Azərbaycan İrandakı səfirliyinin əməkdaşlarını və onların ailə üzvlərini təxliyə edir – YENİLƏNİB
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş xain terror hücumu nəticəsində yaranmış vəziyyətdə səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
“Zirvə yolu”nun xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatda bildirilir.
“Azərbaycan tərəfi günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcək”, – bəyanatda vurğulanıb.
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilir.
“Zirvə yolu” xəbər verir ki, bunu Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə müsahibəsində deyib.
O, söyləyib ki, səfirlik əməkdaşlarının Azərbaycana təxliyəsi həyata keçirilir.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.