Astara rayon rəhbərliyi, eləcə də rayonda fəaliyyət göstərən digər dövlət idarələri Ərkivan qəsəbə sakini Fuad Nuriyevin problemlərini də, şikayətlərini də görməzdən gəlirlər. Elə Fuad Nuriyevin özünün dili ilə desək, “veclərinə almırlar”.
Amma, deyəsən Astara rayon rəhbərliyi və çalışanları, həmçinin yerli bələdiyyələr nəinki Fuad Nuriyevi, ümumiyyətlə bütün rayon sakinlərini, eləcə də heç qanunları “veclərinə almırlar” ki, bu gün qanunların gərəkdirdiyi kimi deyil, ürəklərinin istədiyi kimi fəaliyyət göstərirlər.
Məsələn, nahardan sonra əksər bölgələrin icra hakimiyyətlərində olduğu kimi, burada da dəstəyi qaldıran olmur. Belə çıxır ki, yarım gün işləyirlər?
İşdə olurlarsa, dəstəyi niyə qaldırmırlar?
Şəhid məzarları önündə, yaxud xüsusi günlərdə camaatgözünə dövlətin diqqət ayırdığı Şəhid ailələrini tədbir keçirmek adı ilə toplayıb, 5-6 “fotosessiya” edib, sosial şəbəkələrdə, rəsmi saytlarda paylaşmaq işini düzgün idarə etməkmi sayılır?
Əvvəllər, vətəndaşlar “belə nağıllara” inanırdılar. Sonra, elə o “şəkilllərdən ilhamlanıb” İcra Hakimiyyətinə üz tutan, günlərlə qapılarda gözləyən, axırda kobud cavab alıb, kor-peşman geri dönənlər beləcə nağıllara inanmayacaq qədər sürətlə böyüdülər.
44 günlük vətən müharibəsi və müharibədən sonra müharibə iştirakçılarına qarşı çox məmurların, çox səlahiyyət sahiblərinin davranışları xalqın səbrini daşdırdı.
Uzun illərdir susub qanunların tələblərinə uyğun yaşayan, qanun pozmaqdan qorxan xalq qanunsuz tikililərə xeyir-dua verən İcra başçılarını, dövlət mülkünü satan, həmçinin düşmən tapdağında olan 20 faiz torpağımızı geri alan oğullara 2 sot torpağı qıymayan bələdiyyə sədrlərini, icra nümayəndələrini gördükcə, dövlət qurumlarnda çalışanları “hökumət” hesab edən kütlə arasında yavaş-yavaş hakimiyyətə qarşı inciklik yaranmağa başladı ki, görünür bu da elə qanun saymayan çox məmurların əsas məqsədi imiş.
Şikayətlər, narazılıqlar artdıqca problemlər də azalmaq yerinə daha da artmağa başladı.
Elə bu cür problemlərinə çarəni mətbuatda axtaran narazı xalqın “DogruXeber.az”a davamlı müraciətləri də bizi onları narazı salan məmurları tənqid etməyə məcbur etdi.
Beləcə adımızdan çəkinən məmurların sayı da getdikcə çoxaldı.
Ordan-burdan qulağımıza çatır ki, sən demə bizi bir çox dövlət idarələrində rəhbər vəzifələrdə çalışanlar “müxalifət sayt” adlandırırmış…
Əvvəla onu təkrar diqqətinizə çatdırırıq ki, biz var gücümüzlə və birinci növbədə vicdanımızın tələbi ilə adımıza (DogruXeber.az) layiq, doğruları danışmağa, dərc etməyə çalışırıq. İkinci növbədə, biz də bu xalqın içindəyik, “əyrini əyri, düzü düz” görməyi gözəl bacarırıq, üçüncüsü nə müxalifətin, nə iqtidarın – yalnız haqqın tərəfindəyik.
Qaldı ki, ey doğruları deyəni “müxalifət” adlandıran idarə rəhbərləri, məgər iqtidar olmaq yalan danışmağı tələb edir?
Ağzınızdan çıxan sözlərə diqqət edin. Bu “taktika”nız heç də nəzərdə tutduğunuz kimi sizə “haqq qazandırmır”. Bu ifadə ilə hazırkı iqtidar partiyanın fəaliyyətini şübhə altına salırsınız.
Əlqərəz…
Deyəsən, biraz mövzudan uzaqlaşdıq. Amma, bu da xalqın yanında olduğumuz üçün bizə atılan çirkin iftiraların verdiyi əsəbdən irəli gəldi.
Bəli, Astara rayonunun Ərkivan qəsəbəsindən danışırdıq. O Ərkivan qəsəbəsi ki, baxımsız qalan qəbristanlığında belə məişət tullantıları ayaq tutub yeriyir.
Küçələri azacıq yağış yağan kimi yaranmış gölməçələr və palçıq səbəbilə keçilməz hala gəlir.
Yeri gəlmişkən, yerli bələdiyyənin “təmir” məqsədilə yollara tökürdüyü xirda çay daşlarını da “Kanal14” YouTube kanalımızda sizlərə təqdim etmişdik.
“İki metrdən bir təqribən 3-4 kq xırda daşlar’ı izlədikcə, həm bizdə, həm izləyicilərimizdə gülüş yaradır bu görüntülər.
Yəni, gördükləri iş göz qabağında, üstəlik də vətəndaşların hüquqlarını pozurlar.
Psixoloji durumuna görə ikinci qrup əlil olan Fuad Nuriyev xəstəxanda müalicə aldığı müddətdə həyətyanı və pay torpaqlarının başqalarına satılmasından narazılıq edir.
Bələdiyyə sədri Mehman məsələyə münasibət bildirmək üçün zəng edirik, bizə sanki təzə xəbər verirmiş kimi vətəndaşın durumundan danışır. İcra Hakimiyyətində də Fuad Nuriyevin bildirdiyinə görə “Neynirsəne o torpağı, get indi yaşadığın yerdə yaşa da” deyə, məsləhət verir. Halbuki, vətəndaş rayon rəhbərliyinə məsləhət üçün deyil, səlahiyyətli şəxslər tərəfindən qəsdən yaradılmış probleminin həllində kömək istəmək üçün gedib.
Əmlak Məsələləri üzrə Dövlət Reyestr Xidməti desək, deyir “O da qapısına yazıb vurub ki, “Qazilər, əlillər növbəsiz qəbul edilir’, amma mən neçə gün ardıcıl getdim, qapıda gözlətdilər. Mən də ikinci qrup əliləm, niyə gözləyirəm?
Bir dənə qadın var əvvəllər oranın işçisi olub, yeyintiyə görə işdən çıxarılıb, indi hər gedəndə görürəm qapıda 5-6 nəfər yığılıb, qəbulda növbə gözləyir. Yenə həmin o qadın içəridə oturub.
Rayonun o qadından başqa sakini yoxdur?
O qadın özü saxtakarlığa görə işdən çıxarılıb, indi də maklerlik edir, orada oturan İlqarın əli ilə həmin saxta işlərini davam etdirirlər. O İlqara “xeyir” verir deyə, İlqar başqa vətəndaşları gözlədir”.
Vallah doğrusu Fuad Nuriyevin pozulmuş hüquqlarını bir yazıya sığdıra bilmədik. Odur ki, bir qismini qeyd etdk.
Yeri gəlmişkən, ötən gün Astara rayonunun da Ərkivan qəsəbəsinin daha bir sakini Fəttayeva Kamilə Nəhməd qızının “DogruXeber.az” redaksiyasına göndərdiyi videomüraciəti “agentliyin tabeçiliyində fəaliyyət göstərən “Kanal14” YouTube kanalında yayımlanıb.
Xanım bildirir ki, “Şuşada yaralanmış Mirəli Əliyevin anasıyam.
Xanım ilk öncə prezidentin müvafiq sərəncamına əsasən oğlunun layiq görüldüyü “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “”Füzulinin azad olunmasına görə “, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medallarını nümayiş etdirib və bildirib ki, oğlu noyabrın 3-də Şuşada yaralanıb, bir barmağı da amputasiya olunub, əmək qabiliyyətini itirib. Bundan əlavə xanım bildirir ki, müharibədən sonra Mirəlinin psixoloji durumunda da ciddi problemlər yaranıb. Lakin, nə 1 saylı Psixiatriya xəstəxanası ona düzgün diaqnoz vermir, nə də digər problemlərine görə düzgün diaqnozlar verilmədiyi üçün əlillik dərəcəsi də almayıb, veteranlıq da verilməyib. Maddi baxımdan çox əziyyət çəkirik”
Onu da qeyd edək ki, bu hələ Astara rayonunun bir qəsəbəsinin, iki sakininin problemidir. İndi özünüz təsəvvür 109 minə yaxın digər sakinlər nələr yaşayır.
Müraciətlər çoxdur. Silsiləli olaraq, dərc edəcəyik.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az