İqtisadiyyat Manşet

Mövlud Çavuşoğlu: “Azərbaycan qazının Macarıstana nəqlini təmin edəcəyik”

“Azərbaycan qazının Macarıstana nəqlini təmin edəcəyik”.

“Zirvə yolu” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu macarıstanlı həmkarı Peter Siyarto ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Macarıstan arasında əlaqələr stareteji müttəfiqlik səviyyəsinə yüksəlir: “Müvafiq sənəd üzərində işlər gedir. Müttəfiqliyimiz xüsusilə iqtisadi və təhlükəsizlik sahələrini əhatə edir”.

M.Çavuşoğlu bildirib ki, Türkiyə Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlıq edir: “Azərbaycan qazının Macarıstan və digər ölkələrə nəqlini təmin edəcəyik. Bu istiqamətdə Azərbaycanla da təmaslar davam edir”.

Qeyd edək ki, Türkiyəyə, oradan isə Avropaya Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Trans-Adriatik Boru Kəməri istismara verildiyi gündən – 2020-ci il dekabrın 31-dən bu yana boru kəməri vasitəsilə 18,5 milyard kubmetr qaz nəql edilib ki, bunun da təxminən 16 milyard kubmetri İtaliyaya olub. 2022-ci ildə İtaliyaya 3 milyard kubmetr çox qaz nəql olunub. Beləliklə, Azərbaycan İtaliyanın təbii qaza olan tələbatının 14 %-dən çoxunu ödəyir.

TAP-ın səhmdarları rolunda BP (20 %), SOCAR (20 %), “Snam S.p.A.” (20 %), “Fluxys” (19 %), “Enagas” (16 %) və “Axpo” (5 %) şirkətləri çıxış edir.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

Avropa Komissiyası iyul ayında Azərbaycanla təbii qazın idxalını 2027-ci ilə qədər ildə ən azı 20 milyard kubmetrə çatdırmaq üçün anlaşma memorandumu imzalayıb. Trans-Adriatik Boru Kəmərinin qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması ilə bağlı yekun qərar gələn ilin əvvəlində qəbul olunacaq. Əlavə təbii qaz Azərbaycanın bir neçə yatağından gələcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir