Manşet Siyasət

Kahramanmaraşda itkin düşmüş azərbaycanlı tələbə dağıntılar altından sağ çıxarılıb – YENİLƏNİB

Ötən gün Türkiyədə baş verən güclü zəlzələ nəticəsində Kahramanmaraşda itkin düşmüş azərbaycanlı tələbə tapılıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə “Report”un Ankara bürosuna açıqlamasında Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli məlumat verib.

Belə ki, Kahramanmaraş Sütçü İmam Universitetinin tələbəsi Göyçə Baxşəliyeva dağıntıya məruz qalmış binanın altından çıxarılıb, təcili olaraq xəstəxanaya aparılıb:

“Xəsarətlər alıb, ümumi vəziyyəti ağır deyil. Müayinələrdən sonra səhhəti haqqında dəqiq məlumatı həkimlərdən alacağıq”.

Həmran Əmirli deyib ki, tələbənin vəziyyəti ilə bağlı məsələ Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzarətindədir:

“Valideynlərinin də məlumatı var”.

13:44

Ötən gün Türkiyədə baş verən güclü zəlzələ nəticəsində Kahramanmaraşda təhsil alan azərbaycanlı tələbə itkin düşüb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə “Report”un Ankara bürosuna açıqlamasında Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli məlumat verib.

O, Kahramanmaraşda oxuyan bir tələbə haqqında heç bir məlumat ala bilmədiklərini söyləyib: “Çünki onun yaşadığı bina tamamilə dağıntıya məruz qalıb”.

H.Əmirli həmçinin bildirib ki, Kahramanmaraşta olan Azərbaycan vətəndaşlarının Vətənə təxliyəsi bu gün təmin olunacaq: “Təxliyə Azərbaycanın Türkiyədəki Səfirliyinin dəstəyi ilə Kahramanmaraş avtovağzalından yerli vaxtla saat 15:00-da icra olunacaq”.

Türkiyənin Azərbaycandakı Səfirliyindən “Report”a verilən məlumata görə, zəlzələ nəticəsində ölənlər və ağır xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması haqqında məlumat yoxdur: “Kahramanmaraşdakı zəlzələ bölgəsindən Türkiyədəki azərbaycanlı tələbələr və digər Azərbaycan vətəndaşlarının təxliyəsi üçün hazırlıqlar aparılır”.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04.17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda isə yerli vaxtla saat 13.24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa, yerli vaxtla 04.26-da Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04.36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.

Zəlzələ nəticəsində ölənlərin sayı 3 419 nəfərə çatıb, 20 534 nəfər yaralanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir