Erkin Qədirlinin MANDATI LƏĞV OLUNACAQ? – “Onun fikri ilə fəaliyyəti ziddiyyət təşkil edir”
2020-ci ilin növbədənkənar parlament seçkiləri rəqabətli və demokratik bir mühitdə keçdi. Mətbuat və sosial şəbəkələr hər bir seçki dairəsində gedən mübarizəni görür və işıqlandıra bilirdi. Tərəflərin öz mövqeyini ortaya qoyması seçildiyi halda fəaliyyət istiqamətləri barəsində açıq şəkildə fikrini bildirmək imkanı var idi. Bunun nəticəsidir ki, biz parlamentə 30-dan çox yeni şəxsin seçildiyinin şahidi olduq.
Bunu Teleqraf.com-a Milli Məclisin YAP-dan olan deputatı Aydın Mirəzadə deyib.
Deputat buna baxmayaraq, 4 seçki dairəsində seçkilərin nəticələrinin ləğv edildiyini söyləyib: “Yekunda yenidən formalaşan parlament iclasları əvvəlki iclaslardan daha çox mübahisəli, fərqli, bəzən isə çıxışlar konfliktli şəkildə keçir”.
Onun fikrincə, bu amilin özü göstərir ki, seçici daha çox kimə üstünlük verdiyini göstərə bilirdi: “Həmçinin həmin dövrdə beynəlxalq müşahidəçilərin bir çoxu da seçkilərin rəqabətli və Azərbaycan Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun keçirildiyini deyiblər. Təbii ki, uduzan şəxslər seçkidən narazı qaldılar. Demokratik ölkə olduğumuza görə, seçkinin yekunlarına fərqli baxışlar ortaya qoyuldu. Ancaq kiminsə fərqli mövqeyinə görə, təqib edildiyi və yaxud da cəzalandırıldığını biz deyə bilmərik”.
Deputat sözsüz ki, fəaliyyətində səhvə yol verən seçki komissiyalarının üzvləri isə vəzifələrindən azad edildiyini bildirib: “Ona görə də, bu gün həmkarım Erkin Qədirli özünün deputat seçilməsini belə böyük bir şübhə altına qoydu. Bəlkə də yeganə nümunədir ki, seçilən şəxs özünün demokratik yolla seçilmədiyini elan edir. Bununla belə o, parlamentin fəaliyyətində yer alıb. Azərbaycan parlamentini beynəlxalq təşkilatlarda təmsil etməklə yanaşı telekanallarda çıxışlar edir, mətbuata müsahibələr verir. Faktiki olaraq onun buradakı fikri ilə fəaliyyəti ziddiyyət təşkil edir”.Teleqraf.com