Dünya

Türkiyənin rəsmi dairələri zəlzələ ilə əlaqədar əhaliyə xəbərdarlıq edib

Türkiyənin rəsmi dairələri zəlzələ ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.

“Zirvə yolu”nun xəbərinə görə, ölkənin vitse-prezidenti Fuad Oktay bildirib ki, təbii fəlakətlə bağlı Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinad olunması vacibdir.

Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan bütün nazirləri zəlzələ baş verən ərazilərə təhkim edib.

Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun isə əhaliyə müraciətində zəlzələ və fəsadları haqqında məlumatların ötürülməsində doğru mənbələrə istinad olunmasının vacib olduğunu vurğulayıb, bu həssas məqamlarda dezinformasiyaların insanların həyatı bahasına başa gəldiyini, sosial şəbəkələrdən yayılan xəbərlərdə də məlumatların dəqiqləşdirilməsinin önəm daşıdığını qeyd edib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Türkiyə vətəndaşlarına fəlakət baş verən ərazilərə yardım daşınması üçün ehtiyac olmadığı müddətdə avtomobildən az istifadə etməyi tövsiyə edib,

AFAD zəlzələ baş verən ərazilərdə dağıntı olan yerlərdən uzaq durmaqla bağlı xəbərdarlıqla yanaşı, telefon danışıqlarının mümkün olduğu qədər qısa etməyi tövsiyə edib.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda Bakı vaxtı ilə 05:26-da 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Gaziantep, Şanlıurfa, Diyarbakır, Malatya ve Adana başda olmaqla ətraf ərzailərdə, o cümlədən Ankarada da hiss edilib.

Zəlzələ nəticəsində azı 284 nəfər ölüb, 2323 insan xəsarət alıb, 1710 bina tamamilə dağılıb.

Onu da qeyd edək ki, hazırda Türkiyə qışın ən sərt dövrünü yaşayır. Hətta digər bölgələrinə nisbətən qışda mülayim hava ilə müşahidə olunan Qaziantepdə belə qarlı hava şəraiti müşahidə olunur, bu da zəlzələ baş verən ərazilərdə həyatı daha da çətinləşdirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir