Ərdoğan Mehriban Əliyevanın tapşığı üzrə Qazintepdə olan Heydər Əliyev Fondunun nümayəndələri ilə görüşüb
Bu gün zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazintep hava limanında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşüb.
“Zirvə yolu”nun xəbərinə görə, baş vermiş faciə ilə əlaqədar Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın başsağlığını çatdıran Fondun nümayəndəsi Elvin Aslanov bu günlərdə bütün Azərbaycan xalqının, ölkənin bütün təşkilatlarının qardaş ölkə üçün zəruri yardımların göstərilməsi naminə səfərbər olduğunu bildirib.
Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü bildirən Rəcəb Tayyib Ərdoğan deyib: “İlham qardaşıma, Mehriban bacıma öz adımdam, millətim adımdan çox təşəkkür edirəm!”
Azərbaycanda xalqın zəlzələ qurbanları üçün humanitar yardıma qoşulmasından, göndəriləcək yardımlar barədə məlumatlı olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olduğu kimi, indi də belə çətin gündə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib. “Öz adımdam, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!”