Məlumdur ki, dilimizdə işlənən “ana” və “vətən” sözləri həm ayrılıqda, həm də “ana vətən” söz birləşməsi şəklində olarkən, çox gözəl və ülvi mənalar bildirir. Lakin “ana vətən” söz birləşməsi şəklində işlənərkən isə daha geniş məna ifadə edir.
Ana! Dünyada yaranmışların başlanğıcı və səbəbkarı — ana! Vətən də bir anadır, həm də analar anasıdır! Çox-çox təəssüflər olsun ki, insan ya anasını, və ya vətənini itirəndə anasızlaşır, vətənsizləşir. Sanki acı hisslər onu qəm və qüssədə qovurur, yanaqlarında cığırlar açır.
Böyük fəxrlə qeyd etməliyik ki, doğma Vətənimiz Azərbaycan coğrafi arealına, yeraltı və yerüstü sərvətlərinə görə haqlı olaraq “Qafqazın incisi” adlanır. Bu həqiqətən də belədir. Çünki ölkəmiz başdan-başa gözəlliklər diyarıdır!
Səma kimi çox təmiz,
Anam kimi çox əziz,
Qarlı zirvə, göy dəniz,
Vətənimdir, Vətənim,
Azərbaycanım mənim!
Məlumdur ki, dünyanın əşrəfi, bəzəyi insandır. Belə ki, şüurlu bir varlıq olaraq insan Qadir Allahın yaratdığı təbiəti daha da gözəlləşdirir, qurub, yaradır və inkişaf etdirir. İnsana məxsus ən ali hisslərdən biri də vətənpərvərlikdir. Ona görə də, insanlar doğulduğu, yaşadığı yeri ürəkdən sevir və həmin məkanı bütün ömrü boyu qorumağa çalışır. Məhz bu səbəbdəndir ki, tarix boyu yadelli işğalçılar, qəsbkarlar ölkəmizə hücüm edərək böyük və qanlı müharibələr yaratmışlar. Lakin Vətənimiz Azərbaycanın igid, qəhrəman övladları bütün çətinliklərə və məhrumiyyətlərə baxmayaraq öz doğma yurdlarını – Vətənimizi böyük fədakarlıqla və rəşadətlə qorumuşlar, 2020-ci ildə olan 44 günlük Vətən müharibəsində olduğu kimi!!!
Bu məqalə Azərbaycanın dilbər guşələrindən biri, Qubadlının Xanlıq kəndinin sakinləri Orucovlar (İsmayıl bəy və Ətifə xanım) ailəsinə və onların ən yaxın şəhid qohumu Orucov Rəhim Həbibullah oğluna həsr olunmuşdur.
Qeyd etməliyik ki, xəyanətkar, mənfur, nankor qonşumuz olan Ermənistan və Azərbaycan arasında gedən qanlı döyüşlərdə, yəni həm birinci, həm də ikinci Qarabağ müharibəsində Qubadlı sakinləri də böyük vətənpərvərlik hissləri ilə fəal iştirak edərək, ölümdən qorxmayaraq cəllad düşmənlərə qarşı döyüşmüşlər. Onlardan bir neçəsinin adlarını yaza bilərik. Milli qəhrəmanlar bunlardır: Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Bəylər Ağayev, Şükür Həmidov və başqaları. İgid şəhidlərdən isə bunları yazmaq olar: Ağayev Vüqar, Göyüşov Qəhrəman, Qarayev Yunis, Rüstəmov Cavanşir… Onlardan biri də Şölə xanımın əmisi oğlu Orucov Rəhim olmuşdur.
Beləliklə, Qubadlı rayonu yarandığı vaxtdan bəri çox qayğıkeş, sədaqətli, xeyirxah, zəhmətkeş insanları və igidləri ilə tanınmış, Nəbilər, Həcərlər məkanı kimi şöhrət tapmışdır. Bu bölgədə yaşayan insanlar torpağa bağlılığı, əməksevərliyi və mənəvi zənginlikləri ilə fərqlənir. Ona görə də, onu qorumaq üçün tarix boyu həm yadelli işğalçıların, həm də mövcud quruluşun mənfur təbəqələrinə qarşı onlar böyük vətənpərvərlik göstərərək mətinliklə mübarizə aparmışlar.
2022-ci il, iyul ayı idi. Bütün Qarabağlılar kimi, İsmayıl bəy və Ətifə xanımın ailəsi də 30 illik Vətən ayrılığından sonra şanlı ordumuzun 44 günlük Vətən müharibəsindəki Qələbə, Zəfər sevincini böyük həyəcanla yaşayırdı. Bütün bunlarla bərabər, Zəfərdən sonra uzaqgörən, müdrik siyasətçi, möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda aparılan genişmiqyaslı, bərpa və yenidənqurma işləri onları daha da sevindirir və Vətənə qayıtmaq inamlarını gücləndirirdi. Sanki onlar quş olub uçmaq, doğma rayonu, doğma kəndi görmək, onun havasını udmaq istəyirdilər. Demək olar ki, onlar yurd həsrət ilə gecə-gündüz böyük həyəcan keçirirdilər. İsmayıl bəy və Ətifə xanımın övladları qaçqınlıq həyatı yaşasalar da, onların hamısı valideynlərinin sayəsində mükəmməl ali təhsil ala biliblər. Çox-çox şükürlər olsun ki, hətta onların nəvələri də müxtəlif nüfuzlu ali məktəblərdə təhsillərini davam etdirirlər.
Beləliklə, Ətifə xanım çox gözəl qadın, ana, nənə sevincləri ilə əhatə olunsa da, doğma Vətən hissi gecə-gündüz ona rahatlıq vermir və o, özünü xəstəhal hiss edirdi. Nəhayət, Ətifə xanımın övladları anasını həkimə aparmalı oldular. Həkim Ətifə xanımı ilk baxışdan qarşısında klassik bir Azərbaycan qadını, halal, zəhmətkeş, ismətli, gözəl bir ana obrazı ilə seyr edərək soruşdu : “Xala, sizin üzünüzdən nur yağır! Elə bil, yaylaqdan gəlmisiniz! Maşallah! Maşallah! Axı, siz xəstəyə oxşamırsınız! Şikayətiniz nədəndir?” Ətifə xanım dedi: “Bala, qadan alım, kaş, doğma kəndimizə gedəm, yurd yerimizi görəm və doğma torpağı öpəm! Onda ürəyimin döyüntüsü, başımın ağrısı azalar və dərindən nəfəs alaram! Və inanaram ki, nə vaxtsa biz də öz doğma rayonumuza və kəndimizə qayıdacağıq! İnşallah! Torpağı itirdiyimiz — doğma yurdumuzdan ayrıldığımız gündən bəri rahatlığımız da qeybə çəkilib”. Ah, Vətən, Vətən! Yenə də Vətən… Bu həsrət demək olar ki, 30 il çəkdi…
Beləliklə, 27 sentyabr 2020-ci ildə Müzəffər Ordumuz dövlət başçısı, dünya şöhrətli qalib sərkərdə, Prezident, Ali Baş Komandanımız möhtərəm cənab İlham Əliyevin müdrik, uzaqgörən, diplomatiyası, rəhbərliyi və sərəncamı sayəsində işğal altındakı torpaqlarımız igid, qəhrəman əsgərlərimizin canı və qanı bahasına — Gözəl Qarabağımız cəmi 44 günə düşməndən geri alındı. Bu zəfərə xalqımız qucaq açdı, sevindi. Həmin gün ağlaya-ağlaya bir-birlərinə sarılanlar arasında Qubadlı sakinləri də var idi. Qələbə sevinci onları da gur sulu dağ çayları kimi coşdurmuşdu. Həmin günlər – Gözün aydın, ana! Qubadlı azad olundu!, – deyənlərdən biri də Qubadlı rayonunun Xanlıq kənd sakini Orucova Şölə İsmayıl qızı idi. Bu anlar Şölə xanımın gözlərində güclü həyəcan dolu baxışlar, yanaqlarında ləngər vuran 30 illik acı göynərti var idi… Bu hisslər bir anda elə bir dəlisov-çılğın sevinc hissi ilə çırpındı ki, o səhnəni təsvir etməkdə söz acizdir…Ona görə də,
Şölə xanımla söhbətimizin qısa mətnini onun öz dili ilə oxuculara təqdim edirik:
– Mən Qubadlı rayonunun Xanlıq kəndində doğulub böyümüşəm. Kəndimizdən zorla didərgin düşəndə 20 yaşım var idi, tələbə idim. 1993-cü il avqust ayının 26-da Bakıya gəlmişdim. Üç gün sonra kəndimiz erməni qəsbkarları tərəfindən işğal edildi. Çox dəhşətli günlər idi. O gün bizə yeni ad verdilər – qaçqın… Bütün yurd-yuvasından didərgin düşənlər kimi, biz də bu ad altında çox çətin və acınacaqlı yollar keçdik…
Lakin çox-çox şükürlər olsun ki, 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra qaçqın sözünün xofundan qurtulmuşuq! Artıq qoynunda göz açdığım Qubadlım işğaldan azad edilib! İndi ürəklə deyirəm ki, mən bundan sonra qaçqın deyiləm! Bəli! Bu günlər çox sevincliyəm ki, 29 ildən sonra mən kəndimizə gedirəm… Ah, bu günlərə çox şükürlər olsun, 29 il idi ki, bu yolu yuxularda, xəyallarda gedirdim… Bu anlarda isə səfərə çıxdığımız Vətən yolunda illərin həsrətini, hicranını, yanğısını, təəssüfünü, ağrı-acısını indi özümüzlə aparırıq… Bir də Doğma Vətənə qovuşmaq arzusunu! Şölə xanımgil Qarabağ bələdçisinin iştirakı ilə yol gedirdilər, maşında hamı susurdu, hər kəs sanki öz içində özü ilə danışırdı, elə bil sükutu pozmaqdan qorxurdu. Bəzən də havadakı susqunluğu pozaraq sanki heç nəyi hiss etmirmiş kimi, zarafat edirdik. Nəhayət, o torpaqlara çatdıq… 30 ilə yaxın idi ki, çınqılına-daşına, havasına, suyuna, kol-kosuna, dağına, dərəsinə həsrət qaldığımız, uğrunda minlərlə oğullarımız, qızlarımız qurban gedən, igidlərin qanı ilə yoğrulan o torpaqlardayıq!… Həsrətdənmi, həyəcandanmı boğazımız qurumuş, nitqimiz batmışdı, göz yaşlarımız içimizə axırdı, hamı susurdu. Sanki yuxularda idik, yalnız irəliyə baxırdıq…Gözlərimizə inanmırdıq. Bu yollardan vaxtıilə, 29 il öncə yana-yana, ah-nalə ilə keçmişdik, axı!.. Mənliyimizin, kimliyimizin, uşaqlığımızın, gəncliyimizin əziz günləri və qocalarımızın gözlərindəki işıqların söndüyü günlər idi o günlər!… Maşında bələdçi ilə birlikdə beş nəfər idik. Sanki hamının ürəyi eyni vaxtda, eyni ritmlə döyünürdü… Çünki yaşadığımız ünvana çatmağa tələsirdik!
Beləliklə, qarşımızda ucsuz-bucaqsız, geniş çöllər, yurd-yuvalar görünürdü. Nə həyatlar olmuşdu bu çöllərdə, nə ömürlər yarımçıq qalmışdı, nə igidlər can vermiş, gözlərini əbədiyyətə yummuşdu bu çöllərdə!… Sanki uçuq-sökük evlərin divarlarından ruhlar da ərşə dayanmışdı! Yol uzanır, uzanırdı, qurtarmaq bilmirdi, hər tərəfdə qarət edilmiş evlər, dağıdılmış yollar boy verirdi.
Ətrafda vəhşicəsinə, xaincəsinə dağıdılmış evlər, həyətlər və bağ-bağçalar görünürdü. Hətta onların yerində nar, əncir, tut ağacları da kefsiz halda boyunlarını əymişdilər. Sanki küsmüşdülər və öz doğma sahiblərini gözləyirdilər… Bax, buradan keçmişdi o igidlər, o qəhrəmanlar! Bu torpaqlarda onlar can qoymuşdular… Bu vəhşətin qarşısında nitqimiz batmışdı. Hər tərəf düz-düzəngah, hər saniyə düşmən gülləsinə tuş gələ bilmək ehtimalını düşünəndə içimizdə nə isə zərif bir tel qırılırdı qorxu və narahatlıq hissi yaranırdı. Axı, o igid oğullar bu torpaqda mənfurlara sinə gərmişdilər! Nəhayət, xoşbəxtlikdən uzaqdan qürurla dalğalanan üçrəngli bayrağımız görünməyə başladı! Bu qarışıq duyğularla boğazımızda düyünlənən qəhəri udaraq qeyri-ixtiyari düşünürdük ki, şükürlər olsun Qadir Allaha və dövlətimizə, ordumuza artıq torpağımızdayıq, Vətənimizdəyik!
Beləliklə, dörd postdan sonra çayların içi və yaşıllıqlar görünməyə başladı. Artıq el-obamızın havası, ətri gəlirdi. Ucsuz-bucaqsız, əsir düşməyindən utanırmış kimi, ağacların içində gizlənən uçuq-sökük evlər, dağılmış, talanmış el-obamız, yaraları sağalmayan kəndimiz, vəhşiliyin qurbanı olmuş məzarlardan didərgin düşən ruhlar qarşılayırdı bizi! Hicran acısından boğazımızda düyünlənən qəhər sinəmizi yandırırdı! Dərindən köks ötürəndən sonra uzaqdan doğma yurdumuz, Xanlıq kəndinin geniş mənzərəsini gördüm! Ah! Yaralı, əsir qalmış, qolu-qanadı sındırılmış, beli bükülmüş qərib el-obamız, doğma kəndimiz, doğma yurdumuz, doğma evimiz! Uzun müddət öz sahibindən uzaq düşdüyünə görə çox darıxmış, qəribsəmişdi… Aman, Allah! Sahibsizlikdən və kimsəsizlikdən, o, çox yazıqlaşmış və yalnızlaşmışdı… Lakin, bizim kimi o, da illərin sınağından böyük fədakarlıqla çıxmışdı… Düşmənə sinə gərmiş, şahid dağlardan gələn gözəl Həkəri çayı isə öz həzin laylasıyla uyuyan kəndimizdə bizi qarşılayırdı!
Nəhayət, ona qovuşmaq arzusuyla illərdir həsrətini çəkərək gəldiyimiz yolun sonuna çatdıq! Az qala hər gecə yuxularımızda ziyarət etdiyimiz, yüz dəfə uçurulub dağıdılmış və 29 il əsir düşmüş doğmalarımızın da məzarlarını ziyarət etdik. Şölə xanım əlində əmisi oğlu şəhid Orucov Rəhim Həbibullah oğlunun portretini tutmuşdu və o, həyəcandolu hisslər yaşayırdı.
Belə ki, Qarabağın bütün kənd və şəhərləri kimi, Qubadlı da öz sakinlərindən uzun müddət ayrı qalmışdı. Ətrafa baxanda insanın qanı donurdu damarında! Sanki erməni vandalları insanlığa, həyata və bizlərə olan nifrətlərini o cansız daşlardan, boş qalan yurd-yuvalardan çıxmışdılar!! Bu vəhşiliyi ifadə edəcək söz, cümlə yoxdur… İnsanın nitqi quruyur, dili tutulurdu, ətrafda olan hər şey heykələ dönürdü.
Onlar əvvəlcə kənddəki şəhidlər xiyabanına getdilər. Şölə xanım əlindəki, portreti əmisi oğlunun məzarı üstünə qoyub, arxaya doğru çəkildi və şairanə surətdə danışmağa başladı: “Şəhidim sən də burdasan. Öz elində, obandasan. Əbədi olaraq öz Vətənindəsən. İgid, qəhrəman şəhid dostlarının arasındasan”!
Xalqımızın qüruru,
Siz, ey igid şəhidlər!
Vətənin dar günündə,
Yağı düşmən önündə
Ölümdən qorxmadınız
Cəsarətlə döyüşə atıldınız
Düşməni məhv etdiniz.
***
Silaha sarıldınız,
Qalib bir ordu kimi
Qızıl tarix yazdınız!
Yaddaşlarda qalacaq,
Sizin gözəl adınız!
And yerimiz olacaq,
Yatdığınız qara torpaq!!!
Ətifə xanım qızı Şölənin həyəcanla danışıqından sonra onu qucaqlayıb üz-güzündən və alnından öpərək dedi: — Çox sağ ol qızım, südüm sənə halal olsun! Mənim ürəyimi dağa döndərdin! Göyün lap yeddinci qatına qaldırdın! Belə yerdə atalar çox gözəl demişdir: “Söz var qızıldan qiymətli, qız var oğuldan qeyrətli! Səni min yaşa!”
Bəli, bu yurd-yuvalardan ötəri canını-qanını, arzularını, xəyallarını qurban verən oğullara əbədi borcluyuq, biz hamımız– bütün ölkə vətəndaşları!. Onlar üçün nə etsək də azdır. Yalnız danılmaz bir həqiqətə inanırsan. Doğma, əziz Qarabağımız nankor, mənfur, cəllad, erməni faşistlərindən xilas olmuşdur. Bir daha şüurunda təsdiq edirsən ki, burdasan, öz torpağındasan, Vətənindəsən, doğma kəndindəsən!
Bir anda doğulub böyüdüyün, hər daşına-qayasına bələd olduğun, hər cığırını bildiyin doğma yurdundasan! 30 ildir ki, yuxularında, xəyallarında gəzdiyin kənddən və evindən qalan xarabalıqlar capcanlı gözlərinin qarşısındadır!
Birbaşa evimizə getməyə cürət etdikmi?! Bilmirəm. Güclü həyəcan keçirirdik, gözlərimizə inanmırdıq. Bütün yaraların məlhəmi olan Həkəri! Sanki onun şırıltısı yanan ürəyimizi soyudacaqdı! Bir ümid vardı içimizdə, o bizə təskinlik verirdi. Onun sahilində bir az rahatlıq tapmaq istədik. Nəhayət, böyük həyəcanlarla, doğma evimiz olan sahəyə çatdıq. Anam bizə orada, bir qədər ayaq saxlamağı məsləhət gördü və əllərini göyə açdı: Əvvəlcə Uca Allaha şükürlər dedi, sonra dövlət başçımız möhtərəm Prezdentimiz Cənab İlham Əliyevə və Şanlı Ordumuza dualar oxudu. Onun səsindən və sözlərindən riqqətə gəlmişdik həm sevinirdik, həm də, böyük həyəcan keçirirdik.
Nə müddətdir gözləyirdin yolumu,
Yağı düşmən bağlamışdı qolumu.
Şanlı ordu yox eylədi zülümü,
Doğma Vətən, təbrikinə gəlmişik,
Ana, Vətən, görüşünə gəlmişik!
***
30 ildə sevinmədik, gülmədik,
İllər keçdi, gecə-gündüz bilmədik.
Həsrətinlə biz bu günü gözlədik.
Doğma Vətən, təbrikinə gəlmişik,
Ana, Vətən, görüşünə gəlmişik!!!
Beləliklə, Qarabağın digər şəhərləri və kəndləri kimi, burada hər yer – yolun üstü, yolun altı tamamilə dağıdılsa da, bura insanın doğulub böyüdüyü, torpağa tapşırıldığı yerdir – onun adı Vətəndir!…
Vətən özgüvəndir. Vətən qürurdur. Vətən kimlikdir. Vətən qeyrətdir.Vətən vicdandır, şərəf və şöhrətdir.
Vətən bizim canımız,
Candan əziz qanımız.
Ən ülvi məkanımız,
Doğma torpaq deməkdir.
Vətən üçün yaşayan,
Daim yüksələcəkdir!!!
İllər öncə didərgin düşdüyümüz o el-obadan heç nə qalmasa da, amma bu torpaq, bu Vətən bizimdir! Həyətimiz, qonşuların dağılmış evləri, həyətləri, ağaclar, kol basmış yolumuz – hamısı doğmadır! Qonşularımızın da evləri uçub, dağılıb… Həyətimizin ortasındakı böyük armud ağacı artıq yoxdur! Vaxtıilə üstündə beşdaş oynadığımız pilləkənimiz də yoxdur… Ata-anamızın, böyük zəhmətlə, əziyyətlə əkdiyi ağaclar, illərini verdiyi ev-eşik, dağılıb, yurdda qalan sadəcə, uçub-dağılmış, içində ağac bitən divarlardır. İllərdir, yalnız üzünə həsrət qaldığımız doğma torpağım – əziz, gözəl Vətənim öz yerindədir! Hər şeydən şirin Vətən! Sənin qoxunu, havanı doyunca içimizə çəkməyi o qədər axtarmışıq ki, heç nə sənə bənzəmir, axı.! Getdiyimiz dağlar, gəzdiyimiz yerlər heç biri səni əvəz etmir. Sən başqasan! Artıq burdayıq – həyətimizdəyik, evimizdəyik, bunu dəfələrlə təkrarlayırıq… İndi sevincliyik. Çünki, 29 ildən sonra ağaclarımızdan meyvə dəririk, bulağımızın suyundan içirik. Əfsuslar olsun ki, nə qədər axtarsaq da, keçmişimizə aid heç nə tapmırıq!.. Necə də acı və həyəcanlı hisslərdir! Evimizin divarları, meyvə ağaclarımız, sanki uzun müddət bizdən ayrı qaldığına görə qəribsəmişdilər… Bunlardır bizim keçmişimizin yeganə şahidləri! O an — həmin qısa zaman kəsiyi sanki, bir andan ibarət idi, axı! Həmin qısa müddət zaman kəsiyinə 30 ili necə sığışdırmaq olar?! O ana 30 ili sığışdırmaq istəsən də mümkün deyil! Hər dağını-daşını, yolunu, izini, cığırını doğma bildiyin torpaq necə də əzizdir! Biz güclü sevinc və həyəcan keçirirdik. Çünki, bir neçə saat limitim var və o ana hər şeyi sığışdırmağa, yekunlaşdırmağa çalışmalısan, lakin böyük maraqla hər yeri gəzmək, görmək, toxunmaq istəyi adamı eyforiyaya salır! Belə hallarda insan özünü xəyallar və xatirələr aləmində hiss edir. Sənə, keçmişinə aid olanı görəndə balaca uşaq kimi sevincinin həddi-hüdudu olmur! O an sənin bu illər ərzində itirdiklərin yadına da düşmür… Çünki, oradasan, torpağındasan, həyətindəsən, meyvə ağacının altında dayanmısan! Elə bax, bütün bunlar yetər ki, sən qarşına qoyduğun, ömrün boyu arzu etdiyin bir mətləbə çatmısan və sənə aid olan bu torpaq, bu el-oba, bu məkan — bütün bunlar gerçəklərdir! Uşaq vaxtı qorxu-hürküsüz gəzib dolaşdığın yerlərdir bu yerlər! Bu torpaqda, dağlarda, cığırlarda gəzdiyin vaxtlar və sənin ayaq izlərin, əbədi olaraq uşaqlıq xatirlərində həkk olunmuşdur. On bir il oxuduğum məktəb də yoxdur yerində uçurulub, dağıdılmışdır! Kəndimizin yaraşıqlı çinarları da yoxdur, hamısı doğranıb məhv olmuşdur… Amma onlar, xoşbəxtlikdən qürurlarını pozmayaraq, düşmənə boyun əymədən yenidən pöhrələnib böyümüşlər, sanki bizi gözləyirdilər! Su dəyirmanının ancaq izləri qalmışdır! Tut bağımızda bir dənə də ağac yoxdur, ancaq arxda balıqlar rahat-rahat üzürdülər. Bir anda bu torpaqdakı ya bir daş, bir qaya, bir ağac, ya da bir quş olub azad, sərhəd bilmədən uçmaq istəyirsən! Deməli, öz torpağında, elində-obanda olmaq necə də şirindir! Yenidən qayıtmaq ümidi ilə geriyə dönürük. Hətta qayıtmaq üçün heç tələsmirik də! Lakin geriyə, Bakıya qayıtmalıyıq.
Beləliklə, yolboyu bizi yola salan şəkillərdən qürurla baxan o igid şəhidlərin qanı-canı bahasına biz buraya gələ bilmişik! Bu gözəl və əziz Vətən torpağı qanla yoğrulub, onun dəyəri canla verilib! Biz o canlara bir ömür borcluyuq!!! Şölə xanım dedi ki; “Mənim qəlbimdə iki paralel və bərabər həyəcanlı hisslər var idi. Onlardan birincisi sevimli gözəl anamı, doğma həyətimizlə, yurd yerimizlə– dağıldımış olsa da, onu həyət və bacamızla görüşdürmək, ikincisi isə Vətənimizin azadlığı naminə digər Vətən oğulları kimi, canını qurban vermiş, əmim oğlu şəhid Rəhim Orucovun məzarını ziyarət etmək idi”. İndi Şölənin Bakıya geri qayıdarkən həyəcanı bir qədər azalmışdı, çünki o, arzusuna çatmışdı. Buna görə də o, özünü çox rahat və məmnun hiss edirdi.
Beləliklə, Şölə xanım Qubadlıya olan səfər təəssüratlarını belə yekunlaşdırdı: “Biz bugünki, Qarabağdakı Zəfərimizə görə başda möhtərəm Prezidentimiz Silahlı Qüvvələrin Ali Baş Komandanı, qalib sərkərdə Cənab İlham Əliyev olmaqla, Müzəffər Şanlı Ordumuza, şəhidlərimizə və qazilərimizə bütün ömrümüz boyu borcluyuq!!!”
Bəli, Vətəni sevmək, əsl vətəndaş olmaq belə olur! Şölə xanımın mənsub olduğu Orucovlar ailəsi və nəsili kimi!
Şölə xanımın dilindən qopan emosional və ehmal kəlmələr içimizdəki hicran buzunu əritdi, bir daha şahidi olduq ki, “ana və vətən” sözləri ayrılmazdır, Vətən də ana qədər əzizdir! Bu gün Şölə xanımın timsalında bütün Qubadlı sakinləri də digər Qarabağ sakinləri kimi, bir vaxt doğma ocağa, elə, obaya və elata köç hazırlığındadırlar! Nəhayət, uzun müddət həsrətlə, həyəcanla gözlədikləri zaman gəlib çatmışdır! İndi onlara nəinki erməni xisləti, heç şeytanın fitnəsi də təsir edə bilməz! Çünki onların üzləri Vətənə sarıdır və onları ata-baba yurdları — Qubadlı çağırır!!!
İradə Gözəl Vəlibəyli,
Filologiya üzrə fəlsəfə doktoru
“Qızıl Qələm” media mükafatı laureatı,
Şair publisist
Bakı — 2022-ci il