Cəmiyyət

“Azər Zeynalovdan hər nə desən gözləmək olar…” – Naxçıvanda külək köhnə səmtdən əsir…

 

Ötən ay Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Naxçıvanda əməliyyat aparması ilə bağlı məlumatlardan sonra uzun illər Naxçıvan Muxtar Respubikasına rəhbərlik edən Vasif Talıbov istefa verdi.

O, 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.

Daha sonra ölkə başçısının sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Naxçıvanlılar Vasif Talıbovun Naxçıvanı informasiya blokadasında saxladığını, qiymətlərin baha olduğunu, muxtar respublikanı öz qayda-qanunları ilə idarə etdiyini sosial şəbəkə vasitəsilə qeyd ediblər.

Dəyişiklikdən sonra mətbuat üçün həmişə qapalı olan Naxçıvandan indi müəyyən xəbərlər almaq mümkündür. Lakin bununla yanaşı, muxtar respublikada hələ də köhnə komandanın nümayəndələrinin yeni islahatlara mane olması barədə məlumatlar gəlməkdədir.

Sosial şəbəkədə yazılanlara görə, hazırda Naxçıvan Ali Məclisinin sədr vəzifəsini əvəz edən Azər Zeynalov və Naxçıvan televizyasının rəhbəri Sahil Tahirli orada çəkiliş etmək istəyən jurnalistlərə müxtəlif yollarla mane olmağa çalışıblar.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Naxçıvanın problemlərindən daha çox yazan araşdırmaçı jurnalist Heydər Oğuz bildirib ki, Naxçıvanda bütün cinayətlərin başında dayanan şəxs Azər Zeynalovdur:

“Azər Zeynalovdan hər nə desən gözləmək olar, mən ona “Baş eşkiya” ləqəbini qoymuşam. Onun mediaya müdaxilə etmək imkanının olduğuna inanmıram, o kimdi ki, mətbuata müdaxilə eləsin. Azər Zeynalov orada heç kimdir.

Sahil Tahirli Naxçıvan televiziyasının sədridir. Amma o, son zamanlar, yəni Vasif Talıbov istefa verdikdən sonra tamamilə mövqeyini dəyişmişdi. Naxçıvan televiziyası çox demokratik televiziya şəklinə düşmüşdü. Hətta mən çox təqdir edirdim ki, oradakı bir çox problemləri gözəl şəkildə işıqlandırırdı.

Son günlər orada baş verən hadisələrdən xəbərim yoxdur. Açığı, Sahil Tahirlinin də o cür hərəkət edəcəyinə inanmıram. Sahil Tahirli Vasif Talıbovun qurbanı idi. Yəni mən Naxçıvanda onunla görüşdüm, mövqeyi, özü demokratik bir insan düşüncəsi təsiri bağışlamışdı. Yenidən onun əvvəlki mövqeyinə qayıdacağına inanmıram”.

Heydər Oğuz hesab edir ki, köhnə komanda tamamilə dağılmayınca Naxçıvanda vəziyyət düzəlməyəcək:

“Nə qədər ki, Azər Zeynalov Ali Məclisin sədrini əvəz edir, qoluna qandal vurulub içəri atılmayıb, onun komandası öz fəaliyyətini davam etdirir, Naxçıvanın demokratikləşməsinə, Azərbaycana inteqrasiya olunmasına, demokratik islahatların nəticə verməsinə inana bilmirəm.

Azər Zeynalovu o vəzifəyə qoyublar ki, həbs olunana qədər müəyyən qərarlar qəbul etsin, bir çox hüquqi prosedurları yerinə yetirsin. Hesab edirəm ki, öz missiyasını başa vurandan sonra həbsxanaya atacaqlar.

Orada bundan sonra nə olursa, bütün məsuliyyət prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfliyə aiddir. Hesab eləmirəm ki, Azər Zeynalov onun iradəsinin üzərinə çıxa bilər. Oradakı bütün güc strukturları Azərbaycana tabedir.

Mediaya olunan müdaxilələrə də inanmıram. Azərbaycan kiçik ölkədir, texnologiyanın indiki inkişafı imkan verir ki, Naxçıvanda baş verən hadisələr dərhal Azərbaycan mediasına yansısın. Yəni orada kimsə nəyəsə müdaxilə edə bilməz. Artıq Vasif Talıbovun qurduğu informasiya blokadası darmadağın olunub.

Ola bilər ki, jurnalist ora gedib, müdaxilə eləyiblər. Əgər söhbət Azər Zeynalovdan gedirsə, Naxçıvandakı Vasif Talıbov komandasının iki nömrəli adamı o idi. Yəqin ki, onu da Vasif Talıbov kimi zərərləşdirərlər. Bəlkə, Vasif Talıbovun hakimiyyətdə qohumları var, ona hələ heç kəs söz deməyə cəsarət eləmir. Amma Azər Zeynalovu Vasif Talıbov komandasının əsas nümayəndələrindən biri kimi həbs cəzası gözləyir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir