“Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirik”.
“Zirvə yolu” xəbər verir ki, bunu İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Haiat tviterdə yazıb.
“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş dəhşətli hücumda təhlükəsizlik rəisinin qətlə yetirilməsi bizi sarsıdıb və kədərləndirib.
Azərbaycan xalqına və hökumətinə, həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların ən qısa zamanda sağalmasını arzulayırıq”, – İsrail XİN-dən bildirilib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.