatından 31 il ötür. Əməliyyat Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması məqsədilə aparılıb və 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.