Rusiya XİN: “Azərbaycan səfirliyinə hücuma görə günahkar olan şəxslər məsuliyyətə cəlb edilməlidir”
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.
“Azərbaycanın İrandakı səfirliyinə hücumla əlaqədar Azərbaycan tərəfinə dərin hüznlə başsağlığı veririk. Daxil olan məlumata görə, bu gün səhər saatlarında avtomatla silahlanmış şəxs diplomatik nümayəndəliyin binasına daxil olaraq atəş açıb. Nəticədə Azərbaycan diplomatik missiyasının bir əməkdaşı həlak olub, onun daha iki həmkarı yaralanıb. Hücum edən şəxs Tehran polisi tərəfindən saxlanılıb, araşdırma aparılır”, – qeyd edilib.
“Ümid edirik ki, səfirliyə hücuma görə günahkar olan şəxslər məsuliyyətə cəlb ediləcək. Baş verən hadisə 18 aprel 1961-ci il tarixli Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliklərin yerləşdiyi dövlətin hakimiyyət orqanları tərəfindən təhlükəsiz fəaliyyətinin təmin edilməsinin vacibliyini bir daha təsdiqləyir”, – Rusiya XİN-in məlumatında vurğulanıb.