“Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” stansiyasında yeni işıqlanma sistemi qurulub.
“Zirvə yolu” xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Qurumun açıqlamasında deyilir ki, işıqlandırma sistemində edilən yenilənmə tələbata əsasən həyata keçirilib:
“İşlər stansiya yollarında hərəkətin təşkili və təhlükəsizliyi, habelə sərnişindaşıma prosesinə maneə törətmədən, əsasən, gecə növbəsində aparılıb. Bu məqsədlə stansiya yollarında müvəqqəti işıqlanma təmin edilməklə, köhnə şəbəkə sökülüb və yenisinin quraşdırılması üçün müvafiq hazırlıq tədbirləri görülüb. Köhnəlmiş, həmçinin enerji sərfiyyatı çox olan 72 Vt-lıq 67 lampa çıxarılaraq dairəvi formalı plafonlardan ibarət 33 LED lampa ilə əvəz edilib.
Yeni şəbəkə əvvəlki illə müqayisədə daha etibarlı, uzunömürlü, qulluğu asan və qənaət baxımından çox əlverişlidir. Plafonların dairəvi formada olması 360 dərəcə boyunca işıqlandırmanı yüksək səviyyədə təşkil etməyə imkan verir. Həmçinin LED lampalar stansiya yolunun estetik görkəminə əlavə rəng çaları qatmaqla yanaşı, platformanın memarlıq ansamblının ümumi estetik görkəmini daha effektli edir.
Qeyd edək ki, hazırda “Cəfər Cabbarlı” və “Nizami” stansiyalarında da eyni qayda ilə işıqlanma sistemi tətbiq olunub.