Masallı rayonu, Boradigah qəsəbə sakini Azad Zadil oğlu Abdullayev redaksiyamıza rayondakı vəziyyətlə bağlı şikayət ünvanlayıb. DİA.AZ Hurriyyet.az-a istinadla onun müraciətini ixtisarla təqdim edir:
“2017-ci ildə şəxsi təsərrüfatımda yetişdirdiyim müalicəvi zəliləri Biləsuvar gömrük məntəqəsində saxladılar və istintaq dövründə saxlanması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kiçik Qızılağac Balıqartırma Təsərrüfatında və Neftçala rayon S.Q.Kərimov adına Nərə Balıq Yetişdirmə Zavoduna aktla təhvil verdilər. Bundan həvəslənən Kərimov adına zavodun, həm də Kiçik Qızılağac Balıqartırma Təsərrüfatının rəhbəri Abasov Dadaş Nasif oğlu əlavə gəlir əldə etmək məqsədi ilə mənə məxsus olan əmlakı əsassız olaraq satıb mənimsədilər. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(086)648/2019 saylı qətnaməsi ilə ETSN-in Kiçik Qızılağac Balıqartırma Təsərrüfatının mənə vurmuş olduğu 112000 (yüz on iki min) manat ziyan uzun sürən məhkəmə prosesindən sonra göndərilmiş sorğulara əsasən sübuta yetirildi və mənə dəymiş ziyanın ödənilməsi barədə qərar verildi. Bundan narahat olan ETSN və balıqartırma təsərüfatının rəhbəri Abasov Dadaş Nasif oğlu qərardan Şirvan Apellyasiya Məhkəməsinə şikayət etdi. İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesi 15 aydan çox çəkdi, apellyasiya məhkəməsi də demək olar ki,1 il ancaq sorğular göndərdi və sonda 2021-ci il may ayında Şirvan Apellyasiya Məhkəməsi Şirvan İnzibati Məhkəməsinin qərarını dəyişdirilmədən saxladı mənə dəymiş ziyanın ödənilməsi barədə qərar qəbul etdi. ETSN Ali Məhkəməyə şikayət etsə də, şikayətləri əsassız olduğunu deyərək kasasiya şikayəti təmin edilmədi. 2021-ci il oktyabr ayında məhkəmə qərarı Lənkəran rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra Kiçik Qızılağac Balıqartırma Təsərrüfatının rəhbəri Abasov Dadaş Nasif oğlu icra şöbəsinə çağırış əsasında gələrək nazirliyin hüquq şöbəsi ilə əlaqə saxladı və nazirliyin göstərişi ilə icra şöbəsində izahat yazaraq Abdullayev Azad Zadil oğluna dəymiş ziyanı 2022-cu il fevral ayının 20-nə kimi tam şəkildə ödəniləcəyi barədə izahat yazaraq imzaladı. Lakin deyilən müddətdə yazılan izahata nazirlik tərəfindən əməl olunmadı.
Bundan sonra mən icranın ləngitdiyini görüb hərəkətə keçdim. Fuad Ələsgərovun, baş prokuror Kamran Əliyevin, 3 dəfə ETSN naziri Muxtar Babayevin və bir çox yüksək vəzifəli məmurların qəbulunda oldum. Və sonda 2023-cü il yanvar ayının 18-i Fikrət Məmmədovun qəbulunda oldum. Demək olar ki, hər yerə yazmışam, lakin bir nəticə əldə edə bilirəm. Mənə dəymiş ziyanın ödənilməsi barədə ETSN addım atmır”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.